“A.T. Kearney” şirkətinin dərc etdiyi qlobal onlayn ticarət reytinqinə 30 inkişaf etmiş və inkişaf etməkdə olan ölkə daxil olub. Birinci yeri Çin tutub. 15 lider ölkə qrupunda Böyük səkkizliyin bütün ölkələri (Yaponiya, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Kanada, Rusiya və İtaliya) yer alıb. Ekspertlərin məlumatına görə, son 5 il ərzində dünyada pərakəndə onlayn ticarətin ortaillik artım tempi 17 faiz təşkil edib. Daha çox artım Cənubi Amerika (27 faiz) və Asiya-Sakit okean regionunda (25 faiz) qeyd alınıb.
Çin, Braziliya və Rusiya reytinqdə bazarları “yeni nəsil bazarlar” kateqoriyasına aid ölkələr qrupuna daxil olub. Bu qrupa həmçinin Argentina, İtaliya, Slovakiya, Çili, Türkiyə, Venesuela, BƏƏ, İrlandiya və Malayziya daxildir. Bu ölkələrdə onlayn ticarətin həcmi yaxşı inkişaf edib, lakin onlardan hər biri 3 aspektdən biri üzrə geriləməni aradan qaldırmalıdır. Bu sıraya əhalinin internetdən istifadə imkanı, logistika infrastrukturu və maliyyə sisteminin inkişafını aid etmək olar.
Avstraliya, Kanada, ABŞ, Şimali və Qərbi Avropa ölkələri bazarları inkişaf etmiş qrupa daxildir. Bu ölkələrdə internetin nüfuzetmə səviyyəsi və istifadəsi yüksək qiymətləndirilir. Bununla yanaşı, logistika və malların çatdırılması üzrə düşünülmüş strategiya sayəsində ilk 3 ölkədə (Avstraliya, Kanada və ABŞ) Şimali və Qərbi Avropa ölkələri ilə müqayisədə daha böyük artım üçün geniş imkanlar açılır.
Yaponiya, Cənubi Koreya, Sinqapur, Honkonq və yeni Zelandiya elektron infrastrukturu yüksək inkişaf etmiş bazarlar qrupuna şamil edilir. Texnologiyaların yüksək tətbiqi, infrastruktur inkişafı, onlayn ticarət sahəsində innovasiya və novator layihələrinin həyata keçirilməsində böyük təcrübə bu ölkələrin fərqləndirici cəhətidir. Burada artım tempi bir qədər yüksək olmasa da, bu ölkələrin istehlakçıları pərakəndə onlayn ticarətdə böyük təcrübəyə malikdir. (ictnews.az)