“Elektron məktəb” layihəsinə qoşulan növbəti məktəbdən - Reportaj

27-05-2015 / 13:35

Xəbərlər “Təhsil müəssisələrində İKT-nin tətbiqi” layihəsini davam etdirir. Məqsədimiz təhsil müəssisələrində İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) tətbiqi, İKT-nin tədris prosesinə inteqrasiyası və ümumiyyətlə, təhsil müəssisəsinin İKT infrastrukturu haqqında məlumatları geniş auditoriyaya çatdırmaqdır. 

Layihə çərçivəsində Xeberler.az Təhsil Nazirliyinin “Elektron Məktəb” layihəsinə qoşulan təhsil müəssisələrinin İKT infrastrukturu və tətbiq sahələrini araşdırıb.

Növbəti təhsil müəssisəsi isə Nizami rayon 220 saylı məktəb-lisey oldu.

220 saylı məktəb-lisey YUNESKO-nun Assosiativ məktəblər siyahısına daxildir. Hazırda məktəb-liseydə 2064 şagird təhsil alır, 180 müəllim çalışır.

220 saylı məktəb-liseydə ümumilikdə 375 ədəd kompüter, 11 ədəd “Promethean” interaktiv lövhə və 4 ədəd mimio qurğusu quraşdırılıb. Bəzi sinif otaqlarında dərslərə nəzarət kameraları da quraşdırılıb. Məktəbdə tam kompüterlə təmin olunmuş 5 informatika otağı  var.

Məktəb-liseyin bütün sinif otaqları proyektor və kompüterlərlə təmin olunub. İnternet 71Mb/s sürətində fiber-optik xətt üzərindən daxil olur, bütün mərtəbələrə və otaqlara paylanılır.

Kompüter və İnternet şəbəkəsi ilə bağlı texniki xidmət “AzEduNet” şirkəti tərəfindən həyata keçirilir.  Müntəzəm olaraq onların işlək vəziyyətdə olması bu şirkət tərəfindən yoxlanılır, mövcud nasazlıqlar aradan qaldırılır.

Məktəb-liseydə “Promethean” interaktiv  lövhələrinin tədrisə tətbiqini öyrətmək məqsədilə “Edumedia-Azərbaycan” təşkilatı tərəfindən təlimlər təşkil olunub. Hazırda müəllim və şagirdlər rahat şəkildə lövhələrdən tədrisdə istifadə edirlər.

Müəllimlə valideyn arasında körpü yaradan e-jurnallar

"Elektron Məktəb" İdarəetmə Proqramı (ASM)

İnformasiya texnologiyalarının təhsildə sistemli tətbiqi yaxşı nəticələr əldə etməyə imkan verir. Əldə edilən nəticələr göstərir ki, informasiya texnologiyaları təhsildə mühiti tam dəyişdirir.

Məktəb-lisey 2009-cu ildən Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elektron məktəb” layihəsinə qoşulub.  Burada İKT-dən istifadə və İKT-nin tətbiqi qarşıda duran əsas istiqamətlərdən biridir.

“Elektron məktəb” sisteminin tətbiqi müəllim, şagird və valideynləri təhsil prosesinə daha fəal cəlb etməyə şərait yaradır.  Elektron jurnalın tətbiqi məktəb-liseydə idarəetmə işlərinin daha effektiv qurulmasına, uçot və nəzarət işlərinin təkmilləşdirilməsinə köməklik göstərir.

 

"Elektron məktəb" layihəsinin əsas məqsədi seçilmiş təhsil müəssisələrində informasiya texnologiyalarını müasir tələblərə uyğun olaraq tətbiq edərək tədrisin effektiv səviyyədə təşkilini və təhsilin idarəolunmasını təmin etməkdir. “Ultra” şirkəti tərəfindən Elektron Məktəb İdarəetmə Proqramı (ASM)məktəb-liseyin idarəedici heyətinə dəstək, qərarların (kriteriyalarından asılı olaraq- məktəbdaxili və ya texiki problem) qəbul edilməsi, qiymətləndirmə, planlaşdırma, proqnozlaşdırma, monitorinq və nəzarət üçün köməkçi alətləri təqdim edir.

Elektron jurnallarla bağlı problemlər http://help.etehsil.org saytında yerləşdirilir. Bu Sayta xidməti “ULTRA” şirkəti həyata keçirir.

Eləcə də, elektron jurnalların tətbiqi müəllimlərin valideynlərlə əlaqəsini asanlaşdırıb, inzibatçılara və valideynlərə şagirdlərin nailiyyətləri haqqında informasiyanı əldə etmək, tədris prosesinin monitorinqini həyata keçirmək kimi imkanlar verib.

Məktəb-liseydə məktəbdaxili qiymətləndirmə elektron formada həyata keçirildiyindən şagirdin aldığı qiymətdən valideyn dərhal xəbər tutur. Belə ki, burada valideynlər üçün ödənişli olaraq “SMS Gündəlik” xidmət sistemi həyata keçirilir. Valideynlərlə könüllü müqavilələr bağlanır və müqaviləyə əsasən şagird dərsdə iştirak etmədikdə və şagirdin bilik-bacarığı qiymətləndirildikdə dərhal valideynin mobil telefonuna avtomatik SMS göndərilir. 

Elektron Dərsləri İdarəetmə Proqramı (AeL)

Məktəb-liseydə müəllimlər təhsil üçün lazım olan bütün proqramlardan istifadə edirlər. Bunlara office proqram paketi, mimiostudio proqramı, elektron dərslərin idarə olunması proqramı, Activ Software və s. aiddir.

220 saylı məktəb-liseydə elektron idarəetmə və elektron sənəd dövriyyəsi  məktəb-liseyin bütün heyət üzvləri üçün yaradılmış standart elektron poçt ünvanı ilə həyata keçirilir ([email protected])

Hər müəllimin özünün elektron poçtu var və lazımi məlumatlar bu poçt vasitəsilə ötürülür. Müəllimlər və şagirdlər tədrislə bağlı bütün saytlardan (portal.edu.az, e-təhsil.net, bakuedu.gov.az ) istifadə edirlər.

“Fərdiləşmiş tədris” layihəsi çərçivəsində İKT avadanlığı ilə təchiz olunmuş sinif otağı

220 saylı məktəb-lisey “Fərdiləşmiş tədris” layihəsinə qoşulub. Layihə çərçivəsində müəllimlərə xüsusi təlimlər keçirilib, avadanlıq müvafiq proqram təminatı ilə təchiz edilib. “Fərdiləşmiş tədris” pilot layihəsi Təhsil Nazirliyi tərəfindən, “Aztech” və “Microsoft” şirkətlərinin Azərbaycan üzrə nümayəndəlikləri ilə birgə reallaşdırılıb. Layihə çərçivəsində məktəbin bir sinif otağı 30 planşet və 1 noutbuk ilə təmin olunub.

Bununla yanaşı məktəb-liseydə “1 şagird:1 kompüter” layihəsi də tətbiq edilir. Təhsil Nazirliyinin və İntel korporasiyasının birgə təşəbbüsü olan “1 şagird:1 kompüter” layihəsi çərçivəsində məktəblilərə həm dərsdə, həm də evdə istifadə üçün netbuklar verilib. Bu tədrisdə informasiya texnologiyalarının tətbiqini daha da effektiv edir. Layihədə  "E-learning classroom" proqram təminatından istifadə olunur. "E-learning classroom" proqramı vasitəsilə şagirdlər daha az vaxt sərf edərək həm onlayn və həm də oflayn tapşırıqları yerinə yetirir. Nəticədə onlar yeni təhsil texnologiyalarından daha çox istifadə edirlər. "E-learning classroom" proqram təminatı müəllimə rəqəmsal tədris mühitini qurmağa kömək edir.

ETwinning layihəsi şagirdlərin dərsə marağını artırır

Məktəb-lisey İKT-nin imkanlarından istifadə edərək onlayn müstəvidə müəyyən layihələr həyata keçirir.

220 saylı  məktəb-liseyin ingilis dili müəllimi, Ofeliya Qafarova bildirib ki, məktəb-liseydə ingilis dilinin tədris metodikası da fərqlənir: “Bildiyiniz kimi, Təhsil Nazirliyi təhsil sisteminin pedaqoji heyətinin İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) üzrə savadlılığının artırılması məqsədilə beynəlxalq əməkdaşlığa yönəlmiş layihələr və bu sahədə kompleks tədbirlər həyata keçirir.

Bununla əlaqədar olaraq, “eTwinning Plus” layihəsi 2013-cü ildən etibarən “Mədəd” təşkilatı tərəfindən icra olunur. Bu proqram Avropa İttifaqının “Erasmus +“ proqramının tərkib hissəsidir və pedaqoji heyətə beynəlxalq əməkdaşlıq etmək, ünsiyyət qurmaq və ortaq təhsil layihələri yaratmaq imkanı verir. Hazırda, Respublika üzrə 104 məktəb, 240 müəllim layihədə iştirak edir. 

Şagirdlər yarımqruplara bölünür və layihə üçün şagirdlər xüsusi şəkildə seçilmir. Dərslər birinci sinifdən ingilis dili yazı ilə yox, yalnız dinləmə və qavrama yolu ilə mənimsənilir. Şagird müəllimin nitqini və ya müəyyən audiovəsaitləri dinləyərək dili öyrənir. Bu metod Amerika alimlərinin hazırladığı tam fiziki cavab üsuluna əsaslanır. Yəni uşaqlar anadan olduqdan sonra yazı və oxudan istifadə etmədən 3 yaşına qədər ana dilini öyrəndikləri kimi həmin metodla xarici dili də öyrənirlər. Buna başqa sözlə “bədən dili” ilə öyrənmək də deyilir. “British Council” təlimlərində də müəllimlərə məhz bu metoddan istifadə tədris olunur. Bunun üçün müəllimlər həm öz fantaziyalarına uyğun şəkildə, həm də “British Council online” resurslarından istifadə etməklə müxtəlif əl işləri hazırlayır”.

Ofeliya Qafarova qeyd edib ki, eTwinning layihəsi çərçivəsində şagirdlər Avropa ölkələrinin şagirdləri ilə onlayn görüntülü əlaqə saxlaya bilirlər: “Burada valideynin uşaqla məşğul olmasına da ehtiyac yoxdur, çünki nəzərdə tutulduğu kimi, şagird sinifdə öyrənməlidir. Eyni zamanda dərsin quruluşu və stili kurikulum standartlarına cavab verir. Uşaqlar məktəbdə bütün dərsi qavrayır və hətta öyrəndiklərini valideynə də öyrədirlər ki, bu da onlarda özünə əminlik yaradır”.

Ofeliya müəllimənin  sözlərinə görə,  Liseyin şagirdləri Litva, Almaniya, İspaniya Norveç, Almaniya məktəbliləri ilə “Skype” vasitəsi ilə onlayn konfranslarda və birgə onlayn dərslərdə iştirak edərək Azərbaycanı və 220 saylı məktəb-liseyi yüksək səviyyədə təmsil edirlər.

Məktəb-liseydə distant təhsil mərkəzi fəaliyyət göstərir

2010-cu ildən etibarən distant təhsilin inkişaf etdirilməsi, eyni zamanda sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan şagirdlərin bu prosesə cəlb olunması ilə əlaqədar, Təhsil Nazirliyi tərəfindən “Elektron Təlimləndirən Sistemlər” məsafədən təhsil layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində 160 şagird və 40 müəllim heyətinə ən yeni texnologiya və proqram təminatları ilə təchiz olunmuş noutbuklar verilib, 160 şagirdin evinə internet xətti çəkilib, şagirdlərin dərs prosesinin idarə edilməsi məqsədi ilə Bakı şəhər 220 nömrəli məktəbdə Distant Təhsil Mərkəzi yaradılıb, mərkəzin otaqlarında yüksək sürətli fiber-optik İnternet və İntranet bağlantıları quraşdırılıb, 16 nəfərlik təlimçi heyəti hazırlanıb. Müəllim, şagird və valideynlərin təhsil prosesinə cəlb olunması üçün xüsusi (www.mesafedenmekteb.edu.az) portal yaradılıb.

 

Mirvari Nəcəf 

Fotolar, video: Nəcəf Nəcəfli

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə