“Elektron müəllim, elektron şagird, elektron valideyn”- Məktəbdən reportaj

24-04-2015 / 16:50

Xəbərlər “Təhsil müəssisələrində İKT-nin tətbiqi” layihəsini davam etdirir. Məqsədimiz təhsil müəssisələrində İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) tətbiqi, İKT-nin tədris prosesinə inteqrasiyası və ümumiyyətlə, təhsil müəssisəsinin İKT infrastrukturu haqqında məlumatları geniş auditoriyaya çatdırmaqdır. 

Layihə çərçivəsində Xeberler.az  Təhsil Nazirliyinin “Elektron Məktəb” layihəsinə qoşulan təhsil müəssisələrinin İKT infrastrukturunu və informasiyalaşma prosesini araşdırıb.

 Reportajımıza ilk olaraq Bakı Avropa Liseyindən başladıq

Bakı Avropa Liseyi 2000-ci ildən UNESCO-nun Assosiativ məktəbidir. 2007-ci ildən Bakı Avropa liseyi Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elektron məktəb” layihəsi üzrə pilot məktəb kimi fəaliyyətə başlayıb. “Elektron məktəb” layihəsinə müvafiq olaraq tədris prosesinin bütün sahələrində  İKT üzrə yeniliklərin tətbiqi liseyin əsas inkişaf strategiyasıdır. Bu yeniliklər tədris prosesində mərhələli, addım-addım tətbiq olunur. 

Lisey “Elektron məktəb” layihəsinə qoşulduğundan təhsil prosesinin çox sahələri elektronlaşıb.

“AzEduNet” şirkəti tərəfindən liseyin bütün sinif otaqları, direktor, müavinlər, müəllimlər otağı, kitabxana və bütün sinif otaqlarını əhatə edən lokal şəbəkə çəkilib. Liseydə qurulan şəbəkə avadanlığı, İP telefoniya və Video Konfrans avadanlığı AzEduNet şirkətinin Şəbəkə İdarəetmə Mərkəzindən (NOC) nəzarət və idarə olunur.

Liseydə elektron jurnalın tətbiqi ilə bağlı zəruri maddi-texniki baza yaradılıb, sürətli İnternet infrastrukturu qurulub və elektron jurnallarda qeydlərin aparılması ilə bağlı məlumatlar Elektron Məktəb İdarəetmə Sisteminə daxil edilib. Liseydə həm də pedaqoji heyətin elektron jurnaldan istifadə qaydaları ilə bağlı təlimlər təşkil olunub. 

Elektron jurnalın tətbiqi liseydə idarəetmə işlərinin daha effektiv qurulmasına, uçot və nəzarət işlərinin təkmilləşdirilməsinə köməklik göstərir.

Elektron jurnalların tətbiqi müəllimlərin valideynlərlə əlaqəsini asanlaşdırıb, inzibatçılara və valideynlərə şagirdlərin nailiyyətləri haqqında informasiyanı əldə etmək, tədris prosesinin monitorinqini həyata keçirmək kimi imkanlar verib.

Qeyd etmək lazımdır ki, Elektron Məktəbin İdarəolunmasının proqram təminatının imkanları məktəb haqqında vaxtında statistik məlumatlar əldə etməyə, bu məlumatları digər Elektron Məktəblərin statistik məlumatları ilə müqayisə etməyə, mövcud problemləri aşkar etməyə şərait yaradır, məktəbin inkişafı qarşısında yeni tapşırıqlar qoyur.
Layihənin ilk nəticələrini qiymətləndirərkən onun tədris prosesinin modernləşdirilməsi və tədris prosesinin keyfiyyətinin artırılması nöqteyi-nəzərindən əhəmiyyətini vurğulamaq lazımdır.
Buraya, həmçinin şagirdlərin öyrədici fəaliyyətə, valideynlərin öz övladlarının tədris prosesinin monitorinqinə cəlb olunma, tədris prosesinin idarəolunması üçün statistik məlumatların bir bazada toplanmasını da aid etmək olar.

Tədris prosesində “Elektron məktəb” layihəsinin tətbiqi nəticəsində təhsildə İKT-dən istifadədə irəliləyişlər, daha dəqiq desək, tədris prosesində və sinifdənkənar fəaliyyətdə kompüter texnologiyalarından geniş və sistematik istifadə müşahidə olunur.

Elektron jurnalların mütəmadi olaraq monitorinqi həyata keçirilir. Ultra Technologies şirkəti tərəfindən Elektron Məktəb İdarəetmə Proqramı liseyin idarəedici heyətinə dəstək, qərarların qəbul edilməsi, qiymətləndirmə, planlaşdırma, proqnozlaşdırma, monitorinq və nəzarət üçün köməkçi alətləri təqdim edir. 

Liseydə 100 ballıq qiymətləndirmə sistemi tətbiq olunur. Şagirdlərin bilik bacarıqlarının qiymətləndirməsi elektron jurnalda aparılır, şagirdlərin qiymətləri valideynlərə İnternet və mobil telefonlar vasitəsilə çatdırılır.
Bu da müəllimlərin valideynlərlə əlaqəsini asanlaşdırıb, inzibatçılara və valideynlərə şagirdlərin nailiyyətləri haqqında informasiyanı əldə etmək, tədris prosesinə nəzarəti həyata keçirmək kimi imkanlar verir.
Valideyin nəzarət sistemi vasitəsilə valideyinlər övladının naliyyətinə nəzarət edə bilər.

Liseydə valideynlər üçün “SMS Gündəlik” xidmət sisteminin həyata keçirilməsi ilə əlaqədar konüllü müqavilələr bağlanıb. “Elektron Gündəlik” sisteminə əsasən, şagird dərsdə iştirak etmədikdə və şagirdin bilik-bacarığı qiymətləndirildikdə dərhal valideynin mobil telefonuna avtomatik SMS göndərilir.
Qeyd edək ki, “SMS Gündəlik” xidməti ödənişli qaydada həyata keçirilir.

Liseydə elektron idarəetmə və elektron sənəd dövriyyəsi “Microsoft Azərbaycan” şirkəti tərəfindən liseyin bütün heyət üzvləri üçün yaradılmış standart elektron poçt ünvanı ilə həyata keçirilir ([email protected])

Liseyin İKT üzrə  direktor müavini Rahilə Əliyarzadə qeyd edir ki, son illərdə Bakı Avropa Liseyində tədris prosesinin bütün sahələrində  IKT tətbiq edilir. Liseydə rəqəmsal bacarıqların inkişafı məqsədi ilə müxtəlif  veb alətlərdən, resurslardan və İKT vasitələridən istifadə olunur.

Rahilə Əliyarzadə 1999-cu ildən Liseyin nəzdində fəaliyyət göstərən “İnteraktiv Təlim Mərkəzi”ndən danışır:“Mərkəzin məqsədi müəllimlərin təkmilləşdirilməsi zamanı təhsil sahəsində olan yeniliklərlə tanış etmək,  interaktiv təlim texnologiyaları ilə işləmək, İKT-nin tədris prosesində tətbiqini həyata keçirmək üçün vacib olan bacarıqları formalaşdırmaq, müəllimlərə elmi-metodiki dəstək göstərməkdir”.

“İnteraktiv Təlim Mərkəzi” nin fəaliyyəti çərçivəsində interaktiv lövhə və qurğuların tədris prosesində istifadəsi, elektron İnteraktiv resursların yaradılması, “1 şagird:1 kompüter” layihəsi çərçivəsində virtual sinif otaqlarında dərslərin keçirilməsi, veb alətlərin və bulud texnologiyasının tədrisdə istifadəsi, orta məktəb müəllimləri üçün fənn Kurikulumu və Fəal/İnteraktiv təlim kursu üzrə təlimçilərin hazırlanması kimi işlər həyata keçirilir”.
Mərkəzin Elmi-metodiki şurası da mövcuddur. Liseyin direktoru Zülfiyyə  Veysova Şuranın rəhbəridir. Şurada treninq proqramlarının və materialların işlənib hazırlanması, treninqlərin planlaşdırılması və keçirilməsi, monitorinq, qiymətləndirmə üçün üsul və vasitələr, monitorinqlər və kliniki müşahidələrin keçirilməsi və elektron-interaktiv resursların işlənib hazırlanması kimi məsələlər müzakirə olunur.

"Qoşul və işlət" imkanına malik olan Labdisc texnologiyası

Liseydə Globisens Labdisc cihazlarından istifadə olunur.

Liseydə cihazın tədrisə tətbiqini öyrətmək məqsədilə “Edumedia-Azərbaycan” təşkilatı tərəfindən təlimlər təşkil olunub.Labdisc avadanlığı vasitəsilə müəllimin tək bir kompüterindən sinfin interaktiv lövhəsi ilə simsiz kommunikasiya yaratmaq olar. Əl ölçüsündə olan Labdisc məlumat qeydiyyat qurğusu tək, simsiz qurğudur və 15 ədəd daxilə quraşdırılmış simsiz sensorlarla tam bir laboratoriya kimi fəaliyyət göstərir. Blutuz vasitəsilə simsiz kommunikasiya məktəbin bütün əsas texnologiya və qurğuları ilə tam inteqrasiya olunur. Kompüterlər, netbuklar, interaktiv lövhələr və planşetlərə qoşulmaqla sistem kabelsiz laboratoriya şəraitində yüksək interaktivlik təmin edir. 

Liseyin Biologiya müəllimi Olqa Hümbətovanın  dərs prosesində keçilən  mövzuya uyğun olaraq şagirdlərlə bilikdə Labdisc avadanlığı vasitəsilə müxtəlif təcrübələr aparır.

Liseyin tədris  prosesində “Promethean” texnologiyalarından geniş istifadə edilir. O cümlədən “Promethean” interaktiv lövhələr, müxtəlif interaktiv avadanlıqlar – “Active View” və “Active Expression”, “Class Flow” virtual məkanı və s. müasir texnologiyalar dərsdə müəllim və şagirdlər tərəfindən fəal istifadə olunur.

“Şagirdlərdə Elektron lövhələrdən istifadəyə maraq çox güclüdür”

Liseyin Azərbaycan dili müəllimi Hidayət Allahverdi siniflərdəki “Promethean” interaktiv lövhədən tədris  prosesində istifadənin bütün sinfin dərs prosesinə fəal cəlb edilməsinə şərait yaratdığını qeyd etdi.

Müəllim Hidayət Allahverdinin sözlərinə görə, şagirdlər elektron lövhələr və digər İKT avadanlıqlarından istifadəyə çox böyük maraq göstərirlər. Onların bu şəkildə biliklərə yiyələnməsi zamanın tələbidir. 

Dərs zamanı sinif otağında istifadə edilən “Active expression” qurğularının köməyi ilə şagirdlər sorğuya cəlb olunur və hamının bu sorğuda iştirakına şərait yaradılır. Şagirdlərə ayrılan vaxt ərzində onlar müxtəlif tip  tapşırıq və sualları cavablandırır, avtomatik qiymətləndirmə aparılır. Həmçinin, cavabların neçə faizinin doğruluğu, şagirdlərin  hansı suala hansı səviyyədə cavab verməsi variantı müəyyən edilərək avtomatik təhlil olunur.

Liseydə istifadə olunan digər bir qurğu da “Active view” qurğusudur. ActivView vizual təqdimat cihazıdır.“Active view” texnologiyası vasitəsilə müəllim şagirdlərin dəftərdə(iş dəftərində , kitabda) yerinə yetirdiyi qeydləri və tapşırıqları böyük ölçüdə ekranlaşdırılmış vəziyyətdə bütün sinfə təqdim edir. Beləki, interaktiv lövhədə şagirdin dəftəri nümayiş olunur və məqsədə uyğun olaraq üzərində qeydlər edilir. Müəllim  qeydlərini rahat şəkildə elektron qələmlə işarələyir, lazim olan qeydi və obyekti böyüdərək  şagirdlərin diqqətinə çatdırır.

Bakı Avropa Liseyi “1şagird: 1kompüter” pilot layihəsinə 2008-2009-cu tədris ildən qoşulub

1 şagird:1 kompüter” layihəsi çərçivəsində fərdiləşmiş təhsil formalaşır. Lahiyə çərçivəsində şagirdlər netbuklarla təmin olunub. Layihədə  "E-learning classroom" proqram təminatından istifadə olunur. "E-learning classroom" proqramı vasitəsilə şagirdlər daha az vaxt sərf edərək həm onlayn və həm də oflayn tapşırıqları yerinə yetirir. Nəticədə onlar yeni təhsil texnologiyalarından daha çox istifadə edirlər."E-learning classroom" proqram təminatı müəllimə rəqəmsal tədris mühitini qurmağa kömək edir.

Bakı Avropa liseyində 1121 şagird təhsil alır və 100 nəfər müəllim çalışır. Liseydə 69 kompüter , 34 ədəd noutbuk, şagirdlər üçün  265 ədəd netbuk var. Siniflərdə ümumilikdə 38 ədəd proyektor, 10 ədəd interaktiv lövhə (8 ədəd Promethean, 1ədəd Star Board ) və interaktiv qurğular (9 ədəd  Mimio qurğu) quraşdırılıb. Bəzi sinif otaqlarında dərslərə nəzarət kameraları da quraşdırılıb.

Liseyə giriş-çıxış “Elektron keçid kartları” ilə həyata keçirilir. Şagirdlər və lisey heyəti müvafiq elektron kartlarla təmin edilib. 

Məktəbə İnternet 30-40 Mb/s sürətində fiber-optik xətt üzərindən daxil olur və bütün mərtəbələrə və otaqalra paylanılır. 

Bakı Avropa Liseyi 2013-cü ildən Təhsil Nazirliyi və “MƏDƏD- Azərbaycan” təşkilatının dəstəyi ilə Avropa İttifaqının e-Twining proqramına qoşulub. E-Twinning Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsidir və pedaqoji işçilərə onlayn ünsiyyət qurmaq, əməkdaşlıq etmək, layihələr yaratmaq, icra etmək və Avropada ən maraqlı öyrənmə icmasının bir hissəsi olmaq imkanını verir.

Bakı Avropa Liseyinin ingilis dili müəllimi Əhədova Mətanət artıq 2 ildir ki, müxtəlif layihələrdə öz şagirdləri ilə Azərbaycanı təmsil edir və Avropa məktəbliləri ilə onlayn ünsiyyət quraraq mədəniyyət, təhsil və adət-ənənələrə dair layihələrdə iştirak edir.
Mətanət müəllimin  sözlərinə görə,  Liseyin şagirdləri Polşa, Türkiyə, Gürcüstan, Bolqarıstan, Norveç, Almaniya məktəbliləri ilə “Skype” vasitəsi ilə onlayn konfranslarda və birgə onlayn dərslərdə iştirak edərək Azərbaycanı və Bakı Avropa Liseyini yüksək səviyyədə təmsil edirlər.

“İKT Masterlər Təşkilatı”

Bakı Avropa liseyində 2012-ci ildən UNESCO-nun “Learning For the Future” İKT layihəsi çərçivəsində “İKT Masterlər Təşkilatı” yaradılıb və təşkilatın  rəhbəri Rahilə Əliyarzadədir.“İKT Masterlər Təşkilatı”nın prezidenti Bakı Avropa Liseyinin 2013-cü ilin məzunu, Kanada Waterloo Universitetinin tələbəsi İbrahimli Vüsal bizə təşkilatın əsas məqsədindən və görülən işlərdən danışır: “Məqsədimiz şagirdlərin İKT bacarıqlarını artırmaq, onların İKT sahəsindəki yeniliklərə yiyələnməsi, digər həmyaşıdları ilə öyrəndiklərini xüsusi təlim və master klaslar vasitəsilə bölüşməkdir”. İKT masterlər yalnız şagirdlərə deyil həm də müəllilərə də təlimlər keçiblər.

Vüsal bizi bir yeniliklə də tanış etdi:  10-11 aprel 2015-ci il tarixlərində Bakı Avropa Liseyinin “İKT Masterlər təşkilatı”nın şagirdləri  Azərbaycan Dövlət İqtisad Universitetinin “SABAH” qruplarının II kurs tələbələri üçün 2 günlük təlimlər həyata keçirilib. “Müasir texnologiyalar gəncdən-gəncə” adlı bu 2 günlük əməkdaşlıq təlim layihəsi sayəsində  tələbələr bir sıra yeni İKT bacarıqlarına yiyələniblər. Nəticədə veb alətlərin köməyi ilə tələbələrin hazırladığı rəqəmsal resurslar onlayn məkanda paylanşılıb”.

Süleymanov Allahverdi tərəfindən yaradılmış “İKT Masterlər təşkilatı”nın emblemi sonralar müxtəlif ölkələrdən olan çoxsaylı iştirakçılar arasında UNESCO “Gələcək  üçün Təhsil” layihəsinin emblem müsabiqəsində qalib olmuşdur. Bu emblem UNESCO “Gələcək üçün Təhsil” layihəsinin rəsmi emblemi kimi irəli sürülüb.

Liseyin saytını yeniləyən 6-cı sinif şagirdi

Onu da öyrənirik ki, liseyin Windows 8.1 üzrə ən gənc və  fəal mütəxəssisi Hacıyev Hüseyn həm də “İKT Masterlər Təşkilatı”nın üzvüdür. Hüseyn “Microsoft  Azərbaycan” şirkətində müsahibəni uğurla keçib. Kiçik yaşlı olmasına baxmayaraq o, Bakı  Ekspo Mərkəzində keçirilən BakuTel-2013 sərgisi (19-cu Beynəlxalq  İKT sərgisi) üzrə “Microsoft Azərbaycan” şirkətinin “demo- promouter”i seçilib.  Hacıyev Hüseyn həm də liseyin saytının (http://eurolyceum.az) yenilənməsində yaxından iştirak edir.

Texniki xidmət haqqında

İKT üzrə direktor müavini Rahilə Əliyarzadənin sözlərinə görə,  liseydə mövcud kompüterlərin sıradan çıxmış detallarının yeniləri ilə əvəzolunması üçün  TN-in Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin “146” Qaynar Xətt xidmətinə müraciət edilir və  texniki xidmət dəstəyi göstərilir. Kompyuter və İnternet şəbəkəsi ilə bağlı texniki xidmət “AzEduNet” şirkəti tərəfindən həyata keçirilir.Elektron jurnallarla bağlı problemlər http://help.etehsil.org saytında yerləşdirilir. Bu Sayta xidməti “ULTRA” şirkəti həyata keçirir.

İKT üzrə direktor müavini Rahilə Əliyarzadənin sözlərinə görə, Liseyin müəllim və şagirdləri hər il bir sıra İKT sahəsində beynəlxalq və yerli layihələrə, konfranslara, vebinarlara, müsabiqələrə və s.qatılaraq həm liseyin həmdə respublikanın adını ucaldırlar. Bu müsabiqələrin bəzilərini sadalamaq istərdim: “Elektron Təhsil Respublika Musabiqəsi”,  Microsf-İnnovativ müəllimlər müsabiqəsi, İntel İSEF–“Sabahin alimləri” müsabiqəsi, və s. 

Rahilə Əliyarzadə qeyd etdi ki, UNESCO-nun “Learning For the Future” layihəsi çərçivəsində Azərbaycanda ilk dəfə olaraq Bakı Avropa Liseyinin İKT Masterlər təşkilatının  üzvləri tərəfindən Rusiya, Ukrayna, Qazaxıstan və Qırğızıstanın dörd partnyor məktəblərindən olan müəllim və şagirdlərin iştirakı ilə “Tədris prosesində rəqəmsal hekayələrin yaradılmasının rolu və  əhəmiyyəti” mövzusu üzrə vebinar  keçirilmişdir.
Onlayn seminarda İKT Masterlər rəqəmsal hekayələrin yaradılması üsullarını nümayiş etdirmiş, tədrisdə rəqəmsal hekayələrin yaradılmasının forma və əhəmiyyətindən bəhs etmişlər.
Onlayn seminarın vəzifəsi, müasir internet texnologiyalarından, mobil cihazlardan və digər  kompyuter texnologiyalarından istifadə edilməklə tədris prosesində rəqəmsal resursların  yaradılması metodologiyasının tətbiq edilməsi ilə digər məktəblərdən olan müəllim və şagirdləri cəlb etməkdən ibarət idi.

Partnyor məktəblərin şagirdlərinin yaratdığı rəqəmsal resurslar Bakı  Avropa Liseyi tərəfindən təklif olunan onlayn sferada yerləşdirilmişdir. Bakı Avropa Liseyi tərəfindən həm  vebinarda iştirak edən portnyor məktəblərin şagirdləri, həm də vebinarın aparıcıları sertifikatlarla təltif olunublar.

UNESCO “Gələcək üçün Təhsil” çərçivəsində 2013-cü ildən Bakı Avropa Liseyində GlobalLab layihəsi elan edilib. Layihədə Bakı Avropa Liseyindən 78 şagird və bir neçə müəllim uğurla iştirak edib sertifikatlarla təltif olunublar. Liseyin biologiya müəllimi O. Hümbətova “GlobalLab”layihəsində keçirilən pedagoji tədqiqatda iştirak edib və I yerə layiq görülüb.

Rahilə Əliyarzadə onu da xatırladır ki, “GlobalLab” onlayn platformasında Bakı  Avropa Liseyinin İnformatika fənn müəllimi Hacıyeva İlhamənin rəhbərliyi altında liseyin şagird komandası müxtəlif ölkələrdən iştirak edən 70 komandanın içərisində müsabiqənin qalibi olub.  Bu qələbəyə görə  liseyin “Baku Junior Einstains” komandası “Globallab”ın 2015-ci ilin “Yay ekspedisiyası” alt-layihəsinin siması kimi çıxış edəcək.

 

Mirvari Nəcəf

Fotolar və video: Nəcəf Nəcəfli, Tərlan Yusif


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə