İKTA rəsmiləri “EaPeReg”in Ekspert işçi qrupunun Lissabonda keçirilən iclasında iştirak ediblər

13-05-2024 / 10:47

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) nümayəndələri Portuqaliyanın tənzimləyici qurumu olan ANACOM-un ev sahibliyi və Şərq Tərəfdaşlığı Ölkələrinin Elektron Kommunikasiya üzrə Tənzimləyicilər Şəbəkəsinin (EaPeReg) birgə təşkilatçılığı ilə Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçirilən seminarda iştirak ediblər.

Tədbirdə İKTA-nı Hüquq və sənədlərlə iş departamentinin direktoru Oktay Məhərrəmov, İnformasiya texnologiyaları departamentinin direktoru İslam Bağırzadə və qurumun beynəlxalq əməkdaşlıq üzrə rəsmisi Ravil İsgəndərov təmsil edib.

Telekommunikasiya sahəsində geoportalların inkişafına həsr edilmiş seminarın keçirilməsində əsas məqsəd genişzolaqlı internet şəbəkələrinin xəritələnməsində təcrübə mübadiləsi aparmaq, həmçinin genişzolaqlı telekommunikasiya şəbəkələrinin yaradılması xərclərinin azaldılması təcrübəsi ilə bağlı müzakirələr təşkil etmək olub.

Bundan əlavə, müzakirələr zamanı genişzolaqlı internet şəbəkəsinin qurulması xərclərinin azaldılması üzrə mövcud təcrübədəki çatışmazlıqların aradan qaldırılmasına xidmət edən “Qiqabit İnfrastruktur Aktı” layihəsinin (GIA) təqdimatı baş tutub. Qeyd edək ki, layihənin məqsədi yüksəksürətli və keyfiyyətli telekommunikasiya xidmətlərinə artan ehtiyacları ödəmək üçün yaradılan Ultra Yüksək Tutumlu Şəbəkələrdən vaxtında və qənaətlə istifadəyə imkan yaratmaqdır.

Tədbir çərçivəsində, həmçinin İKTA rəsmiləri “EaPeReg” Tənzimləyicilərin Müstəqilliyi və Genişzolaqlı İnternetin İnkişafı üzrə Ekspert işçi qrupu üzvlərinin 16-cı görüşündə iştirak edib və Azərbaycanda telekommunikasiya sahəsinin tənzimlənməsi çərçivəsində dəyişikliklər və genişzolaqlı internetin cari vəziyyəti, əldə edilmiş nailiyyətlərlə bağlı müzakirələr aparıblar.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə