Bildiyimiz kimi, sosial şəbəkələrdən bir neçə məqsədlə istifadə olunur. Məqsədindən asılı olmayaraq müxtəlif şəxsləri bir araya gətirən bu onlayn mühit, kimi üçün iş yeri, kimi üçün gözəl PR vasitəsi, kimi üçün dostlarla əlaqə, gündəmi izləmək üçün vasitə, kimisi üçün isə tanışlıq məkanıdır. Gündəlik həyatında bu halları müşahidə edən “Mənim 100-lüyüm”dən soruşduq:
Sizcə, Sosial şəbəkələrdən istifadənin faydalı iş əmsalı kimlər üçün daha böyükdür?
80 nəfərin iştirak etdiyi sorğunu seçdiyimiz 10 şərhlə sizə təqdim edirik.
-45 şəxs: İş adamları; fəaliyyət, tanıtım və əlaqələr üçün.;
-20 şəxs: Gündəmlə maraqlanan şəxslər; Ölkədaxili və xarici məlumatları tez öyrənmək üçün.;
-3 şəxs: Reklam şirkətləri; qazanc üçün.;
-2 şəxs: Sosial şəbəkədə mövcudluğunu idarə etməyi bacaranlar üçün;
-2 şəxs: Niyyətdən asılı olaraq dəyişir;
-2 şəxs: Heç kim; sosial şəbəkələrdən istifadə etməmək faydalı iş əmsalını daha çox artır;
-2 şəxs: Subaylar; öz yarını tapmaq üçün;
-4 şəxs də onlayn satış, abiturientlər, evdar qadınlar,sosial mesaj vermək istəyənlər deyə müxtəlif varianlar qeyd etdi.
Şəfi Şəfiyev: Sosial şəbəkələr ağıllı insanlar üçün çox yaxşı tanıtım imkanıdır. Biznes sahibləri üçün, siyasətçilər üçün kifayət qədər böyük reklam auditoriyasıdır. Amma düşünürəm ki, Azərbaycanda bundan yararlana bilmirlər, çünki insanlar bir növ sosial şəbəkə mədəniyyəti ilə tanış deyil. Onlar bu reklamı insanların hisslərinə toxunmaqla edir, bir sıra yanlışlıqlara yol verirlər. Bir tərəfdən də reklam şirkətləri və reklam banneri ilə büdcələrini quran saytlar üçün sosial şəbəkələrin mövcudluğu mənfi təsir edir. Düzdür, onlar da özlərini burda reklam eləsələr də, bu o dərəcədə effektli olmur.
Elnur Camal: 2. Çünki bir çox avtoritar və totalitar rejimli ölkələrdə alternativ və dolğun informasiya mənbəyi sosial şəbəkələrdir. Ümumi olaraq buna informasiyanın sürətli və rahat şəkildə almaq istəyən şəxslər deyə bilərik.
Samir Əsədli: Sosial şəbəkənin imkanlarından istifadə etməklə partiyamızın melumatlarını cəmiyyətə və KİV-ə çatdırırıq. Həmçinin, partiyaya bağlı şəxsləri cəmiyyətə tanıtdırıb, onları təbliğ edirik. Xüsusən seçkilər zamanı namizədlərimizi daha çox auditoriyaya tanıtdırmaqda sosial şəbəkərin imkanları daha çoxdur. Əvvəllər faks ve e-maildən istifadə edirdiksə, indi sosial şəbəkələrin imkanları daha çoxdur. Fəaliyyetimiz siyasi olduğundan bu bizim üçün faydalı iş əmsalıdır, bir sözlə, işimizi asanlaşdırır. Qapalı ve açıq qruplarda üzvlər və digər siyasi şəxslərlə müzakirələr apararaq, mövqe öyrənib, mövqe sərgiləyirik. Bundan əlavə baş hadisələrdən tez xəbər tutmağa da imkan yaradır, məlumat bazamızı artırırıq. Ölkədə, dünyada baş vərən hadisələrdən tez xəbər tuturuq.
Əbülfəz Sadiqbəyli: İkinci cavabı seçdim. Fikrimcə, sosial şəbəkələr günümüzün ən sürətli informasiya vasitəsinə çevrilib. İstər daxili, istərsə də xarici xəbərlərin və məlumatların yayılmasında, baş vermiş hadisələrin sürətli geniş kütləyə çatdırılmasında xəbər portallarından daha çox faydalıdır sosial şəbəkələr.
Etibar Salmanlı: Sosial şəbəkələrin əsas üstünlüyü məlumatın əlçatımlığını rahatlaşdırmaqdır. Hansısa bir həştəqlə yazılan məlumat dünyanın hər nöqtəsinə problemsiz çatır. Əgər düzgün istifadə edilsə hansısa məhsulun və ya şəxsin reklamı üçün əvəzedilməzdir. Öz təcrübəmbən bilirəm.
Rəşid Mustafazadə: Bu suala ritorik sualla cavab verərdim. Niyə toyuq yumurtası qaz yumurtasından daha yaxşı satılır? Cavab: Çünki, toyuq işini bitirər-bitirməz qaqqıldamağa başlayır. Bu səbəbdən də birinci variant.
Ülviyyə Alixanova: Hər variantdan bir az var təbii ki. Amma baxır məsələyə hansı ölkədə baxırsan. Mənə görə sosial şəbəkələr daha çox bizdə onlayn parfüm və geyim satış mərkəzinə dönüb. Geridə qalan normal kütlə də tanıtım, əlaqə, reklam üçün istifadə edir.
Aferim Vüqar: Əvvəllərə, yəni 2-3 ilə nisbətən daha maraqlı olub, ən azından tanışlıq üçün yazıb bezdirənlər azalıb, "facebook" mənasızdır deyən evdar xanımlar ailəvi müzakirələri artıq burada edirlər. Ancaq, məncə, ən yaxşısı təşkilatların işidir. Məhz təşkilatların buradan apardıqları kompaniyalar ( yardım, xeyriyyə) əksər vaxtlar uğurlu bitir. Ona görə mən tanıtım məqsədi ilə social şəbəkələrdən istifadənin tərəfdarıyam.
İlahə Səmədli: Sosial şəbəkələrdən doğru istifadə edə bilən hər kəsin faydalı iş əmsalı yüksəlir. Həm vaxtına qənaət etmiş, həm də məqsədinə çatmış olur. Fərqi yoxdur qarşısına qoyduğu məqsəd reklamdır, biznesdir, resept axtarışıdır və ya elə yar tapmaq. Fərqi yoxdur məqsədin nədir, əsas odur ki, doğru istifadə etməyi biləsən.
Pərviz Əzimov: Subaylar, öz yarını tapmaq üçün. Bu gün Azərbaycanda, demək olar ki, heç bir normal sosial mühit yoxdur. Gənclər üçün təqribən yeganə ünsiyyət vasitəsi buradır. Ona görə də, subaylar daha aktivdir. İş məsələsinə gəldikdə isə feysbukun ödənişli reklam gəliri ötən il 1.5 milyard dollar olub. Məncə, bu hər şeyi deyir.
Həm sorğu nəticələrindən, həm də şərhlərdən müəyyən olur ki, social şəbəkələr iş adamlarının faydalı iş əmsalını artırır. Onlara tanıtım, əlaqələr üçün əvəzedilməz yardımçı vasitədir. Onda elə kiçik sahibkar Cavid Salmanovun da fikirlərini öyrənək.
"Sosial şəbəkələrdən istifadənin faydalı iş əmsalı kimlər üçün daha böyükdür?" soruşduq və üstünlük iş adamları, tanıtım üçün dedi. Bəs siz bir iş adamı olaraq sosial şəbəkələrdən necə yararlanırsız?
Cavid Salmanov: Reklam üçün sosial şəbəkələr əvəzsiz vasitədir və biz də bu üstünlüklərdən istifadə etməyə çalışırıq. Bazarı izləməyə və rəqabət mühitində fərqlənməyə çalışırıq. Mənim əsas işim restoran işidir. Ona görə də tanıtıma sırf özüm nəzarət edirəm. Öz işimin həm də sosial media meneceriyəm.
Faydalı iş əmsalı iş adamları üçün böyük olsa da, günümüzdə müxtəlif adlarla, ləqəblərlə sosial şəbəkələrdən istifadə edənlər də az deyil. Məsələn:
Alişka Cibi Dolu Semişka
Ay Səni Doşan Yesin
Balam Darda, Mən Qəlyanda
Küsəyən Gözəl
Nazir Balası Nazir
Olduda Balam Zəngləşərik
Paren Molodoy Sertsa Zalotoy
Romantik Avara
Səni Sənsiz Sevdim
Vidsiz Balam
“Sevgi yalandır, ürəyə ziyandır” adlı bir istifadəçidən sosial şəbəkələrdən daha çox nə məqsədlə yararlandığını, adını niyə belə qeyd etdiyini soruşduq. Cavabı: Belə ad fərqli olur, əvvəllər bircə məndəydi, sonradan artdı. Dostlarla danışırıq, nə bilim, şəkil paylaşıram, gün keçir.
Həmişəki kimi müxtəlif cavablar sonda yenə bir fikirdə kəsişir: Doğru istifadə. Zamanımızı və planlarımızı düzgün qurduqda sosial şəbəkələr hər birimizin faydalı iş əmsalını kifayət qədər artıra bilər.
Günel Hacı
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri