Pandemiyanın artırdığı elektron ticarəti qoruyub saxlaya biləcəyikmi? Rəylər

29-12-2020 / 11:24

Koronavirus pandemiyası bütün dünyada insanların davranış və həyatlarında ciddi dəyişikliklərə gətirib çıxarıb. Bu dəyişikliklər müxtəlif ölkələrdə müxtəlif xarakterlidir. Azərbaycanda pandemiyanın insanların həyatında ən mühüm dəyişikliyi alış-veriş formasındadır desək, yəqin yanılmarıq. Mart-aprel aylarından etibarən ölkədə tətbiq olunan sərt karantin, küçəyə çıxma yasağı insanları öz alış-verişlərini maksimum uzaqdan reallaşdırmağa vadar etdi. Əvvəllər əsasən elektronik əşyalar, geyim, özü də xaricdən onlayn əldə olunurdusa, cəmi 5-6 ay ərzində Azərbaycan əhalisinin ciddi bir kəsimi əksər ehtiyaclarını internet üzərindən təmin etməyə başladı.

Xeberler.az Yeni Müsavat-a istinadən məlumat verir ki, elektron alver-ticarət inkişaf etmiş ölkələrdə çoxdan adi həyat tərzinə çevrilib. Əgər 2014-cü ildə elektron satışların həcmi 1,3 trilyon dollar təşkil edibsə, 2020-ci ilin 11 ayında bu göstərici 4,3 trilyon dollara çatıb. Proqnozlara görə, bu həcm getdikcə artacaq. İnkişaf etmiş ölkələrdə elektron ticarətdə müşahidə olunan əsas trend mobil cihazlar vasitəsilə alverin sürətlə artımıdır. Son 3 ildə bu yolla elektron ticarət 15 faizdən çox artıb. Əgər 2017-ci ildə elektron ticarətin 34,5 faizi mobil qurğular,əsasən də telefonlarla icra edilirdisə, hazırda bu göstərici 50 faizə çatmaq üzrədir. Daxil olmağa hazırlaşdığımız 2021-ci ildə mobil telefonlarla alış-verişin kəskin artacağı gözlənilir.

"Business Insider" və "eMarketer"in hesabatına görə, Qərbi Avropada pərakəndə ticarətin həcmi 9,9 faiz azalsa da, onun tərkibində elektron ticarətin həcmi 16,9 faiz artmaqla 498,32 milyard dollar təşkil edəcək. Əvvəlki proqnozda elektron ticarətin həcmindəcəmi 8,8 faiz artım nəzərdə tutulmuşdu. Bundan əlavə, onlayn ticarətin ümumi ticarət dövriyyəsindəki payı 13,2 faizə yüksəlir. Bu zaman bəzi Avropa ölkələrində artım ortalama göstəricidən daha böyük olacaq. Məsələn, İspaniyada İnternet-mağazalar satış həcmini 22,9 faiz artırıblar. Niderlandda bu göstərici 21,9 faiz, İtaliyada 20,5 faizdir.

Dünya elektron ticarətində bu sahədə aparıcı rola malik Çinin hesabına Asiya-Sakit okean hövzəsinin payı 62,6 faizə çatıb. Şimali Amerikaya dünya elektron ticarətinin 19,1 faizi, Qərbi Avropaya isə 12,7 faizi düşür.

Onlayn ticarətə keçid bu sahədə fəaliyyət göstərən nəhəng şirkətlərin gəlirlərində kəskin artıma səbəb olub. Məsələn, Cef Bezosun “Amazon”u bu ilin ikinci rübündə mal dövriyyəsini illik müqayisədə 40 faiz artıraraq 88,9 milyard dollar çatdırıb. İnternet nəhənginin xalis gəliri bu zaman 5,2 milyard dollar bərabər olub.

Yuxarıda qeyd etdik ki, pandemiya dövründə Azərbaycanda əhalinin vərdişlərində ən mühüm dəyişiklik elektron ticarətə üstünlük verilməsi olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-noyabr aylarında elektron ticarətin dövriyyəsi ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 2,4 dəfə çox olub.

Onlayn ticarətdəki artımı bir sıra digər göstəricilərdən də görmək mümkündür. Belə ki, Mərkəzi Bankın məlumatına görə, bu ilin noyabr ayı ərzində Azərbaycanda dövriyyədə olan kredit kartları ilə 179 milyon manat, debet kartları ilə isə 2 milyard 295 milyon manat həcmində əməliyyatlar həyata keçirilib.

Noyabr ayı ərzində kredit kartları ilə həyata keçirilən ölkədaxili əməliyyatların 42 milyon manatı ATM, 72 milyon manatı POS-terminal vasitəsilə həyata keçirilən, 42 milyon manatı isə elektron ticarət əməliyyatlarının payına düşüb. Eyni dövrdə debet kartları ilə həyata keçirilən ölkədaxili əməliyyatların 1,660 milyard manatı ATM, 254 milyon manatı POS-terminallar vasitəsilə həyata keçirilib, 277 milyon manatı isə elektron ticarət əməliyyatlarının payına düşüb. Beləliklə, iki növ kartla 1 ayda həyata keçirilən elektron ticarət əməliyyatlarının həcmi 319 milyon manata bərabər olub.

AMB-nin məlumatına əsasən, ölkə xaricində kredit kartları ilə noyabr ayında 23 milyon manat, debet kartları ilə isə 104 milyon manat həcmində əməliyyat həyata keçirilib. Bu da əvvəlki ayla müqayisədə 35,3 faiz və 19,3 faiz artım deməkdir.

Qeyd edək ki, bu ilin dekabrın 1-nə ölkədə dövriyyədə ümumilikdə 1 milyon 73 min vahid kredit kartı var. Bu, illik müqayisədə 42,9 faiz, aylıq müqayisədə isə 0,7 faiz çoxdur. Kredit kartları dövriyyədə olan ödəniş kartlarının ümumi sayında 7,2 faiz paya malikdir. Qeyd olunan dövrə Azərbaycanda 8 milyon 67 min vahid debet kartı olub. Kartların sayı aylıq müqayisədə 0,1 faiz, illik müqayisədə isə 25 faiz artıb.

Hökumət elektron ticarətin inkişafına nail olmaq üçün bir sıra addımlar atıb. 2018-ci ildə “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” təsdiqlənib.

Eyni zamanda hökumət biznesin elektron ticarət əməliyyatlarının genişlənməsinə dəstək verir. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan verilən məlumata görə, ölkədə “Made in Azerbaijan” brendinin təşviqi çərçivəsində elektron ticarətə dəstək mexanizmi hazırlanır.

Qurumun prezidenti vəzifələrini icra edən Yusif Abdullayevin sözlərinə görə, tətbiq olunacaq yeni mexanizmdə onlayn platformalarda məhsulların satışı ilə məşğul olan şirkətlərə zəruri dəstəyin verilməsi nəzərdə tutulur: “Mexanizmlərdə logistikanın subsidiyası, elektron kommersiyanın təşviqi və dəstəklənməsi, müəyyən limitlərlə patent və məhsulların dövlət hesabına xarici bazarlarda qeydiyyatı, ixrac istiqamətli nümunələrin göndərilməsi və s. nəzərdə tutulur. Bundan başqa, regional anbarların yaradılması məsələsi də gündəmdədir ki, onların bəzi ölkələrdə yaradılması satıcılara malların fasiləsiz təchizatını təmin etmək üçün imkan verəcək. ”Made in Azerbaijan" brendinin təşviqi mexanizmlərində hər bir şey elə düşünülüb ki, təki sahibkar məhsullarını satsın və razı qalsın".

Bundan əlavə, Dövlət Gömrük Komitəsi 2021-ci il yanvarın 1-dən etibarən təkmilləşdirilmiş “Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət” (Smart Customs) layihəsinin tətbiqinə başlayacaq. Komitənin yaydığı məlumata əsasən ölkədəki mövcud vəziyyətlə əlaqədar tətbiqinə müvəqqəti fasilə verilən “Smart Customs” daha da təkmilləşdirilmiş formada istifadəçilərə təqdim olunacaq.

Yanvarın 1-dən etibarən fiziki şəxslər tərəfindən poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişlərin “Smart Customs” tətbiqi ilə bəyan edilməsi məcburidir. Komitədən bildirildiyinə görə, yeni layihə elektron ticarətin daha şəffaf və sürətli şəkildə həyata keçirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığın təmin olunmasına, vətəndaş-məmur təmasının minimuma endirilməsinə, gömrük statistikasının düzgün aparılmasına, mövcud resurslardan səmərəli şəkildə istifadə edilməsinə şərait yaradacaq.

Osman Gündüz: “Onlayn alış-veriş sahəsində 4 ciddi problem var”

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün “Yeni Müsavat”a dediyinə görə, pandemiya elektron biznes üçün stimullaşdırıcı bir şərait yaradıb: “Yəni elektron alış-veriş üçün tələb formalaşıb. Lakin bu tələbi qarşılayacaq həcmdə təklif varmı? Problem burasındadır ki, yoxdur. İnsanlar evdən çıxmadan evində hər şeyi almaq istəyir, lakin sahibkarlıq subyektləri, biznes buna hazır deyil. Bunun da bir neçə mühüm səbəbi var. Əvvəla, elektron ticarət üçün oturuşmuş çatdırılma xidməti şəbəkəsi olmaldır, bu, bizdə yoxdur. Zamanında bu sahə inkişaf etməliydi ki, indi tələbi ödəmək mümkün olsun. Bu gün nəinki regionlara, heç Bakı ətrafındakı qəsəbələrə düz-əməlli çatdırılma xidməti formalaşmayıb. İkinci məsələ elektron ticarət üçün vacib olan rəqəmsal ödəniş sistemi, rəqəmsal bankçılıqdır. Dünyada belədir ki, sən bir onlayn alış-veriş saytı yaradırsan, ona bağlı bank xidmətini dərhal əldə edə bilirsən. Yəni hazır ödəniş sistemləri mövcuddur, çox qısa müddətə qoşulursan. Azərbaycanda isə belə bir saytı yaradıb hansısa bankla ödəniş sistemi qurmaq üçün həftələrlə vaxt itirirsən, çox vaxt da buna nail ola bilmirsən. Uzun illərdir ölkədə ”Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında" qanunun qəbulundan danışılır, hələ də ortada heç nə yoxdur. Burada müəyyən dairələrin inhisarçılıq maraqları var, ona görə də imkan verilmir qanun qəbul olunsun. Buna görə də oflayn biznesini sayta köçürən sahibkar ciddi problemlərlə üzləşir".

Ekspert vurğulayır ki, elektron ticarətlə bağlı üçüncü məsələ maariflənmənin aşağı səviyyədə olmasıdır: “Həm vətəndaşlarda, həm də biznesdə rəqəmsal ticarətlə bağlı savadlılıq aşağı səviyyədədir. Nəhayət, dördüncü problem keyfiyyətli internetlə əhatəlilik məsələsidir. 2014-cü ildə Dövlət Neft Fondundan bütün Azərbaycanın optik internetlə əhatə olunmasını nəzərdə tutan proqramın maliyyələşməsi üçün vəsaitin ayrılması nəzərdə tutulmuşdu. Lakin o proqram reallaşdırılmadı”.

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə