“Sosial mediada etika” konfransında deyilənlər

18-03-2014 / 12:40
Martın 17-də İREX-Azərbaycan təşkilatı Bakıda “Sosial mediada etika” mövzusunda konfrans keçirib.
  
Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin və USAİD-nin dəstəyi ilə keçirilən konfransda QHT təmsilçiləri, jurnalistlər, onlayn media sahəsində ekspertlər iştirak ediblər.
“Turan”ın məlumatına görə, Böyük Britaniyanın Azərbaycanda səfiri İrfan Siddiq və ABŞ səfirliyinin media məsələləri üzrə nümayəndəsi Conas Stüart konfransı açarkən hökumətlərinin mühüm sosial kommunikativ ünsiyyət vasitəsi kimi sosial medianı dəstəklədiyini bildiriblər.
İREX-Azərbaycan təşkilatının direktoru Anjela Nikoara sosial mediada yayılan informasiyaların əsas problemlərindən danışıb, bu sırada informasiyanın dəqiqliyi, müəllifin təhlükəsizliyi, hüquqi bazadakı boşluqları göstərib.
“Jurnalist balans, obyektivlik, dəqiqlik, dürüstlük prinsiplərinə riayət etməlidir” deyən İREX-in Yeni Media layihəsinin rəhbər müavini Ələsgər Məmmədli bildirib ki, ölkədə sosial medianın rolu artsa da, sosial mediada etik normalar hələ formalaşmayıb. O qeyd edib ki, ölkədə ənənəvi mediada balans, dürüstlük problemi mövcud idi, indi də bu problem sosial şəbəkələrə keçib.
“Facebook”da yaradılmış “Sancaq Production” səhifəsinin moderatoru Mehman Hüseynov Azərbaycanda internetin qeyri-azad olduğunu vurğulayıb, ölkədə bloqçuların həbs olunduğunu xatırladıb.
“Qafqazinfo.az” xəbər saytının rəhbəri Elbrus Ərud etik motivlərlə jurnalistlərə göstərilən təzyiqlərə misallar çəkib, bir sıra iddiaların qəbuledilməz olduğunu söyləyib. O, sosial şəbəkənin əsas problemlərindən biri kimi müəllif hüquqlarının pozulduğunu da göstərib.
Jurnalist Xədicə İsmayıl KİV və söz azadlığı sahəsində qanunvericiliyi repressiv adlandırıb: “Bir tərəfdən hakimiyyət xoşagəlməz rəqiblərə qarşı qanundan istifadə edir, digər tərəfdən onları tənqid edən jurnalistlərin hüquqları pozulanda qanunun varlığını unudur”.
Müzakirələrdə əcnəbi ekspertlər – Rumıniyadan İoana Avadani, Böyük Britaniyadan İvor Qabor, ABŞ-dan Randi Kovinqton də iştirak ediblər. Onlar konfransa onlayn rejimdə qatılıblar, sosial mediada etika məsələləri barəsində fikirlərini bölüşüblər, konfrans iştirakçılarının suallarını cavablandırıblar. (mediaforum.az)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə