"Rəqəmsal maliyyə xidmətləri təklif edən startapların sayı artıb”

30-05-2023 / 13:58

Azərbaycanda ticarət əməliyyatlarının sürətlə rəqəmsallaşması özü ilə yeni tendensiyalar və imkanlar gətirir. Rəqəmsallaşmadan ən çox təsirlənən sektorlardan biri də elektron ticarət sahəsidir.

Xeberler.az məlumat verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov deyib.

Onun sözlərinə görə, ötən il ölkədə elektron ticarət vasitəsilə aparılan əməliyyatların sayı 2021-ci il ilə müqayisədə 2,4 dəfə, həcmi isə 2,5 dəfə artıb: “Həmçinin 2022-ci ildə internet bankçılıq xidmətləri vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 2021-ci illə müqayisədə 50 faiz artıb. Vətəndaşların onlayn mağazalar və rəqəmsal ödəniş sistemlərinə olan marağı yeni biznes imkanlarının formalaşmasına da şərait yaradıb. Rəqəmsal platformaların yaranması xidmət sektorunda ciddi dəyişikliklərə yol açıb. Buna misal olaraq qida çatdırılması, onlayn taksi sifarişi və ya beynəlxalq poçt daşıma xidməti kimi yeni bizneslərin daha da artmasını vurğulaya bilərik”.

O vurğulayıb ki, müasir texnologiyalar istehlakçılar üçün rahatlıq və əlçatanlıq, eləcə də sahibkarlar üçün yeni imkanlar təmin edir.

“Statistik məlumatlar da rəqəmsal imkanlardan istifadənin sürətlə artdığını göstərir. Belə ki, 2022-ci ildə ölkə daxilində ödəniş kartları ilə aparılan nağdsız ödənişlər 2021-ci illə müqayisədə 11,4 faiz artaraq 43,2 faizə bərabər olub. Rəqəmsallaşma marketinq sahəsinə də təsirsiz ötüşməyib. Şirkətlər məhsul və xidmətlərini tanıtmaq üçün onlayn reklam, sosial media kimi rəqəmsal marketinq strategiyalarını getdikcə daha çox istifadə edirlər. Bu, onlara daha geniş auditoriyaya çatmağa və marketinq strategiyasının effektivliyini artırmağa imkan verir. Rəqəmsallaşma Azərbaycanın maliyyə sektoruna da yeni imkanlar gətirib. Belə ki, ödəniş sistemləri və ya investisiyaların yatırılması kimi rəqəmsal maliyyə xidmətləri təklif edən “fintech” startapların sayında da artım müşahidə olunur”,- deyə A.Qədəşov qeyd edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə