“Enterprise Azerbaijan” portalının “Startup School” layihəsinin qalibləri məlum olub

19-05-2023 / 23:29

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalı ilə ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzinin birgə təsis etdiyi “Startup School” layihəsinin ilk Məzun günü olub. Bu münasibətlə keçirilmiş mərasimdə dövlət rəsmiləri və hökumət nümayəndələri, deputatlar, startap ekosisteminin fəalları, xarici ölkələrdən gəlmiş qonaqlar, özəl sektorun təmsilçiləri və digər şəxslər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Məzun gününün rəsmi açılışında İİTKM-in icraçı direktoru Vüsal Qasımlı, Özmən Sahibkarlıq Mərkəzinin direktoru Mehmet Serkan Tosun və “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva çıxış ediblər. Çıxışçılar layihə barədə ətraflı məlumat verib, müsabiqəyə təqdim edilmiş startapların uğurlu olduğunu bildiriblər.

Mərasimdə müsabiqəyə təqdim olunmuş və sonuncu mərhələyə qədər gəlib çıxmış layihələrin müəllifləri öz startapları barədə təqdimatlar ediblər. Bu təqdimatlar əsasında münsiflər heyəti qalibləri müəyyənləşdirib. Bu qiymətləndirmə əsasında birinci yerə “Abroadventure” (sosial sahə üzrə), ikinci yerə “Metatesk” (təhsil sahəsi üzrə), üçüncü yerə isə “E-Legal” (hüquq sahəsi üzrə) komandaları layiq görülüblər. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ilk üç yerin sahiblərinə diplomlar və mükafatlar təqdim ediblər.

Həmçinin “Ən yaxşı ideya” nominasiyanın qalibi də müəyyənləşib. “Əkinçi” komandası (yaşıl texnologiyalar sahəsi üzrə) bu nominasiyada rəqiblərindən fərqlənərək, birinci olub. Bu yerin sahibinə isə mükafatı KOBİA-nın İdarə Heyətinin sədrinin birinci müavini Natiq Həsənov təqdim edib.

Ümumilikdə, “Startup School”un bütün məzunları beynəlxalq səviyyəli iştirakçı sertifikatları ilə təltif olunublar.

Mərasimdə İİTKM-in icraçı direktoru Vüsal Qasımlı “Startup School”un təlimçilərinə - Mətt Vestfield (ABŞ), Pavel Pietrasienski (Polşa), Melike Aktaş Bozkurt (Türkiyə), Vüqar Rüstəmliyə (Azərbaycan) sertifikatlar verib.

Mərkəzin rəhbəri bağlanış çıxışında “Startup School” layihəsinin öz məqsədinə çatdığını və startap ekosisteminə özünəməxsus töhfələr verdiyini bildirib.

Qeyd edək ki, “Startup School” layihəsi Azərbaycanda startap ekosisteminin inkişafına dəstək vermək, yerli startapçıların qlobal tendensiyalara inteqrasiyasını sürətləndirmək, innovasiyaları inkişaf etdirmək üçün gənc startapçıları nəzəri və təcrübi biliklərlə təmin etmək, daha çox gəncin ideyalarını reallığa çevirmək, gənclərə innovativ sahibkarlıq ruhunu və mədəniyyətini aşılamaq, startapların yerli və xarici investorların diqqətinə çatdırılmasına yardım etmək və beləliklə, kiçik və orta biznesin böyüməsini stimullaşdırmaq məqsədilə təsis olunub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə