Elektron mətnləri haradan oxuyaq?

01-12-2015 / 10:46

Zaman ötdükcə insanlar oxumaq üçün elektron vəsaitlərə daha çox müraciət etmək məcburiyyətində qalırlar.

Xeberler.az olaraq, kitab oxumağı, ümumiyyətlə, oxumağı sevən insanlar üçün onların öyrəşdiyi kağızları xatırladan texnologiyalardan istifadə edən elektron kitab oxuma qurğularından və ya qısaca elektron oxuculardan bəhs edəcəyik.

Elektron kitab, qəzet və jurnallar artıq ölkəmizdə də kifayət qədər oxucunun müraciət etdiyi vəsaitlərdir. Kompüter, smartfon və ya planşetlərimiz yüksək keyfiyyətli ekranlara belə sahib olsalar, onlardan uzun müddət oxumaq üçün istifadə etmək olduqca yorucu olur.

İlk dəfə elektron oxucular haqda fikirləri 1930-cu ildə Bob Brown öz “Oxunanlar”(The Readies) kitabında irəli sürür. Zamanla elektron kitab və elektron oxucu texnologiyası inkişaf edir. Lakin bizim bu gün gördüyümüz, görüntüsü adi kağızı xatırladan elektron kağız texnologiyasından istifadə edən ilk elektron oxucu Sony LIBRIe 2004-cü ildə Sony, Philips və E-İnk şirkətlərinin birgə əməyi kimi ortaya çıxıb.

Məhz bu texnologiyanın tətbiqi davam edən illərdə elektron oxucularının populyarlaşmasına səbəb olub. Bu cür ekranlarda görüntü adətən yalnız ağ-qara olur, lakin rəngli ekrana sahib olan cihazlar da mövcuddur.

Elektron oxucuların üstünlüyü nədədir?

Əlbəttə, ən vacib cavabı elektron kağız texnologiyasından bəhs edərək verdik. Növbəti üstünlüyü odur ki, siz bir elektron oxucuya yüzlərlə, hətta minlərlə mətn, kitab toplaya bilərsiniz. Uzunmüddətli enerji tutumuna malikdirlər, bir tam enerji dolumundan sonra günlərlə istifadə etmək olar. Hərflərin ölçüsü istəyinizə uyğun kiçildib böyütmək də mümkündür. Adətən son dövrlərdə istehsal edilmiş cihazların əksəriyyəti toxunaqlı ekrana sahib olsa da, köhnə modellərdə və bəzi yeni modellərdə düymələrlə idarəetmədən istifadə edilir.

Bu cihazlarda “rəflər” yaratmaq, oxunan kitabda qaldığınız yeri yadda saxlamaq, vacib yerləri işarələmək mümkündür. Hətta bəzi cihazlarda işarələdəyiniz yerlər avtomatik olaraq bir faylda toplanır ki, bu da gələcək onları axtarmaq üçün əlavə vaxt itirməyin qarşısını alır.

Əhəmiyyətli bir digər məqam isə bu cihazların internetə qoşula bilməsidir. Elektron oxucuların bir çoxu Wi-Fi texnologiyası ilə təchiz edilir, hətta bəzilərində 3G texnologiyasından da istifadə edilir. Siz bununla müxtəlif saytlara daxil olub oradakıları yazıları oxuya, işarələdiyiniz yerləri, kitab haqqında fikirlərinizi, qeydlərinizi sosial şəbəkələrdə paylaşa bilərsiniz

Bir sıra cihazlara lüğətlər yükləmək mümkündür. Xüsusilə, xarici dil öyrənən şəxslər elektron oxucuya lazımi izahlı lüğəti yüklədikdən sonra oxuduğu mətndə hansısa sözü seçdikdə açılan pəncərədən onun izahı oxuya bilər. Həmçinin bəzi cihazlara tərcümə lüğətləri yükləmək, avtomatik tərcümədən faydalanmaq da mümkündür.

Müxtəlif şirkətlər müxtəlif elektron kitab formatlarından istifadə edirlər. Ən çox istifadə olunanlardan MOBİ və EPUB kimi formatların adını çəkmək olar. Lakin istehsalçıların öz proqram təminatlarından və ya “calibre” kimi proqramlardan istifadə etməklə kitabları müxtəlif formatlara çevirə, onları elektron oxucuya göndərə və ya oxucudakı kitabları silə bilərsiniz.

Elektron mətn, kitablar oxuyan insanlar üçün bu elektron oxucular öz geniş texnoloji imkanları ilə birlikdə olduqca əlverişli və faydalı cihazlardır. Nəzərə alsaq ki, gələcəkdə elektron mətnlərə daha çox müraciət etməli olacağıq, bu cihazlardan birinə sahib olmaq olduqca faydalı olardı.

Azərbaycan daha çox rastlaşa biləcəyiniz elektron oxucular Amazon Kindle, Sony Reader, PocketBook cihazlarıdır. Qiymətləri 100-300 manata aralığında dəyişir.

Murad Məmmədzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə