AzTU -da “Startap Günləri” tədbirinin açılış mərasimi keçirilib

24-11-2025 / 12:32

2025-ci il 21 noyabr tarixində Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində “Startap Günləri” tədbirinin açılış mərasimi keçirilib. Tədbir saat 14:00-da başlayıb və innovativ ideyalara maraq göstərən tələbələrin, mentorların və ekspertlərin iştirakı ilə yüksək dinamika və aktivlik şəraitində davam edib.

Xeberler.az məlumat verir ki, açılış nitqi ilə Azərbaycan İnternet Forumunun prezidenti və Startap Azərbaycan Təşkilat Komitəsinin rəhbəri Osman Gündüz çıxış edərək ölkədə startap ekosisteminin inkişafı, gənclərin innovativ təşəbbüslərə cəlb olunması və bu tədbirin əhəmiyyəti barədə məlumat verib.

Daha sonra Azərbaycan Texniki Universitetinin Maliyyə-təsərrüfat işləri üzrə prorektoru Rəşad Əliyev, ekspert və “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun sədri Fərid Kazımov, həmçinin mentorlar Elşad Yusifli və Sevinc Əzizova çıxış edərək tələbələri qarşıdakı mərhələlər və qiymətləndirmə meyarları barədə məlumatlandırıblar.

Tədbirin davamında AzTU İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev Startap Günlərinin gedişatı barədə geniş təqdimat edərək tələbələrə moderatorluq edib və onların təqdim etdiyi startap ideyalarını dinləyib. İlk günün əsas hissəsi startap ideyaları üzrə keçirilən yarışa həsr olunub.

Bu mərhələdə tələbələr tərəfindən ümumilikdə 16 innovativ ideya təqdim edilib. Qısa təqdimatlardan sonra ekspert və tələbə səsverməsi keçirilib və nəticədə 6 ən perspektivli ideya seçilərək növbəti mərhələyə yüksəlib.

Seçilmiş ideyalar əsasında komandalar formalaşdırılıb və həmin komandalar mentorlar, ekspertlər və təlimçilərin dəstəyi ilə layihələrinin ilkin prototiplərini və biznes modellərini hazırlamağa başlayıblar. Günün qalan hissəsi komandalar üçün həm yaradıcılıq, həm də praktiki hazırlıq baxımından intensiv və məhsuldar keçib.

 “Startap Günləri”nin əsas məqsədi ölkədə milli startap infrastrukturunun inkişafına töhfə vermək, gənclərin ideya istehsalında və biznes quruculuğunda fəal iştirakını təşviq etmək, yeni startapların formalaşmasına dəstək göstərmək və startapçılar arasında əməkdaşlıq mühitini gücləndirmək olub.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə