Onsuz necə yaşamışıq???

06-07-2008 / 18:04

Əvvəllər axtardığımız insanı ya evdə, ya da işdə tapa bilərdik. Onu işlə evin arasında hansısa bir telefon köşkünün yanından keçərkən “yaxalamaq” isə təbii ki, qeyri-mümkün məsələdir.

Bu günkü dövrümüzdə isə bizə lazım olan şəxslə birbaşa əlaqə imkanı yaradan mobil telefonların əhəmiyyəti ölçüyəgəlməzdir. Istənilən yerdə, istənilən məqamda, gecikmədən və təxirə salmadan insanlar bir-biri ilə əlaqə saxlayır, işlərini zaman itirmədən həll edirlər. Insan bir anlıq düşünməyə məcbur olur: “Mobil telefonsuz necə yaşamışıq?”.

Müasir dövrdə mobil telefondan eyni zamanda kitab, orqanayzer, qeyd kitabçası, zəngli saat, fənər, fotoaparat, maqnitofon, diktofon, radio, İnternetə giriş vasitəsi, oyun aparatı, kompüter, TV, ödəmə kartı və s. kimi istifadə olunur.

 

Artıq mobil telefon cah-cəlal yox, olmaması təsəvvür edilməz bir alətdir. Böyükdən kiçiyə hamı mobil telefondan istifadə edir. Hazırda əl içinə yerləşən telefonlar ilk vaxtlar az qala kərpic boyda idilər.

Telefonundan yerinə uyğun şəkildə istifadə etməyənlər isə bəzən narahatçılıq yaradırlar. Gündəlik həyatda - nəqliyyatda gedərkən, iş vaxtı və ya dərsdə mühazirə dinləyərkən telefonunu söndürməyən və ya səssiz rejimə qoymayan şəxsə gələn zəng, ondakı müxtəlif musiqi havaları insanı fərqli əhval-ruhiyyəyə kökləyir; bir an fikrin dağılır, dərsdən yayınır və musiqinin səni istiqamətləndirdiyi xəyallara dalırsan.

Çağırış zamanı guya arayanı darıxmağa qoymamaq üçün ZəngimCell-lərdən istifadə edənlər də çoxdur. Artıq insanı onun telefon zənginə, ZəngimCelldən istifadə edib-etməməsinə görə də tanımaq mümkündür.

 

Mobil telefon hazırda təkcə danışıq vasitəsi deyil. O, digər kommunikasiya vasitələrini də özündə səmərəli şəkildə birləşdirir. Sadə mobil telefon istifadəçisi isə sahib olduğu telefonun imkanlarından, funksiyalarından istifadə edə bilmir. Bu onunla əlaqədardır ki, texnologiyalar sahəsində azərbaycandilli oxucular üçün ədəbiyyat azdır. Bu boşluğu hazırda Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” Mərkəzinin direktoru Osman Gündüzün “Mobil telefonun özəllikləri” adlı kitabı doldurur. Belə  çıxır ki,  Osman  Gündüzdən  başqa bu  sahəyə  maraq göstərən  yoxdur?

 

Tarixə nəzər

 

Mobil rabitənin tarixi XX əsrin ortalarına, İkinci dünya müharibəsi qurtaran dövrə təsadüf edir. 1946-cı ildə ABŞ-ın “AT&T Bell Laboratories” şirkəti ilk dəfə avtomobillərarası mobil rabitə qurmağa imkan verən radiotelefon icad etdi. Hadsiz dərəcədə ağır – 30 kq çəkidə olan bu telefon aparatları vasitəsilə sürücü və sərnişinlər birbaşa deyil, ATS vasitəsilə digər avtomobildə olan telefon nömrəsini sifariş verməklə əlaqə saxlaya bilərdilər. Həmdə bu telefon vasitəsilə eyni anda danışmaq və eşitmək mümkün deyildi. İlk dövrlərdə bu tip aparatlar ancaq biznesmenlər üçün nəzərdə tutulurdu.  Lakin “AT&T Bell Laboratories” tərəfindən yaradılan ilk mobil sistem baha olduğundan populyarlaşa bilmədi. Paralel olaraq “Motorola” şirkəti 60-cı illərdən etibarən mobil rabitə sistemini yaratmağa başlamış və 1973-cü ildə bu sistemi Nyu-York çəhərində işə salmışdı. Layihənin rəhbəri Martin Kuper “Dyna-TAC” adlanan ilk mobil telefon aparatı vasitəsilə ilk zəngini də gələcək rəqibi “Bell” şirkətinə edib.

 

 

 


Beləliklə, 1973-cü ildən etibarən “Motorola”nın mobil telefon bazarında hökmranlığı başlandı. Ilk dəfə rəsmi şəkildə “Motorola Dyna-TAC 8000x” mobil telefon aparatları buraxılmağa başlandı. Çəkisi 1,5 kq, ölçüləri isə təxminən kərpic formasında. Ilkin dövrlərdə 5.000-10.000$ olan bu aparatlar 1991-ci ildə artıq 1.000$-a satılırdı.

 

 

Hər bir texnologiya həyatımızı nə qədər asanlaşdırırsa, sağlamlığımıza da bir o qədər ziyan vurur. Yalnız mobil telefonda deyil, məişət cihazlarının əksərində (kompüter, mikrodalğalı soba, televizor və s.) elektromaqnit şüalanması var. Lakin onlar insanlarla bilavasitə təmasda olmadığından və bəzilərinin şüalanması qapalı mühitdə olduğundan mobil telefon daha təhlükəli sayılır.

 

Mobil telefon və sağlamlıq.

 

İlk telefonlar indikindən daha təhlükəli və sağlamlığa zərərli olublar. Mobil telefonların insan orqanizminə mənfi təsirini azaltmaq üçün mütəxəssislər aşağıdakıları tövsiyə edirlər.

mobil telefondan ancaq vacib zənglər üçün istifadə edin və qısa danışın.
uşaqların mobil telefondan istifadəsi ümumiyyətlə məsləhət görülmür. Uşaqlar yalnız zərurət yarandıqda mobildən istifadə edə bilər.
danışarkən simsiz qarniturdan (Hands Free – Azad əllər) istifadə edin. Belə bir fikir mövcuddur ki, şnurlu qarnitur (qulaqcıq) şüalanmanın qulağa təsirini gücləndirir.
telefonu cibinizə qoymayın və işlədiyi zaman bel nahiyənizdə saxlamayın. Çünkü şüalanma insan bədəninin aşağı hissəsinə daha çox təsir göstərir.
qarnitursuz telefondan istifadə edirsinizsə, telefonu tez qulağınıza gətirməyin. əlaqənin yaranmasını gözləyin.
siqnalın gücünü göstərən şkala sıfra yaxın olduqda zəng etməyin, çünki baza stansiyasını axtaran telefon daha aktiv fəaliyyət göstərir və bu halda daha çox şüalanma yaradır.
aşağı SAR-lı telefon alın. Telefonların əksəriyyətinin təlimatında bu parametr göstərilir. SAR- bədənin götürdüyü radioenerjinin ölçü vahididir. O, nə qədər az olsa, bir o qədər yaxşıdır.
imkanınınz olsa, elektromaqnit şüalanmanın təsirini azaldan müasir qurğulardan, təbii vasitələrdən istifadə edin.
 

Əgər özünüzün və başqalarının təhlükəsizliyini arzulayırsınızsa:

 

təyyarə salonunda mobil telefondan istifadə etməyin;
yanacaqdoldurma məntəqələrində mobil telefonu söndürün.
Tibbi müəssisələrə daxil olarkən də mobil telefondan istifadə etmıyiniz məsləhət görülmür. Əksər Avropa ölkələrində xəstəxanalara girişdə telefonun söndürülməsi ilə bağlı elanlar vurulur.
Sükan arxasında olarkən mobil telefondan istifadə etməyin. Bu halda zərurət yaranarsa, Hands Free texnologiyasından istifadə edin.
 

 

Qeyd: telefonunuza hər hansı bir virusun daxil olmasını istəmirsinizsə tanımadığınız şəxsdən nəqliyyatda və ya başqa yerlərdə Bluetooth vasitəsilə fayl qəbul etməyin.

 

Kütləvi formada telefondan istifadə, telefonun ifrat dərəcədə həyatımıza daxil olması yeni etiket qaydaları diktə etməyə başlayıb.

Hörmətli oxucular, Mobil etiket, xüsusilə də SMS etiketi barədə gələn yazımızda ətraflı məlumat ala biləcəksiniz.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə