Qərbi Kaspi Universitetində robotlar yarışıb

26-05-2018 / 14:57

Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə məktəblilər arasında növbəti robototexnika olimpiadası keçirilib.

Xeberler.az bildirir ki,“LEGO xəttizləyən və Arduino sərbəst layihələri” robototexnika olimpiadası Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

Olimpiadada 5-11-ci sinif şagirdlərindən ibarət 30-dan artıq komanda iştirak edib.

Yarışın “LEGO xəttizləyən” formatında iştirakçı komandalar universitet tərəfindən təmin ediləcək olan LEGO EV3 robotları ilə onlara ayrılmış 2 saat ərzində xəttizləyən robot hazırlayıb əvvəldən təyin olunan xətt üzrə yarışıblar.

Arduino sərbəst layihələr formatında isə iştirakçılar universitet tərəfindən təmin olunan Arduino ilə onlara ayrılacaq olan müəyyən zaman ərzində öz layihələrini hazırlayıb münsiflər qarşısında təqdim ediblər.

Yekunda yarışın qalibləri hədiyyə və sertifikatlarla təltif edilib.

Yaxın günlərdə universitetdə olimpiadanın “Böyük Final” tədbiri də nəzərdə tutulur.

Qeyd edək ki, tədrisin keyfiyyətinin və praktik yönümünün gücləndirilməsinə yönəlmiş tədbirlər, eyni zamanda, infrastruktur layihələri həyata keçirən Qərbi Kaspi Universitetində bu tədris ilindən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparılır, universitetdə bu məqsədlə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də Yüksək Texnologiyalar Parkı (Texnopark) fəaliyyət göstərir. Texnoparkda biznes-inkubasiya mərkəzi, texnoloji transfer ofisi, mexatronika və robototexnika laboratoriyası, ideya bankı və başqa mərkəzlər var. Texnoparkdan sərbəst istifadə imkanı yaradılıb. Belə ki, ideyası olan tələbələr və şagirdlər texnoparka müraciət edərək dəstək ala bilirlər. Texnopark orta məktəb şagirdlərini müntəzəm olaraq müxtəlif layihələrə, praktik çalışmalara cəlb edir və onlarda mühəndislik sahələrinə olan marağı artırmaq, eləcə də bacarıq və qabiliyyətlərini inkişaf etdirmək üçün səy göstərir.

Texnoparkda işlənən layihələrdən biri artıq beynəlxalq miqyasda uğur qazanıb. Belə ki, Biznes-İnkubasiya Mərkəzində fəaliyyət göstərən üzvlərindən ikisi məktəbli olan, tələbəmiz Azər Nemanlının rəhbərlik etdiyi komandanın işlədiyi Vooby startap layihəsi İstanbul şəhərində keçirilən “İcatmakinesi” müsabiqəsində 800 layihə içərisindən 70 ən yaxşı layihədən biri kimi final mərhələsinə keçib və təltif edilib. Qeyd edək ki, bu layihə bu yaxınlarda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elektron Təhsil Respublika Müsabiqəsində birinci yerə layiq görülüb.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə