Bu gün qlobal ödəniş texnologiyaları təchizatçısı olan Mastercard şirkəti Azərbaycanda nümayəndəliyinin açılması ilə bağlı tədbir keçirib.
Xeberler.az-ın məlumatına görə, tədbirdə çıxış edən Mastercard şirkətinin Türkiyə və Azərbaycan regionu üzrə meneceri Yasemin Bedir nağdsız ödənişlərin inkişafının Mastercard-ln bütün ölkələr üzrə fəaliyyətinin ən mühüm prioritetlərindən biri olduğunu qeyd edərək bu sahədə şirkətlə Azərbaycan hökuməti və kommersiya bankları arasında sıx əməkdaşlığın vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda nağdsız hesablaşmaların artırılması sahəsində elektron ödəniş infrastrukturunun inkişaf etdirilməsi, əhatə dairəsinin və nağdsız ödənişlərdə innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi, elektron ödəniş xidmətlərinin institusional bazasının gücləndirilməsi, əhali və iqtisadi subyektlərin elektron ödəniş xidmətlərindən istifadəyə cəlb edilməsi olduqca vacibdir.
"Azərbaycan Mastercard üçün olduqca önəmli bir bazardır. Bu səbəbdən ölkədə nağdsız ödənişləri inkişaf etdirmək istiqamətində Azərbaycanda fəaliyyət göstərən banklar və dövlət orqanları ilə əməkdaşlığı genişləndirmək niyyətindəyik. Azərbaycanda Mastercard nümayəndəliyinin açılmasının səbəblərindən biri də məhz elə budur. Bununla yanaşı, Azərbaycan hökuməti ilə ölkədə kart ödənişlərinin artırılması və nağdsız iqtisadiyyatın inkişafı üzrə strateji əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparırıq. Mastercard olaraq biz Azərbaycanın böyük potensialına və ölkənin parlaq gələcəyinə inanırıq”, - deyə Yasemin Bedir bildirib.
O, həmçinin qeyd edib ki, aparılan hesablamalara əsasən, gələcək 3 ildə bütün ödəmələrin nağdsız yollarla həyata keçirilməsi ilə nağd pul vəsaitlərin istifadəsindən yaranan xərclərin qarşısı alınacaq, bu da ÜDM-in təxminən 3%-ni təşkil edə bilər. Belə bir gösətrici hər bir ölkə üçün əhəmiyyətli bir qazancdır.
Tədbirdə çıxış edən Mastercard-ın Azərbaycan üzrə meneceri Alper Meriç vurğulayıb ki, innovativ həllər üzrə qlobal şirkət olaraq Mastercar müştərilərinə ən son texnoloji yenilikləri və həlləri təqdim edir, nağdsız ödənişləri inkişaf etdirmək və müştəriləri stimullaşdırmaq məqsədilə yerli və beynəlxalq şirkətlərlə birgə müxtəlif aksiya və kampaniyalar həyata keçirir.
“Hazırda Azərbaycanda nağd ödənişlərin payı 90%-dən çoxdur. Buna baxmayaraq, ölkə nağdsız ödəmələrin inkişafı üçün böyük potensiala malikdir və artıq sözügedən istiqamətdə uğurlu nəticələr əldə edilib. Bizim Azərbaycana olan inamımız böyükdür. Məhz buna görə, ölkənin rəqəmsal və nağdsız ödənişlərin tətbiqi üzrə regionda lider mövqe tutmasını, Mastercard-ın ən innovativ texnologiyalarını ilk tətbiq edən ölkələrdən biri olmasını arzulayırıq və bunun üçün öz təcrübəmizi paylaşmağa hazırıq. Şadam ki, Azərbaycanda nümayəndəliyimiz fəaliyyətə başladı. Buradakı fəaliyyətimiz Nağdsız Azərbaycan konsepsiyasına əsaslanacaq”, - deyə Alper Meriç qeyd edib.
Onun sözlərinə görə,hazırda Azərbaycanda 28 bankla əməkdaşlıq edirlər və bu say artırılacaq.
Nağd vəsaitlərin yaratdığı maliyyə yükündən danışan Alper Meriç Mastercard-ın bu istiqamətdə dünyanın bir çox ölkəsində apardığı araşdırmaları vurğulayıb: “Araşdırmalara əsasən, əgər Türkiyə kimi ölkədə bütün ödənişlər 3 il boyunca nağdsız şəkildə aparılarsa, qənaət nəticəsində əldə olunan vəsait hesabına 10 Bosfor körpüsü, 538 xəstəxana və ya 11 dəmir yolu xətti inşa etmək mümkün olar”.
Xeberler.az-ın suallarını cavabandıran Alper Meriçin sözlərinə görə, onlar ən son texnologiyaların yalnız Azərbaycanın mərkəz şəhərlərində yox, bölgələrdə də tətbqini genişləndirib, əhalinin nağdsız ödənişlərə maraq göstərməsinə də diqqət edəcəklər:
“ Şəxsən mənim özümə Azərbaycanın bölgələrində yaşayan vətəndaşların nağdsız ödənişlərdən istifadəsi maraqlıdır. Bunun üçün də biz bölgələrə də səfər edib, əhalinin ehtiyaclarını müəyyən edib, buna uyğun olaraq fəaliyyətə başlayacağıq”.
MasterCard rəsmisi nağdsız ödənişlərlə bağlı yerli startap layihələrmizi dəstəkləyib, qlobala bazara çıxarmaq üçün onlarla əməkdaşlıq edəcəklərini də bizimlə bölüşüb:
“Azərbaycanın nağdsız ödənişlərlə bağlı bölgədə lider, ulduz olmasını qarşımıza məqsəd qoymuşuq. Müşahidələrmiz göstərir ki, Azərbaycanda nağdsız ödənişlərə böyük maraq var. ASAN xidmət buna ən yaxşı misaldır Həqiqətən də də dövlətlə bağlı bütün işlərin nağdsız şəkildə həyata keçirildiyi belə bir sistemin dünyada bənzəri azdır. Biz bu xidmətin də qlobalda təqdimatını edəcəyik, Azərbaycanın bu uğurunu dünyaya tanıdacağıq. Bununla yanaşı, nağdsız ödənişlərlə bağlı startap layihələrinə də dəstək verəcəyik. Onların yeni texnologiyalarını da dünyaya təqdim etməyə hazırıq”.
O, Azərbaycanda MasterCard istifadəçilərinin Apple Pay üzərindən ödəniş məsələsinə də toxunub:
“Biz bu xidmətlə bağlı texnologiyanı Azərbaycana gətirə bilərik, amma qərarı biz vermirik. Qərarı verən Apple-dır. Biz də icraçıyıq. Şirkətlər danşıqlarımız davam edir, onlar Azərbaycan bazarında fəaliyyətə başlasalar, biz də xidmət verməyə hazır olacağıq”.
Onun sözlərinə görə, Azərbaycanda nağdsız ödənişlərlə bağlı 2017-ci ildə bankların mükafatlandırılma mərasimi də keçiriləcək.
Belə ki, 2017-ci ildə Azərbaycan bankları arasında ən yaxşı nağdısız ödəniş xidmətini təklif edən və bunu önə çıxaranlar mükafat alacaq.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri