Azərbaycanda sosial şəbəkələrə xüsusilə, Facebook-a maraq 2008-ci ildən yaranmağa başlayıb. Həm vizuallıq, həm istifadəçiləri üçün mütəmadi olaraq yaratdığı yeni funksiyaları ilə həm də üzvlərinin istifadəsi baxımdan Facebook “ inkişaf erası”-dan keçib deyə bilərik. İlk yarandığı zamanlar da sadəcə ünsiyyət üçün nəzərdə tutulan, ancaq indi hər hansı bir mövzu haqqında araşdırma edərkən ilk müraciət etdiyimiz yerlərdən biri olan Facebook bu gün ciddi mövzuların müzakirə məkanına çevrilib. Bir neçə il öncəyə qayıdıb Facebook-da nələrin dəyişdiyini öyrənmək istəyirsinizsə, “Mənim 100-lüyüm”-ün cavabları sizlər üçündür.
“Mənim 100-lüyüm”dən seçilmiş 10 şərhi sizlərə təqdim edirik:
Aydan Sultanlı: 2010-cu ildən Facebook istifadəçisiyəm. Belə başlayaq ki, ilk başlarda insanlar Facebook-u başqa məqsədlə istifadə edirdilər, daha aydın desək, məqsədləri yox idi. Yeniliyə toplu qaçış oldu. Böyük bir sosial şəbəkədə heç bir məlumatı olmayan kəslər nə edə bilərdi ki. Qızlar öz şəkillərini paylaşmırdı. Profil şəkilləri adətən xarici aktrisalar olurdu. Baxmayaraq ki ,bu hələ də var,amma təbii ki yüksək faizdə deyil. İndi insanlar Facebook-dan daha məqsədli şəkildə istifadə edir.
Elvin Cəbizadə: Əvvələ baxanda hazırda sosial şəbəkələrdə istifadəçi sayı artdığına görə, eyni zamanda bayağılıq da artıb. Bayağı vəziyyətlər ətrafımızda az ola bilər, amma yüz minlik səhifələrdə yüzlərlə bayağı rəy, mövzulara akrobatik şərh bunu deməyə imkan verir. Amma az da olsa sosial şəbəkələrdən istifadə mədəniyyəti formalaşır. Həm də indi sosial şəbəkələr daha populyardır. Əvvəl yüz qeyri-normal, on normal istifadəçi var idi, indi milyon min nisbətindədir.
Sabir Babazadə: Əvvəlki vəziyyətlə müqayisə də çox fərq var. İnsanlar sosial şəbəkələrin nə olduğunu, necə çıxış etmək və öz məhsullarının marketinqini necə aparmaq lazım oldugunu öyrəndilər.
Gülşən Həsənzadə: Sosial şəbəkələrdən 2011-cil ildən istifadə edirəm. Əvvəl çox ciddi istifadə edirdim, hətta əlimin şəklini də paylaşmazdım. İndi yaxşıdır ki, şəxsi həyatın əhəmiyyətsiz paylaşımları əvəzinə daha ciddi və qlobal mövzular üzrə müzakirələr və paylaşımlar olur. Zaman tunelinə ilk keçiddə dizayn zəhlətökən idi, indi daha səliqəlidır, istənilən arxivi rahat tapmaq olur, təhlükəsizlik isə daha güclü olub. Amma bu inkişaflara baxmayaraq, Facebook-u haradasa 100-də 65 faiz daha az istifadə edirəm, gündə 2 dəfə gələn mesajları yoxlayıram sadəcə, deməli yaş da öz sözünü deyir.
İlahə Səmədli: 2009–cu ildən Facebook istifadəçisiyəm. Çoxlu müsbət yöndə dəyişikliklər olub,ən azından ixtisasımla bağlı müzakirələrə qoşula bilirəm, həm öyrənirəm, həm də öyrədirəm.
Sakit Abdulla: 2009-cu ildən bəri Facebook istifadəçisiyəm. Əvvəllər mənim də bəsit yazılarım olub. Onu nəzərə alaq ki, əvvəllər sosial şəbəkələr “çat” səviyyəsində idi. İndi saxta profil və saxta şəkillər az olsa belə, virtual aləmin yaratdığı bir saxta kimlik var əksəriyyətində. Məsələn, gündəmə uyğun davranıb tənqid etdiyi bir hərəkəti realda edənlərin sayı çoxalıb. Gündəmdən ayrı qalmamaq naminə saxta kimliyə bürünənlərin də sayı artıb. Əvvəlki dövrlə müqayisə də indi göstəriş üçün “check in” edənlərin də sayı artıb. Məsələn, bu yaxınlarda “İstanbul Atatürk Aeroport”-unda “check in” edən qızı 10 dəqiqə sonra “Nərimanov Nərimanov” metro stansiyasında gördüm.
Cavid Məmmədov: 2010-cu ildən Facebook istifadəçisiyəm. Sosial şəbəkələrin dünəni ilə bugünü arasında əlbəttə ki, fərq var. Amma onu qeyd edim ki, bu illər ərzində fərqinə vardım ki , sosial şəbəkələrdən doğru şəkildə istifadə olunduğu zaman böyük uğurlar əldə etmək mümkündür. Bu istər reklam sahəsində , istər şöhrət və istərsə də hər hansısa bir təbliğatın keçirilməsi yönündə sosial şəbəkələr çox böyük rol oynayır.
Kamran Ədalətoğlu: 2011-ci ildən facebook istifadəçisiyəm. Əvvəlki illərlə müqayisədə müəyyən dərəcədə fərqlər var. Hazırda Facebook-dan daha çox reklam, tanıtım məqsədilə istifadə edilir.
Məhəmməd Türkmən: Çox fərq var - Əvvəllər sosial şəbəkələr sadəcə əyləncə vaxt keçirmək üçün idisə, indi ikinci bir həyat yaşadığımız məkana çevrilib. Sosial şəbəkələr həm də psixoloji cəhətdən çox faydalıdır. Kiminsə əsəbi, hirsi varsa, onu status yazaraq bədənindən atır. Etirazlar da belədir. Etirazlar çayxanalardan sosial şəbəkəyə keçib. Bütün bunları kənara qoysaq, inkişaf da var. Əvvəllər cəmiyyət Facebookda foto paylaşmağa çəkinirdi. Əsasən də qızlar. Artıq bunu da aşıblar. Sosial şəbəkələrdən istifadə qaydalarını öyrəniblər, bir-birilərini sosial şəbəkələr vasitəsilə tapırlar. Şirkətlər PR etməyi bacarıblar. Partiya sədrləri öz üzvlərini Facebook vasitəsilə vasitəsi ilə idarə edirlər. Və s.
Orxan Yusifli: Hazırda mövcud olan iri sosial şəbəkələrdən, insanlar sadəcə ünsiyyət üçün deyil, biznes, piar və s. sahələr üzrə istifadə edirlər. Bu da sosial şəbəkələrin gündəlik həyatımızda yerini daha da artırır. Nəticə olaraq, hazırda sosial media insanların və şirkətlərin imtina edə bilməyəcəkləri bir ünsürə çevrilib. Sürətlə inkişaf edən sosial şəbəkələrin sabah bizlərə nələr gətircəyi isə sual altındadır.
Onlayn media eksperti Səbinə İzzətlinin fikirlərinə görə, beş il öncəsinə baxanda internet istifadəçilərinin sosial media savadlılığı nisbətən artıb:
“ Yəni əvvəllər bilgisizlikdən, eləcə də, digər sosial, mənəvi faktorların təsirindən insanlar sosial şəbəkələrə ya etinasız, ya da qorxaraq yanaşırdılar. İstifadəçilər sosial şəbəkələri sanki öz gündəlikləri imiş kimi istifadə edib, ancaq onun verdiyi imkanlardan yararlanırdı, bərabərində gətirdiyi riskləri gözə almırdılar, məsuliyyətdən boyun qaçırırdılar. İndi insanlar daha ehtiyatlı olmağa başlayıb. Buna səbəb olaraq, dünyada və ölkəmizdə sosial şəbəkələrdə yayılan kiber cinayətlər, təhqir, təhdid, nifrət söyləmi və.s kimi faktorları sadalamaq olar. İnsanlar Facebook kimi məcralarda bir status yazmazdan öncə onun doğuracağı reaksiya barədə düşünməyə başlayıb, buna məcburdurlar da.
İndi insanlar sosial şəbəkələri ictimai qınaq vasitəsi olaraq görməyə başlayıb. Bu gün ölkəmizdə ən yayğın sosial şəbəkə olan Facebook-a nəzər salsaq görərik ki, insanlar real həyatda baş verən hər hansı haqsızlığa ilk olaraq məhz burada etiraz edir. Sosial şəbəkələr son zamanlar həm də yardımlaşma məkanına çevrilib, yəqin tez-tez yardıma ehtiyacı olan insanların paylaşımlarını görürsünüz. Bu da bir dəyişimdir, insanlar buranı təkcə ürək boşaltmaq üçün yer olaraq deyil, həm də birləşib toplumda nələrisə dəyişmək üçün güclü alət olaraq görürlər.
Düşünürəm ki, toplumdakı insanların yeni media savadlılığı artdıqca sosial media istifadəçiləri də daha tolerant, səmimi və paylaşıma bilgili açıq olacaqlar. Əks təqdirdə, öz-özünə gedən bu dəyişim sosial şəbəkə istifadəçilərini yanlış yola da götürə bilər”
Sosial media eksperti Emin Hüseynzadə də Xeberler.az-a fikirlərini bölüşüb:
O sosial şəbəkələri müqayisə edərək qeyd edib ki, son 1 ili götürsək İnstagramda istifadəçilərin aktivliyinin və sayının artdığını, Facebookda isə əksinə - passivliyi və istifadəçilərin sayının azaldğını görə bilərik.
Ekspert son zamanlarda aktual, ictimai maraq kəsb edən mövzuların daha çox sosial şəbəkələrdə müzakirə olunmağına münasibət olaraq bildirib ki, kənardan gələn müzakirələrə media ilə bağlı olduğu üçün insanların seçimi sosial şəbəkələr oldu. Həm də son zamanlar aparıcı media saytlarda şərhetmə imkanlarının qapadıldığına görə insanlar müzakirələri xəbər saytlarında deyil, sosial şəbəkələrdə apardı. Son həftəyə nəzər salsaq, sosial şəbəkələrdə yanan bina ilə bağlı fərqli reaksiyaların, müzakirələrin şahidi ola bilərik. Bu gün, insanlar ictimai maraq kəsb edən mövzuları sosial şəbəkələrdə analiz edirlərsə, artıq deyə bilərik ki, media özü-özünü uduzdurub.
Ekspert Seymur Kazımov deyib ki, sosial şəbəkədə heç nə dəyişməyib:
“İnsanlar daha cox sosial şəbəkədə ünsiyyətdə olurlar, fikirlərini bu vasitə ilə paylaşırlar”.
Seymur Kazımov qeyd edib ki, sosial şəbəkələr elə bir platformadır ki, burada hamı "danışır" və istədiyini "danışır": “Çünki fikirlərinizi kütləvi halda çatdırmaq üçün yeganə məkan sosial şəbəkələrdir. Burada senzura , qadağalar yoxdur”
Ülviyyə Alixanova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri