Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh

10-04-2018 / 16:59

Real nəticələr və ekspertlərin də sözlərinə əsaslanaraq deyə bilirik ki, son dövrlər ölkədə startap bazarı inkişaf edir.

Bunun nəticəsidir ki, bu yaxında Keepface startapın uğurlu sədasını ta Dubaydan eşitdik. Belə ki, yerli startapımıza xaricdən 300 min dollar dəyərində investisiya edildi. Bu siyahını çoxaltmaq olar.

Maraqlı olan isə belə startaplarımız yerli bazarda yaransa da, bir müddətdən sonra qlobala çıxır və demək olar ki, Azərbaycan ilə əlaqəni kəsir. Hazırda ABŞ-da fəaliyyət göstərən Wetravel layihəsi də bunlar siyahısındadır. Qərib Mehdiyev layihəni ölkədə yaratsa da, sonralar layihə tərkibinə xariciləri qataraq tamamən qloballaşdı.

İş orasındadır ki, qlobala çıxan startaplarmıza da öncə xaricdə inkubasiya mərkəzləri və yaxud da hansısa özəl fondlar müəyyən dərəcədə dəstək göstərir.

Bəs görəsən, bizim ölkədə bu sahədə problem nədir ki, hələ xaricdən startap götürməyi qoyaq qırağa, yerli startaplara dəstək yetəri qədər deyil.

Niyə bu kimi startaplarımızı itiririk, tam olaraq onlara dəstək çıxıb, özümüzün brendimiz edə bilmirik?

Məlum olduğu kimi, ölkədə startaplara dəstək göstərən bir çox inkubasiya mərkəzləri var. Diqqət edirsinizsə, fəaliyyət göstərirlər demədim. Elə bu hissə hələ müzakirə ediləsidir.

Həmçinin, dövlət qurumları və ali təhsil müəssisələri daxilində olan İnnovasiya Mərkəzləri də zaman-zaman layihələrə dəstək göstərir.

Bu yaxınlarda bir tədbir keçirildi. Belə ki, bir anda İqtisadiyyat Nazirliyi ölkədə inkubasiya mərkəzlərinin fəaliyyətinə diqqət etmək qərarına gəldi və 18-ə yaxın inkubasiya mərkəzini topladı.

“Biznes inkubatorlar kiçik sahibkarlığın inkişafında uğurlu platformadır” mövzusunda keçirilən tədbirlə bağlı rəsmi məlumatda qeyd edildi ki, biznes inkubatorlar arasında əməkdaşlığın genişləndirilməsi və iri sahibkarlıq subyektləri tərəfindən innovativ yönümlü startaplara dəstək verilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Tədbirdə çıxış edən digər rəsmilər də elə bu sahədə görülməli olan, illərdir ekspertlərin dedikləri məqamları təkrar xatırladıblar.

Məlumatımıza görə, tədbirdə biznes inkubatorların və startapların nümayəndələri çıxış edərək öz fəaliyyətləri, həyata keçirilən innovativ layihələr və yeni biznes imkanları barədə danışıb.

Hətta 10-dan çox startap layihəsi də təqdimat edib və sonra 18 biznes inkubator arasında əməkdaşlığın genişləndirilməsi və birgə fəaliyyətin həyata keçirilməsinə dair  memorandum imzalanıb. 

Qeyri-rəsmi münasibətdə isə deyilir ki, daha doğrusu elə bunu da bir növ rəsmi hesab etmək olar. Çünki tədbirdən sonra bir neçə inkubasiya mərkəzinin rəhbəri ilə söhbətimiz oldu. Mən elə başa düşdüm ki, İqtisadiyyat Nazirliyi sadəcə demək isəyib ki, “biz də varıq, yaşayırıq”.

Niyəmi?

Deməli, tədbirin təşkilatçılığını da İqtisadiyyat Nazirliyi edib. Yəni, rəsmi məlumatda belə deyilir. O nazirlik ki, hələlik startap sektoruna hər hansı ciddi faydasını görməmişik. Nə maraqlı tədbir etdiklərini, nə də bu sahə ilə bağlı baş verənlərlə mütəmadi maraqlandıqlarını….

Amma məlumatımıza görə, tədbir Nazirlik tabeliyində yeni yaradılan Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi (KOS) tərəfindən keçirilib.

Qısaca xatırlatma edək ki, ötən il, dekabr ayında İlham Əliyev Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması barədə Fərman imzalayıb.

Qeyd edildi ki, KOS-un İnkişafı Agentliyi kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi məqsədilə ölkədə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyəcək.

İndiyə qədər isə yeni yaranan bu Agentliyin startap sektorunda ciddi səyini və fəaliyyətlərini görməmişik.

Görəsən, elə Agentliyin işi yalnız bu kimi tədbirlər keçiməkdən ibarət olacaq?

Maraqlıdır ki, son dövrlər bu formada tədbirlər çox keçirilir və nəticəsini təəssüf ki görə bilmirik.

Ümid edirik ki, artıq “danışdıq”, “müzakirə etdik” sözündən çıxıb real olaraq “iş gördük”, “nəticə əldə etdik” kimi ifadələrə keçə biləcəyik.

Elə bu iradlar məhz inkubasiya mərkəzlərinə də aiddir. Ölkədə olan inkibasiya mərkəzləri təəssüflər olsun ki, layihələrə düzgün formada istiqamət göstərə bilmir. Əksər mərkəzlər layihələrə yalnız internet və ofis dəstəyi göstərir. Axı startapçı öz evində də bu internetə qoşulub, işini görə bilər.

Bir innovasiya mərkəzi var idi- Next Step. Yeganə mərkəz idi ki, layihələrə maddi də dəstək göstərirdi. İndi taleyinin necə olduğu məlum deyil. Səsi-səmiri də çıxmır.

Ümid edirik ki, digər mərkəzlər də bu yolu yox, məhz inkişaf etmək və etdirmək yolunu seçəcək.

Bunu biz yox, hazırda dünyada sürətlə inkişaf edən bazar tələb edir.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə