İKTA növbəti dəfə ən çox şikayət olunan provayderlərin
reytinq cədvəlini dərc edib. Cədvəldə ötən ilin son rübündə ən çox şikayət olunan və müştəri məmnuniyyəti ən aşağı olan provayderlər yer alıb.
Xeberler.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz açıqlama verib.
Ekspertin sözlərinə görə, İKTA-nın müstəqil olmadığı, bazarda isə dövlət və özəl provayderlərin olduğu bir halda bu formada reytinq cədvəlləri təqdim etmək, yumşaq desəm ədalətli deyil:
"Yəni cədvəldəki məlumatların hesablanma meyarları ağlabatandır, amma dövlət və özəllərdən daxil olan şikayətlərin sayı və bu meyarlar əsasında hesablamalar da güvənli olmalıdır.
İKTA dövlət və özəl provayderlərdən daxil olan şikayətlərin sayı ilə bağlı datanı, xüsusilə də məlumatların hansı formada emal olunduğunu müstəqil ekspertlərə, dövlət və özəl provayderlərin nümayəndələrinə də nümayiş etdirməlidir. Müstəqil nəzarət mexanizmləri də yaradılmalıdır".
Osman Gündüz qeyd edib ki, İKTA retyinq cədvəlini təqdim etməzdən öncə maraqlı tərəflərin iştirakı ilə onun bir təqdimatını keçirməlidir:
"Məhz bununla da retinqlərin hesablanmasından öncəki datanın doğruluğu və ona uyğun nəticələrin şəffaflığı təmin edilə bilər və obyektivliyinə güvən yaranar.
Qısası, İKTA bu datanın E-şikayət sistemindən generasiyasını maraqlı tərəflərə ağlabatan formada, şəffaf formada təqdim etdikdən sonra onun etibarlılıq və güvənliyindən danışmaq doğru olardı.
Əlbəttə, əgər İKTA müstəqil qurum olsaydı, yaxud bazarda birbaşa internet satışı ilə məşğul olan DÖVLƏT provayderləri olmasaydı, güman ki bu tip yanaşmalara ehtiyac qalmazdı".
Ekspertin sözlərinə görə, İKTA bu cədvəldəki 18 provayderin Azərbaycanın internet bazarının 90%-nə nəzarət etdiyini bildirir:
"Reallıqda isə elə 5 provayderin tam olaraq bazarın 90%-nə nəzarət etdiyini görmək olur.
Daha çox ictimai əhəmiyyət kəsb edən isə odur ki, dövlət provayderləri internet bazarının neçə faizinə nəzarət edir.
Sonda bir daha vurğulamaq istərdim ki, ictimai nəzarətin təşkili və ictimai qınaq baxımından İKTA-nın müştəri məmnuniyyətinin, ən çox şikayət olunan provayderlərin açıqlanması ilə bağlı addımları mühüm əhəmiyət kəsb edir və təqdirəlayiqdir".