Google, bir çox sosial şəbəkələr bayram və xüsusi günlərdə bizə kiçik sürprizlər etməyə çalışır. Kiçik dediyimiz bu sürprizlərin mənəvi dəyəri əslində gözlənildiyindən daha böyükdür. Facebook bu cəhətdən daha öndədir və hər dəfə bizi təəccübləndirməyi bacarır.
"Mənim 100-lüyüm"dən soruşduq: Təsəvvür edin ki, qarşıdan gələn 8 Mart konseptini hazırlamaq sizin ixtiyarınıza verilib. Bu şansı dəyərləndirib qadınları necə təbrik edərdiniz?
Bir-birindən maraqlı təklif və təbrikləri Xəbərlər.az oxuyucularına təqdim edirik.
Aydan Sultanlı: Suala cavab vermək üçün sualı özümə verdim. Həmişə ən yaxşı yol özümüzü kiminsə yerinə qoymaqdır. Mən çox da həvəsli deyiləm bu bayramlara,amma "həmin gün özümü dəyərli hiss etmək istəyərəm" nəticəsinə gəldim. Qadınların bayramı onlara qadın olmağın üstünlüyünü hiss elətdirməlidir. Facebook-a daxil olanda kiçik, sevimli mətn pəncərəsi açılsın:
"Qadın olmaq üstünlükdür"
ABŞ-da qadınların 20%-inin qazancı onlarının ərinin qazancından 5.000 dollar çoxdur.
Qadınlar həyatlarının ortalama 1 ilini "nə geyinəcəyinə qərar vermək"-lə keçirirlər.
Kişilər ildə ortalama 6-17 dəfə ağladıqları halda,bu rəqəm qadınlarda 30-64-dür.
İlk dəfə hündür topuqlu ayaqqabını 1600-cü illərdə kişilər geyinib,daha sonra isə qadınlar kişi kimi görünmək məqsədilə geyinməyə başlayıblar.
İsrail yeganə ölkədir ki,qadınlar da hərbi xidmətə gedir.
Qadınların ürəyi kişilərinkindən daha tez döyünür.
Qadınlarda dad tumurcuqları kişilərinkindən daha çoxdur.
Onların immun sistemi gec yaşlandığı üçün kişilərdən daha gec yaşlanırlar.
Məhəmməd Türkmən: Çətin sualdır. Mən olsam, 8 mart günü xanım istifadəçilərin facebook-a girişini qadağan edərdim. Mail-i və şifrəni yazıb, "enter"ə basdıqdan sonra belə bir mesaj yazıla bilərdi – “Sizi 8 Mart münasibəti ilə təbrik edirik. Heç olmasa bu günü ailəniz, yaxınlarınız və ya sevgilinizlə keçirin. Əgər sevgiliniz yoxdursa, özünüzə bir pişik alın. Bu yolla həm bir heyvana sahiblənmiş, həm də sizin kimi gözəl xanımı sevməyən heyvanlara acıq vermiş olarsınız"
İlahə Səmədli: Dünəndən fikirləşirəm bu facebook nə etsə mən sevinərəm, ağlıma heç bir fikir gəlmir. Yəni, bu, qadınları sevindirməyin elə də asan olmadığı anlamına gəlir. Bəlkə də 1 günlük facebook-u çəhrayı etdirərdim.
Elvin Cəbizadə: İmkanım olsa 8 Martda bütün sosial şəbəkələrdə qadın istifadəçiləri üçün xüsusi qeyd çıxarardım: "Hörmətli xanımlar! Nəzərinizə çatdırırıq ki, bu günün məqsədi kişilərin sizə mışka almağı deyil. Bu gün qadın hüquqlarının qorunması məqsədilə yaradılıb. Əgər haqqınız pozulmursa, onda sizə hər gün bayramdı. Yox, əgər hüquqlarınız tapdanırsa, bununla mübarizə aparın."
Orxan Joseph: Mənim bəylərə mesajım olardı: “Qadınlara dəyər vermək üçün hansısa bir bayramı gözləməyə ehtiyac yoxdur.Qadınları bir gün yox,hər gün Sevin!”
Zaur Xudiyev: Məsələn, mənim əlimdə olsa, balaca, qısa bir film hazırlayardım. Çox kiçik, 2-3 dəqiqə. Evdə əri, atası, qardaşı və digər kişilər tərəfindən fiziki, mənəvi təzyiq görən bir neçə xanım təsvir olunur. Sonra təvimin dəyişməsi göstərilir, guya indi həmin xanımlara həmin adamlar tərəfindən hədiyyələr təqdim edilir. Və STOP. “Qadınlara bir gün yox, hər gün bayram olsun.” Və məhz 8 mart günü yayımlamaq olar.
Orxan Əzim: Xanımlar üçün 1 günlük "bəzəkli niklər" təşkil edərəm.
Rahil Sayadoğlu: Bu iş mənə tapşırılsaydı, belə bir şey edərdim: Hər bir qadın istifadəçi profilinə giriş edərkən, ona sual ünvanlanardı ki, sevdiyiniz kişi məşhuru kimdir? Cavab variantını yazan qızın inboxuna bir neçə dəqiqə sonra həmin şəxsin adına olan profildən (təbii ki, fake profildən) təbrik mesajı gələrdi. Bu da bir neçə dəqiqəlik, bəlkə də həmişəlik qadınlar üçün əyləncəli-sevindirici sürpriz olardı. Ən azı həmin gün qadınlar sevdikləri məşhurların təbrik mesajını screen edib paylaşarlar.
Nihad Qulamzadə: Mən olsam, facebook-un (yalnız qadınlar üçün) hər səhifəsinin bir küncünə profil sahibəsinin şəklini qoyardım və günün ən gözəl xanımı və s. kimi başlıq yazardım. Qadınlar ölürlər belə şey üçün.
Etibar Salmanlı: Ümumən kimisə təbrik etmək və ya hədiyyə alıb, sürpriz etmek üçün hansısa günü gözləmək kütlədən biri olduğunu sübut etməkdir. Sevindirmək istəyirsənsə, bunu etməlisən. Bu yazımı da qadınlara hədiyyə edirəm: Guya 8, mart guya bayram…
Əminə İlyaslı: Bir mesaj yazaram: "Sabahın xeyir sevgilim. Səni sevirəm, bayramın mübarək!
Əziz istifadəçimiz, bu 8 Martda boynu bükük qalmayın deyə biz sizə bir jest etdik, amma tapın artıq birini, yaşıdlarınız nənə olacaq ".
Ziya Mehdiyev: Mən yəqin ki, həmişə olduğu kimi 8 Martın tarixindən yazaram. Bir də zəhmətkeş qadınlara təbrik. Bəlkə də edə biləcəyim ən yaxşı şey Facebookun yubileyində hazırladıqları videodan ancaq qadınlar üçün hazırlayıb, şəkillər getdikcə "siz zaman keçdikcə daha da gözəlləşirsiz. 8 Mart qadınlar bayramı münasibəti ilə sizi təbrik edirik" yazmaq olardı.
Oral Mədənçi: Mən google-un sahibi olsam qara lent bağlayardım.
Kamran Ədalət Oğlu: Fikrimcə, qadınların profili güllərlə bəzədilə bilər. Daha sonra səhifənin bir küncündə qadının sevdiyi heyvan növünün (it, pişik və s) şəkli ola bilər. Digər tərəfdə bəyəndiyi aktrisa, müğənni və s . şəkli. bundan başqa saç düzümlərinin kataloqu ola bilər. Qadınlar üçün müxtəlif yarışlar da təşkil etmək olar və s. onlarla bu kimi şeylər.
Gülşən Həsənzadə: Mən olsam bütün dünyadakı qadın istifadəçilərin hesabında qeyd olunmuş region(ya ölkə) dilində təbrik mesajları göndərərdim. Belə bir şey o boyda şirkət üçün heç nədir, əvəzində çox maraqlı və yadda qalan bir jest olar.
Səma Qabulova: Mən facebook-un iki oo-sunu "sonsuz" işarəsi edərdim. Həm tərsinə 8, həm də həmişə 8 Mart anlamına gələrdi.
Gülnarə Məmmədova: "Yalnız bir gün deyil, hər gün dəyərli olmalısınız" məzmunlu mesaj paylaşardım, məsələn. Hədiyyə almayan qadınlara təsəlli olar ən azından.
Yenə də qrup üzvləri nə qədər fərqli aspektlərdən yanaşsa da, qadınlı kişili əsas bir fikri vurğulamağa çalışdılar: Qadınlar üçün bir gün yox, hər gün bayram olmalıdır. Biz də həm öz adımızdan, həm də “Mənim 100-lüyüm”ün adından bütün qadınları təbrik edirik. Həyatınız o qədər maraqlı və arzuolunan olsun ki, ən sonda sosial şəbəkələrin sizə nə kimi sürprizlər hazırladığ ilə maraqlanasız.
Günel Hacı
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri