21 yaşları var. Məqsədləri Azərbaycan gənclərinin gücünü və qabiliyyətini sübut etməkdir. Onlar həm qlobal startap yaradıb ölkəmizi tanıdır, həm də bu layihə ilə cəmiyyətə kömək etmək, ehtiyacı olan insanları sevindirmək üçün çalışırlar. Qarşılarına çıxan maneələrdən qorxmurlar. Çünki düşünürlər ki, maneələr onları aşmaq üçündür. Onlar üçün mümkünsüz heç nə yoxdur. Elə bu məqsədləri də, müsahiblərimizi ölkə hüdudlarından kənara çıxarıb, ideyalarını gerçəkləşdirmək imkanı yaradıb. ADA universitetinin dərs otağında yaranan və bir çoxlarının gülüş hədəfinə çevrilən ideya, ölkə daxilində və kənarında investorları heyrətləndirə bilir.
Xeberler.az bildirir ki, söhbət Kaspi-nin müsahibləri, gənc startapçılar, "Bakcell”in "AppLab” proqramının iştirakçıları, "Run2Help” layihəsinin yaradıcıları Heydər Gərayzadə, Albina Cəfərova və Səbinə Basariyevadan gedir.
"Yardım və biznesi birləşdirdik”
ADA universitetinin tələbələridirlər. Birlikdə bu yola 19 yaşlarında, ikinci kursda oxuyarkən baş vurublar: "Bir-birimizi birinci kursdan tanıyırıq. Dostluq əlaqələrimiz var idi. Hər birimiz fərqli sahələrdə özümüzü sınasaq da, bizi qane etmirdi. Öz işimizi yaratmaq istədik və "Run2Help” layihəsi üzərində işlədik”.
Layihənin necə yaranmasına gəldikdə isə hər şey Səbinənin "maraqsız” adlandırdığı dərsdə pəncərədən çölə baxması ilə başlayıb: "Pəncərədən həyətə baxanda, piyada gəzən insanlar diqqətimi çəkdi. Elə həmin an düşündüm ki, necə proyekt edə bilərik ki, həm sosial baxımdan xeyirli olsun, həm də pul qazandırsın. Yardım və biznesi birləşdirmək qərarına gəldik”.
Albina deyir ki, əllərində ideyalarından başqa heç nə olmayıb. Pulsuz və köməksiz, ideyalarını həyata keçirmək üçün çalışıblar: "Pulumuz yox idi, nə edəcəyimizi bilmirdik. Həmin vaxt ADA universitetində "Ideation” müsabiqəsi keçirilirdi. Biz də ideyamızla qatıldıq və 2-ci yerə layiq görüldük. Bu qələbə tətbiqetmənin daha üstün şəkildə inkişaf etdirilməsi üçün motivasiya mənbəyi oldu”.
"Hərəkət et, pul qazan”
Layihə haqqında məlumat verən Heydər deyir ki, "kömək etmək üçün qaç” mənasını verən startapın funksiyası, qət etdiyin məsafəni pula çevirməkdir: "Run2Help” layihəsi istifadəçinin gün ərzində atdığı addımları sayıb, onları pul vəsaitinə çevirən və qazanılmış məbləği xeyriyyə məqsədilə ianə etmək imkanı verən mobil əlavədir. Tətbiqetmənin əsas funksiyası gün ərzində yürüşlə (gəzmək, qaçmaq) qət edilən məsafəni ölçmək və kilometr vahidi ilə göstərilən bu rəqəmi pula çevirməkdir. Applikasiya vasitəsilə nə qədər çox hərəkət olsa, o qədər çox pul yığılır. Bu pul isə yalnız xeyriyyə məqsədilə, tətbiqetmədə qeyd olunan, ehtiyac içində olan hər hansı bir şəxs, uşaqlar evi və s. kimi insanlara dəstək olmaq üçün xərclənir. Xeyriyyə üçün əldə edilən pul vəsaiti tətbiqetmənin istifadəçilərindən deyil, könüllü olaraq bu təşəbbüsə dəstək olmaq istəyən şirkətlərdən təmin olunur. Şirkətlər, bu yolla həm ictimaiyyətə seçim haqqı qazandırır, həm də özünün sosial məsuliyyət imicini gücləndirir. Bundan əlavə, sözügedən mobil tətbiqetmə istifadəçilərinə özündə əks etdirdiyi interaktiv xəritə vasitəsilə ən yaxın idman mərkəzini tapmaqda kömək edir. Sizə yaxın yoqa mərkəzləri, futbol stadionları, üzgüçülük, oyun mərkəzləri, hətta yalnız xanımlar, uşaqlar üçün nəzərdə tutulan məkanları da tapmaq mümkündür. Tətbiqetmə, həmçinin öz istifadəçilərini idman mağazaları və ya zallarında istifadə oluna biləcək promo-kodlar vasitəsilə endirimlərlə də təmin edir. Layihəni yaratmaqda məqsədimiz insanları sağlam həyat tərzinə təşviq etmək və yardım etməkdir”.
"Collision 2018”də iştirak edək ilk startap…
Albinanın sözlərinə görə, layihə artıq yerli və beynəlxalq arenada uğurlar qazanıb: "Run2Help” komandası "Yeni fikir” yarışmasında yarımfinala qədər irəliləyib. Bu təcrübədən sonra layihə üzərində işləyərək 2017-ci ilin yayında "Climate Launchpad” (iqlim mövzusunda innovasiyalar sahəsində tətbiq edilən layihələrlə məşğul olan beynəlxalq startup yarışması) tərəfindən keçirilən seminarların iştirakçısı olduq. Həmin ilin sentyabr ayında biz tətbiqetməni İOS və Android platformaları üzərində inkişaf etdirmək üçün maliyyə dəstəyi ilə təmin edən İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun 12 min manatlıq qrant mükafatına layiq görüldük. Layihəmizi "Bakutel 2017” Beynəlxalq İnformasiya Texnologiyaları sərgisində nümayiş etdirərək sponsorlarla yanaşı, gələcək istifadəçilərimizin müsbət rəyini əldə etdik. 2018-ci ilin fevralında "Run2Help” komandası Azərbaycanın ilk mobil operatoru olan "Bakcell”in Applab İnkubasiya Mərkəzinin rezidenti adına layiq görüldü. Bu ilin aprel ayında, komandanın iki xanım üzvü – mən və Səbinə Basariyeva innovasiyalar sahəsindəki töhfələrinə görə, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Fəxri Fərmana layiq görüldük. 2018-ci ilin may ayında isə "Run2Help”, ABŞ-ın ən böyük və mötəbər texnologiya konfransı olan və Albert Qor (ABŞ-ın sabiq vitse-prezidenti), "Microsoft”un prezidenti Bred Smit kimi qonaqlara ev sahibliyi edən "Collision 2018”də "Bakcell”in dəstəyi ilə Azərbaycandan iştirak edən ilk startup oldu. 2018-ci ilin may ayının sonunda isə Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən beynəlxalq "Golden Byte” yarışmasının finalçısı olduq. Bu təşəbbüsün ən böyük dəstəkçiləri isə "Bakcell” və ADA universitetidir. İnnovasiya sahəsində lider olan "Bakcell” bizim layihəyə və digər gənc nəslin nümayəndələrinə inkişaf imkanları, məsləhətlər və hətta innovativ ideyaların həyata keçirilməsi üçün tələb olunan dəstəyi göstərir. "Bakcell”in "AppLab” proqramı innovativ platformanı təmin etməklə, bizə ideyalarımızı həyata keçirməyə kömək edir. Ən böyük dəstəyi odur ki, fikirlərimizi, ideyalarımızı dəyişmir, öz standartlarını tətbiq etməyə çalışmır. Ümid edirəm ki, bu layihə gənc startapçılara dəstək göstərməyə davam edəcək və biz yerli gənclərin daha böyük uğurlarının şahidi olacağıq”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri