Sualtı internet infrastrukturu: Qurulması və əhəmiyyəti

19-05-2020 / 16:08

Ötən əsrin 60-cı illərində yaranan internet 90-cı illərdə kommersiya istifadəsinə verilib. Artıq 30 ilə qədər bir müddətdir ki, internet insan həyatının ayrılmaz bir hissəsinə çevrilib və bu proses hər il daha da dərinləşir.

Hər ötən il rəqəmsallaşmanın sürətlənməsi, texnologiyaların inkişafı internet üzərindən milyonlara insanın ünsiyyət qurmasına, dövlət və özəl sektorun öz xidmətlərini onlayn platformalardan təqdim etməsinə, daha iri həcmli məlumatların ötürülməsinə, ticarətin elektronlaşmasına səbəb olur.

Son üç ayda koronavirus pandemiyası ilə əlaqədar olaraq biz internetdən daha intensiv istifadəni, xidmətlərin sürətli rəqəmsallaşmasını müşahidə edirik. Əgər biz hazırki rəqəmsallaşma səviyyəsinə təqribən bir neçə ildən sonra çatacaqdıqsa, pandemiya bu rəqəmsal transformasiya prosesini, başqa sözlə desək rəqəmsal inkişafı sürətləndirdi. Bəs sürətli rəqəmsallaşmanın əsasında dayanan internet bağlantısı və bu bağlantını kəsintisiz, dayanıqlı edən hansı infrastrukturdur və o necə qurulub?

Qlobal internet infrastrukturu mürəkkəb quruluşa malikdir

İnternet infrastrukturu əsasən yerüstü, sualtı və peyk infrastrukturuna əsaslanmaqla mürəkkəb bir quruluşa sahibdir.

Yerüstü infrastruktura Amerika və Avropada, eləcə də digər qitələrdə yerləşən İnternet Mübadilə Mərkəzləri (Frankfurt, Stohkolm, Amsterdam, London, İstanbul, Nyu York, və s. şəhərlərdə yerləşən mərkəzlər), informasiyanın toplandığı Data Mərkəzlər, İnternet Servis Provayderlərinin binaları, baza stansiyalar, eləcə də onları birləşdirən yerüstü magistral fiber-optik kabel xətləri daxildir. Sualtı infrastruktura qitələri birləşdirən okean və dənizaltı magistral fiber-optik kabel xətləri daxildir. Peyk infrastrukturuna isə yerətrafı orbitdə yerləşən telekommunikasiya peykləri daxildir ki, onlar internet bağlantısı üçün siqnalı yerüstü mərkəzdən alaraq digər yerüstü mərkəzə ötürür və internet bağlantısının yaranmasını təmin edirlər.

Hazırda dünya üzrə internet rabitəsinin 99%-i məhz yerüstü və sualtı kabellər vasitəsilə verilir. İnternetin peyk üzərindən verilməsi xidmətindən isə az istifadə olunur, çünki peykdən məlumat ötürülməsi gecikmə ilə müşaiyət olunur və iri həcmli məlumatların verilməsində çətinlik yaranır. Peyk üzərindən bağlantı internet rabitəsinin qurulmasının coğrafi cəhətdən çətin olduğu və mümkün olmadığı ərazilər üçün əvəzedilməz xidmətdir.

Bəs magistral kabel xətləri, xüsusilə sualtı (okean və dənizaltı) magistral kabellər necə formalaşıb və əhəmiyyəti nədən ibarətdir?

İlk okeanaltı qitələrarası kabel xətti 1858-ci ildə İrlandiyadan Kanadaya - Nyufaundlendə qədər çəkilib (Transatlantik teleqraf kabel xətti) və Avropa ilə Amerika qitələri arasında teleqraf rabitəsini mümkün edib. Lakin rabitə stabil olmayıb. Köhnə və yeni qitə arasında stabil rabitə yalnız 1866-cı ildə yaranıb.

Amerika və Avropa arasında okeanaltı ilk teleqraf xətti

1870-ci ildə isə Böyük Britaniya ilə Hindistan arasında teleqraf kabel xətti çəkilib. Sonrakı illərdə isə kabel xətlərinin sayı daha da artıb. Daha sonra 1950-ci illərdə artıq telefon rabitəsinə imkan verən ilk okeanaltı kabel xətti qurulub. ABŞ, İngiltərə və Kanadanı birləşdirən TAT 1 (Transatlantic 1) telefon rabitəsi xətti 1956-cı ildə istismara verilib.

İnternetə tələbat okeanaltı kabel xətlərinin çəkilişini zəruri edib

XX əsrin sonlarında isə internet bağlantısının mümkün edilməsi üçün artıq okeanların dibi ilə magistral fiber-optik kabel xətlərinin çəkilişinə başlanılıb. Hazırda dünyada ən müxtəlif dövlətlər və şirkətlər tərəfindən çəkilən sualtı kabel xətlərinin sayı artır, internetə olan tələbat iri internet operatorları və kontent provayderlərini qitələr arasında uzunluğu minlərlə kilometr olan infrastruktur şəbəkəsi yaratmağa sövq edir.

Mövcud okeanaltı magistral fiber-optik kabel xətlərinin əks olunduğu xəritə

Məsələn, “Google” şirkətinin sahibi olduğu və bu il istifadəyə veriləcək “Curie” kabel xəttinin uzunluğu 10.476 km dir. Kabel xətti ABŞ-ın Los Anceles şəhərindən Panamanın Bilbao şəhəri və Çilinin Valparaiso şəhərləri arasında çəkilib. Məlumat ötürmə gücü 72 terabit/s olacaq.

“Facebook”, “Microsoft” və “Telxius” şirkətlərinin birgə sahib olduqları və 2018-ci ildə istismara verilmiş 6605 km uzunluğunda olan “MAREA” kabeli isə ABŞ-ın Virciniya sahilindən İspaniyanın Bilbao şəhərinə qədər uzanır. Məlumat ötürmə gücü 160 terabit/s təşkil edir.

“Amazon”, “Facebook”, “NTT Communications”, “PLDT”, “PCCW Global” və “SoftBank” şirkətlərinin birgə sahibi olduqları “JUPITER” magistral kabelinin uzunluğu 14.557 km, məlumat ötürmə gücü isə 60 terabit/s təşkil edəcək. 2020-ci ildə istismara veriləcək kabel xətti ABŞ, Fillippin və Yaponiyanı birləşdirəcək.

Həmçinin, ölkələri birləşdirən qısa kabel xətləri də var. Məsələn, 2012-ci ildə istismara verilmiş, 131 km uzunluğunda olan “Celtix-Connect-1” dənizaltı kabel xətti Böyük Britaniya ilə İrandiyanı birləşdirir.

Onu da qeyd edək ki, hazırda Xəzər dənizinin dibi ilə də magistral fiber-optik kabel xətlərinin çəkilməsi layihəsi aparılır. Layihənin icrası ilə Azərbaycanın da adı artıq dünyada sualtı internet kabel infrastrukturuna sahib olan ölkələrin siyahısına əlavə ediləcək. Azərbaycanla Orta Asiya ölkələri (Qazaxıstan və Türkmənistan) arasında Xəzər dənizinin dibi ilə çəkiləcək Transxəzər Fiber Optik kabel xətləri təkcə Xəzərin Şərq və Qərb sahillərində yerləşən dövlətləri deyil, ümumilikdə Avropa ilə Asiyanı Azərbaycan vasitəsilə birləşdirəcək və tarixi ipək yolunun üzərində Azərbaycan üzərindən rəqəmsal ipək yolunu formalaşdıracaq. Bu, Asiya ökələrinin internetə artan ehtiyaclarının Azərbaycan vasitəsilə təmin edilməsinə imkan verəcək, gələcəkdə Azərbaycanın regionun rəqəmsal mərkəzinə (Digital Hub) çevrilməsinə şərait yaradacaq. Azərbaycanla Qazaxıstan arasında uzunluğu 400 km olan kabel xəttinin (məlumat ötürmə gücü 4-6 terabit/s) operatorları 2019-cu ildə imzalanmış dövlətlərarası sazişə əsasən, Azərbaycan tərəfdən “AzerTelecom”, Qazaxıstan tərəfdən isə “KazTransCom” və “Transtelecom” telekommunikasiya operatorlarıdır. Azərbaycan və Türkmənistan arasında Xəzərin dibi ilə uzunluğu 300 km təşkil edəcək fiber-optik kabel xəttinin (məlumat ötürmə gücü 2-4 terabits) operatorları isə ötən il Aşqabadda imzalanmış dövlətlərarası sazişə əsasən, Azərbaycan tərəfdən “AzerTelecom”, Türkmənistan tərəfdən isə “Türkməntelekom” telekommunikasiya operatorlarıdır.

Sualtı magistral kabel xətləri xüsusi gəmilər vasitəsilə çəkilir

Sualtı (dənizaltı və okeanaltı) kabel xətlərinin çəkilişi çox mürəkkəb bir prosesdir. Kabel xətləri dənizin/okeanın dibində müxtəlif dərinlikdə, 3-4 km-ə qədər, hətta daha dərinlikdə xüsusi gəmilər vasitəsilə çəkilir. Gəmi kabeli sahildən başlayaraq dənizin/okeanın dibi ilə əvvəlcədən hazırlanmış təhlükəsiz marşrut üzrə sualtı maneələrdən (batmış gəmi hissələri, mərcan rifləri və digər süni və təbii maneələr) kənar hamar olan səthlər üzərindən çəkməlidir.

Xüsusi gəmi suyun altında fiber-optik kabelin müvafiq marşrut üzrə çəkilişini aparır

Lakin yerüstü kabel infrastrukturu kimi sualtı kabel infrastrukturu da təbii və süni halların təsiri ilə zədələnə bilir. Maraqıdır ki, okeanlarda sualtı kabel xətləri bir sıra hallarda hətta köpəkbalıqları tərəfindən də zədələnir. Onları rabitə xətlərinə cəlb edən səbəblər tam olaraq bilinmir. Bundan başqa gəmilərin lövbərləri, balıqçıların torları, su altında baş verən müxtəlif təbiət hadisələri də kabellərin zədələnməsinə yol aça bilir. Zədələnmiş kabellərin bərpası üçün isə həmin əraziyə xüsusi təmir gəmisi göndərilir və fiber-optik kabel dayaz hissədə suyun üzərinə çıxarılaraq təmir edilir, dərinlikdə isə təmir işləri suyun altında aparılır.

İnternet bağlantısına olan tələbatın ödənilməsi, iri həcmli məlumatların yüksək sürətlə və az gecikmə ilə ötürülməsi üçün qitələrarası magistral fiber-optik kabel xətlərinin sayı hər il artır. Telekommunikasiya bazarını araşdıran və məsləhət xidmətləri təqdim edən “Telegeography” şirkətinin məlumatına əsasən, hazırda təxminən 400-dən çox okeanaltı kabel xətləri mövcuddur və bu xətlərin ümumi uzunluğu 1.2 milyon km təşkil edir. Təkcə 2016-2020-ci illər ərzində ümumi uzunluğu 400 min km, dəyəri isə 13.8 milyard dollar təşkil edəcək 107 yeni sualtı kabel xətlərinin istifadəyə verilməsi planlaşdırılıb.

Lakin elm və texnikanın sürətli inkişafına baxmayaraq hələ də dünyanın bütün hissələrində yerüstü və ya sualtı magistral kabel infrastrukturunu qurmaq mümkün olmur. Bu gün dünyada internet şəbəkəsinə fiziki olaraq (sualtı və yerüstü kabel xətləri ilə) bağlanmayan yeganə kontinent Antarktidadır. Oradakı tədqiqat stansiyaları yüksək məlumat ötürücülük qabiliyyətinə sahib peyk rabitəsindən istifadə edirlər. Lakin bu da iri həcmli məlumatların tam olaraq ötürülməsini təmin etmir.

Bu gün internet infrastrukturunun inkişafına yatırılan sərmayələr bağlantı xidmətlərini daha sürətli, dayanıqlı və kəsintisiz edir, internetə qoşulan insanların və əşyaların sayı durmadan artır. Bütün bunlar isə qədəm qoyduğumuz dördüncü sənaye inqilabı şəraitində rəqəmsallaşmanı daha da sürətləndirir.

Əlimərdan Sultanov


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə