Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (
4SİM Azərbaycan / C4IR Azerbaijan), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və “StrategEast” təşkilatının birgə əməkdaşlığı ilə icra olunan “IT Hub Azerbaijan” layihəsinə yekun vurulub.
Bu münasibətlə keçirilən bağlanış mərasimində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, 4SİM-in icraçı direktoru Fariz Cəfərov, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Tahir Mirkişili, Avropa Yenidənqurma və İnkişaf Bankının Bakı ofisinin rəhbəri Natali Muravidze, “StrategEast” müəssisəsinin təsisçisi və prezidenti Anatoli Motkin və “EPAM Systems” təlim şirkətinin nümayəndəsi Aleksander Yazepçik çıxış edərək “IT Hub Azerbaijan” layihəsinin İKT sahəsində bacarıqlı kadrların hazırlanması işinə mühüm töhfə verdiyini vurğulayıblar.
Qeyd edilib ki, “IT Hub Azərbaycan” layihəsinin məqsədi regionlarda informasiya texnologiyaları sahəsində bilik və bacarıqların artırılmasına, bu sahəyə investisiyaların cəlbinə, yeni iş yerləri və karyera imkanlarının yaradılması prosesinə dəstək göstərmək olub.
Layihə çərçivəsində ötən 11 ay ərzində Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şirvan və Naxçıvan Muxtar Respublikasından 19-30 yaş aralığında 85 nəfərə ödənişsiz İT təlimlərində iştirak edib. “EPAM Systems” şirkətinin beynəlxalq ekspertləri kompüter elmləri, proqramlaşdırma, biznes təhlili və digər mövzularda onlayn dərslər keçib.
Proqramı uğurla bitirən gənclərin ölkəmizdə yerli və xarici şirkətlərdə işlə təmin edilməsi nəzərdə tutulub.
Tədbir çərçivəsində “İT Hub Azərbaycan” layihəsinin məzunları və Bakı Ali Neft Məktəbinin bir qrup tələbəsi üçün “Peşəkar brendinq”, “CV hazırlanması” və “İş müsahibəsinə hazırlıq” mövzularında təlim sessiyaları keçirilib.
Sessiyalar bitdikdən sonra iştirakçılar BANM-də təşkil olunmuş karyera sərgisinə qatılıblar.
BANM-in Bayıl korpusunda keçirilən “İT HUB Azərbaycan - Gələcək iş, gələcəyi dəyiş!” adlı sərgidə SOCAR, JOCAP, KPMG, EY, Deloitte, Mərkəzi Bank, İnnovasiyalar Agentliyi, Paşa Bank, ABB, Azericard, Ultra, AzİnTelekom, Smart Solutions, Azfen, Azerconnect, Access Bank, Express Bank, Yelo Bank, İctimai TV və s. aparıcı yerli və xarici şirkətlər və dövlət qurumları daxil olmaqla ümumilikdə 60-a yaxın təşkilat iştirak edib.
Əmək yarmarkasında texnologiya, maliyyə, sənaye, rəqəmsal ticarət, proqramlaşdırma, enerji, kibertəhlükəsizlik, media və habelə onlarla digər sahədə İKT üzrə vakant iş yerləri, təcrübə proqramları və karyera imkanları barədə sonuncu kurs tələbələri və məzunlara məlumat verilib.
Sərgiyə BANM ilə yanaşı Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, ADA Universiteti, Xəzər Universiteti və İqtisad Universitetinin tələbələri və məzunları, ümumilikdə 1000 nəfərə yaxın gənc qatılıb.
Yarmarkada 500-ə yaxın iş yeri və müxtəlif təcrübə proqramları iştirakçılara təklif olunub.
Qeyd edək ki, bu tədbirlər “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində “Elm-sənaye klasteri 4.0”ın formalaşdırılması istiqaməti üzrə həyata keçirilib