Qarabağın bərpasında “Rəqəmsal nəslin” rolu

23-02-2021 / 12:43

Uzun illər boyu regionların inkişafı və abadlaşdırılması bu və ya digər şəkildə bu regionların sənayeləşməsi və ya regionda aqrar sektorun inkişafı ilə bağlı idi. Ötən yüzillik inkişaf istiqamətlərinin siyahısına xidmət sahəsini, xüsusilə turizm sektoru də əlavə etdi. Bu üç istiqamət uzun müddətdir ki, regionların inkişaf etdirilməsində ideal vasitələr kimi qəbul olunurdu. Lakin, son illərdə müasir cəmiyyət rəqəmsal texnologiyaların təsiri altında sürətlə dəyişir və bu tamamilə yeni reallıqlar formalaşdırır.

Mobil rabitənin və İnternetin genişlənməsi, abunəçilər arasında smartfon istifadəçilərinin sayının artması, “Əşyaların İnterneti” (IoT), “Big Data”, 3D çap, “Blokçeyn”, “Süni İntellekt” (AI), kvant texnologiyaları, kiber-fiziki sistemlər və s. kimi texnologiyaların yaranması bu gün iqtisadi sistemin və cəmiyyətin inqilabi şəkildə dəyişməsi üçün material bir bünövrəni formalaşdırıb.

Vətən müharibəsində böyük qələbədən və torpaqlarımızın erməni işğalından azad olunmasından sonra Azərbaycanın qarşısında Qarabağın bərpası və regionun iqtisadi inkişafının təmin olunması kimi mühüm işlər durur.

Bu tapşırığı yerinə yetirmək üçün bölgənin nəyə ehtiyac duyduğunu düşünmək lazımdır. Mənim subyektiv fikrimə görə, bölgəyə ilk öncə onu bərpa edə biləcək əhali lazımdır. Çoxları qeyd edə bilər ki, əhalinin bu torpaqlara qayıtması üçün evlər tikilməlidir, kommunal və yol infrastrukturu, iş yerləri yaradılmalıdır. Artıq regionun iri aqrar və turizm mərkəzinə çevrilməsi haqqında təkliflər irəli sürülür. Lakin evlər və yuxarıda sadalanan infrastruktur, fikrimcə, ikinci dərəcəli amillərdir. Regiona onu bərpa edəcək, Qarabağda yaşayıb-işləyəcək, onun rifahı üçün çalışacaq gənclər lazımdır.

Artıq müasir gənclər rəqəmsal trendlərin təsiri altında düşüncə tərzlərini təmamilə dəyişiblər. Bu gün onlar məhz yüksək texnologiyaların təsiri altında formalaşan yeni sahələrdə çalışmağa həvəs göstərir, rəqəmsal imkanların geniş olduğu sferalarda özlərini realizə etmək barədə düşünürlər. İnternet və internet üzərindən çalışan ən müxtəlif rəqəmsal bağlantı imkanları bu gün daim onlayn həyata alışmış “rəqəmsal gənclər” üçün ilkin ehtiyaclardandır. Bu baxımdan məhz rəqəmsal infrastruktur yeni nəsil “rəqəmsal gənclər” üçün mühüm əhəmiyyət kəsb edir və belə bir ilkin ehtiyac duyulan infrastruktur olan yerdə gənclər yaşayacaq və quruculuq fəaliyyəti ilə məşğul olacaqlar.

Bu da o deməkdir ki, ilk öncə regionun rəqəmsal inkişafına nəzər yetirmək vacibdir. Qarabağda qabaqcıl rəqəmsal texnologiyaların, genişzolaqlı internetin tətbiqi zəruridir ki, gələcəkdə digər iqtisadi sahələrin inkişafı rəqəmsal texnologiyaların və rəqəmsallaşmış iqtisadiyyatın köməyi ilə gerçəkləşsin. Burada İnternet dedikdə, İnternetə qoşulma deyil, İnternet özündə bir sənaye növü olaraq nəzərə alınmalıdır. O sənaye növü ki, özündə bir neçə bazarları və inkişaf istiqamətlərini birləşdirir.

Analogiya aparsaq, qədim dövrdən bütün yaşayış məntəqələri yaşamaq üçün zəruri olan su mənbələrinin ətrafında tikilirdi. Qədimdə bütün müharibələr su mənbələrinə sahib olmaq üçün aparılırdı. Bu gün bizim yaşamaq üçün zəruri olan “suyumuz” - İnternet və qabaqcıl texnologiyalardır. Məhz bu yüksək texnologiyalar Qarabağın inkişafında mühüm rol oynayacaq. Müasir günümüzün tələbi və həqiqəti ondan ibarətdir ki, regionda gələcəkdə aqrar və turistik zonaların yaradılması üçün regionu rəqəmsal sənaye nöqteyi-nəzərindən bugünkü reallıqlara uyğun hazırlamaq lazımdır. Bütün bu sahələr isə gənclərsiz inkişaf edə bilməz, gənclər isə öz növbəsində müasir texnologiyalar olmadan regionun inkişafında iştirak etməyəcəklər. Bundan əlavə, regionda gənc nəslin olmaması regionu özünümüdafiə nöqteyi-nəzərdən də həssas edə bilər.

Qeyd etmək lazımdır ki, hökümət də regionun gələcək inkişafında yeni tendensiyaların və rəqəmsal texnologiyaların istifadəsinin vacibliyini anlayır. Ölkə Prezidenti cənab İlham Əliyev hesab edir ki, erməni işğalından azad olunmuş torpaqlar “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına əsasən bərpa olunmalıdır. Bu məsələni cənab Prezident yeni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyevi bu vəzifəyə təyin edən zaman videokonfrans formatında keçirdiyi qəbul zamanı bildirib. Dövlətimizin başçısı bildirib ki, bu işlər indidən planlaşdırılmalıdır ki, şəhərsalma aparılarkən, layihələr icra edilərkən mütləq dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunsun: “Bizim digər şəhər və kəndlərimizdə buna oxşar layihələri də icra etmək lazımdır. Çünki əgər biz bunu bu gün etməsək, sabah geri qalacağıq. Biz geri qala bilmərik”.

Prezident İlham Əliyev bərpa olunan enerji mənbələri və aqrar-sənaye kompleksi sahəsində qabaqcıl texnologiyaların istifadəsinin gələcək perspektivlərini də qeyd edib. Ölkə başçısının sözlərinə görə, azad edilmiş torpaqlar yüksək texnoloji inkişaf rayonları olmalıdır. Bütün bunlar üçün ilk növbədə zəruri zəmini, yəni ilkin rəqəmsal infrastrukturu hazırlamaq, məhz yüksək texnologiyalar istiqamətində azad edilmiş torpaqları inkişaf etdirməyə imkan verəcək bazanı yaratmaq lazımdır. Ölkəmizin əlverişli coğrafi mövqeyi, təbii və insan resursları, eləcə də ölkə başçısı, cənab Prezident İlham Əliyev tərəfindən son illərdə qəbul edilmiş dövlət proqramları, fərman və sərəncamlar buna imkan verir.

Xatırladaq ki, ölkə bu istiqamətdə addımlar atır. Ölkədə rəqəmsallaşma və dayanıqlı rəqəmsal infrastrukturun qurulması, eləcə də regionda yeni rəqəmsal ekosistemin formalaşdırılması istiqamətində ən mühüm addımlardan biri ölkəmizi qlobal İnternet şəbəkəsinə qoşan “AzerTelecom” şirkəti tərəfindən reallaşdırılan “Azerbaijan Digital Hub” proqramıdır. Proqram üç əsas blokdan (mərhələdən) – “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsi çərçivəsində Asiya və Avropa arasında Azərbaycan vasitəsilə qlobal fiber-optik infrastrukturun yaradılması; “Google”, “Amazon”, “Alibaba”, “Tencent””, “Apple”, “Netflix”, “Facebook”, “Microsoft”, “Baidu” və digər dünya provayderləri üçün qlobal Data Mərkəzin yaradılması; Azərbaycanda və bütövlükdə regionda rəqəmsal ekosistemin formalaşdırılmasından ibarətdir.

Qeyd etmək lazımdır ki, hələ keçən əsrin 90-ci illərinin ortalarından Ümummilli lider Heydər Əliyev tərəfindən Avropa və Asiya arasında Azərbaycandan keçən telekommunikasiya dəhlizinin yaradılması üzrə layihə təşəbbüsü irəli sürülüb. Bu gün Ümummilli liderin həmin təşəbbüsü “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsi şəklində reallaşdırılır və Azərbaycanın rəqəmsallaşma sahəsində inkişafı üçün yeni üfüqlər açır. Tarixi İpək Yolunun yerində reallaşdırılan qlobal “Rəqəmsal İpək Yolu” layihəsi təkcə Azərbaycanın deyil, həm də qitələri birləşdirən yeni telekommunikasiya dəhlizinin keçəcəyi ərazilər vasitəsi ilə Avropa və Asiya ölkələrinə də inkişaf üçün imkanlar yaradır.

Hal-hazırda “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsi çərçivəsində Xəzər dənizin dibi ilə Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan marşrutları üzrə fiber-optik kabel xətlərinin çəkilməsi layihələri başladılıb. Paralel olaraq, ölkə daxilində də fiber-optik kabel xətlərinin çəkilməsi layihəsi icra olunur. Xətlərin çəkilməsi layihəsi infrastrukturun modernləşdirilməsi çərçivəsində dəmir yolu xəttinin qoruyucu zolağı boyunca aparılır. Bu proses çərçivəsində “AzerTelecom” fəal şəkildə “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlıq edir.

Layihənin həyata keçirilməsi qonşu dövlətlər olan Rusiya, Gürcüstan, Türkiyə və İran ilə dayanıqlı genişzolaqlı fiber-optik kabel şəbəkəsinin formalaşmasına impuls verəcək. Ümumilikdə, proqramın həyata keçirilməsi Azərbaycanın təkcə Cənubi Qafqaz üçün deyil, həm də Yaxın Şərq, Orta Asiya və Cənubi Asiya üçün daha geniş mənada rəqəmsal xidmətlər mərkəzi olmasına imkan verəcək. Yeni İnternet mübadiləsi nöqtəsi olaraq, London, Frankfurt, Sofia, İstanbul, Moskva, Amsterdam və Dubay kimi daha inkişaf etmiş mərkəzlərlə yanaşı, Bakı 1,8 milyard insanın müxtəlif rəqəmsal xidmətlərə çıxışını yaxşılaşdıracaq. Bu gün sözügedən proqram azad edilmiş torpaqların bərpa edilməsi üçün optimal qəlibdir.

Artıq bölgənin inkişafını sistemli və ardıcıl şəkildə həyata keçirmək istiqamətində işləmək qalır. Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, bu inkişaf istiqaməti mümkün variantlardan biri deyil, yeganə doğru olanıdır. Lakin əgər biz regionun inkişafında intensiv rəqəmsallaşma şəraitində yüksək texnologiyaları tətbiq etməsək, bu inkişafa “rəqəmsal” gəncləri cəlb etməsək, bu zaman biz Qarabağın inkişafında ləngimələri görə və regionun davamlı şəkildə subsidiyalardan asılı olması ilə üzləşə bilərik.

Fuad Allahverdiyev “AzerTelecom” MMC-nin Direktorlar Şurasının Sədri
“Azerbaijan Digital Hub” proqramının rəhbəri


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə