“İnnovasiya və startap ekosistemi üçün açıq dialoq vacibdir” — Ekspert

06-02-2026 / 17:44

Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin startap nümayəndələri ilə keçirdiyi görüşlə bağlı mövqeyini bölüşüb.

Xeberler.az bildirir ki, bu barədə ekspert, sosial media hesabında paylaşım edib.

O.Gündüz qeyd edib ki, nazirin vaxtaşırı startapçılarla görüşməsi müsbət addımdır, lakin bu formatın kifayət etmədiyini düşünür. Onun fikrincə, startap ekosisteminin problemləri daha geniş tərkibdə — səlahiyyətli dövlət qurumları, özəl sektor nümayəndələri, startap sahibləri, investorlar, akseleratorlar və icma liderlərinin iştirakı ilə müzakirə olunmalıdır.

Ekspert bildirib ki, hazırkı vəziyyətdə sektorda koordinasiyasızlıq və resurslardan qeyri-effektiv istifadə üstünlük təşkil edir. O, görüşdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) rəhbərliyinin iştirakının tədbirin əsasən bu qurum tərəfindən təşkil edildiyini göstərdiyini vurğulayıb.

Osman Gündüz xüsusilə son dövrlər İRİA-nın qapalı formatlara üstünlük verməsindən narahatlığını ifadə edib və bunun artıq təsadüf deyil, sistemli yanaşma olduğunu bildirib.

O, həmçinin qeyd edib ki, İRİA-nın 2025-ci ilin yekunları ilə bağlı açıqladığı statistik göstəricilər “parlaq görünsə də”, bu rəqəmlərin real bazar məhsullarına, investisiya alan startaplara və beynəlxalq nəticələrə çevrilib-çevrilmədiyi sual olaraq qalır.

Ekspertin sözlərinə görə, ilkin mərhələdə olan startapların maliyyələşdirilməsi sahəsində vəziyyət qənaətbəxş deyil və ölkədə işlək vençur qanunvericiliyi hələ də mövcud deyil. Bu səbəbdən real vençur fondlarının formalaşmadığını vurğulayıb.

Bununla yanaşı, Osman Gündüz İRİA-nın rəqəmsal hökumət quruculuğu sahəsində müəyyən uğurlar əldə etdiyini, lakin bu yanaşmanın startap və innovasiya sahəsinə keçmədiyini bildirib.

O, yekunda İRİA-nı “hesabat dili”ndən çıxmağa, bütün maraqlı tərəfləri açıq və davamlı dialoqa cəlb etməyə, ölçülə bilən və nəticəyönümlü proqramlar həyata keçirməyə çağırıb.

Sonda ekspert hesab edir ki, darçərçivəli görüşlər real problemləri həll etmək üçün yetərli deyil və sistemli dəyişikliklər tələb olunur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə