“Texnologiyanın inkişafı tibb elmində böyük rol oynayır”- Müsahibə

22-09-2015 / 12:35

Xeberler.az-ın “İnformasiya texnologiyaları tanınmışların həyatında” rubrikasının növbəti qonağı  Azərbaycan Tibb Universitetinin dosenti, tanınmış tibb elmləri namizədi Rəşid Mahmudovdur.

Rəşid Mahmudov ilə müsahibəni təqdim edirik:

-Rəşid müəllim, texnologiyalarla tanışlığınız necə başlayıb?

-İnternet, texnologiya uzun zamandır həyatımıza daxil olub. İlk vaxtlar bu texnologiyalardan istifadə edərkən çətinlik çəkirdim. Daha sonra oğlum və gəlinim mənə necə istifadə etmək lazım olduğunu öyrətdi. İnternetdən daha çox elmi  araşdırmalar apardığım zaman istifadə edirəm.

-Rəşid müəllim siz həkimsiniz, maraqlıdır sizcə internet və texnologiyaların insan səhhətinə nə kimi ziyanları ola bilər?

- İnternet çox gözəl bir şeydir. Lakin, internetdə 45 dəqiqədən çox vaxt keçirmək xəstəlikdir. İnsanın yaddaşını zəiflədə, gözlərində problem yarada bilər. İnternet insanın psixologiyasına təsir edə bilər. Bunlar internetin bəlasıdır. Xarici alimlər yaddaş zəifləməsini kompüter və texnologiyaların inkişafı ilə əlaqələndirirlər. Təkcə bu səbəb yaddaşın zəifləməsi üçün kifayət deyil. Ən vacib məsələ suyun yodlaşdırılmasıdır. Əgər biz içdiyimiz suyun yodlaşdırılması prosesini həyata keçirsək, o zaman daha ağıllı olarıq və yaddaş zəifliyi kimi problemimiz olmaz. Suyun yodlaşdırılmasına adi bir məsələ kimi baxmaq olmaz. Bu məsələ insan orqanizmi üçün çox əhəmiyyətlidir. Hazırda bununla bağlı araşdırmalar aparıram və bu zaman internet mənim köməyimə çatır.

-İnternetdən başqa hansı məqsədlərlə istifadə edirsiniz?

-İnternetdən söhbət etmək, mesajlaşmaq əvəzinə elmi araşdırmalar zamanı istifadə edirəm. Tibbdə olan yeniliklər, yeni texnologiya, tibbi avadanlıqlar haqqında olan məqalələri oxuyuram. Hətta texnologiyaların inkişafı  ilə bağlı olan xəbərləri oxumaq üçün pul verib abunə yazılıram. 3 ay ərzində olan texnoloji yenilikləri mənə göndərirlər. Məsələn, beyin xərçənginin başqa hüceyrələrə ziyan vurmaması üçün yeni texnologiya yaradılıb. Lakin bu barədə heç bir yerdə məlumat yoxdur, amma mən bilirəm (gülür).

-Elektron poçt sistemindən istifadə edirsinizmi?

-Nadir hallarda. Yadıma gəlir, bir dəfə Hacettepe universitetinin rektoru ilə bu vasitəylə əlaqə saxlamışdım. Daha sonra isə telefonla əlaqə saxladıq. Belə olanda e-maildən istifadə edirəm.

-Bəs sosial şəbəkələrdən necə, aktiv istifadə edirsinizmi?

-Facebook-da səhifəm və profilim var. Oğlum və gəlinim mənim üçün bu hesabı açıb. 10-15 gündən bir səhifəmi izləyirəm. Elmi araşdırma və işlərim olduğuna görə hər gün baxmağa vaxtım olmur. Son zamanlar televiziyada daha çox oğulun atasına , ananın qızına qarşı zorakılığı kimi hallara rast gəlirik. Bunu sosial şəbəkələr, internetin inkişafı ilə əlaqələndirirlər. Düzdür, bu faktor da rol oynayır, lakin əsasən bu geni dəyişdirilmiş qidalarla bağlı olan məsələdir. Digər insanların paylaşımlarına çox baxa bilmirəm. Amma sosial şəbəkələrdə paylaşımlar etmək çox yaxşıdır. Məsələn,  suyun yodlaşdırılması ilə bağlı məlumatları, onun faydaları haqqında deyirəm və mənim adımdan gəlinim paylaşır. Texnoloji işlərə mən baxmıram(gülür).  Mənim həm vaxtım yoxdu, həm də internet elə bir xəstəlikdir ki, gərək saatlarla onun başında oturasan. Elə insanlar var ki, mənə sual ünvanlayırlar, onlara vaxt tapdıqca cavab verirəm.

-İnternetin insanlarda asılılıq yaratması haqqında nə düşünürsünüz?

- Amma internetdən sağlam olaraq 45 dəqiqə istifadə etsələr heç bir problemlə qarşılaşmazlar. Təkcə internet yox, bir nöqtəyə 1 saat dayanmadan baxdıqda  insanın gözündə problemlər yaranır. Xüsusən, uşaqlara pis təsir edir.

-Rəşid müəllim, gənc oğlan-qız qarşı-qarşıya əyləşiblər və öz mobil telefonunda nəyləsə məşğuldur. Buna münasibətiniz necə olardı?

-Elə insanlara normal baxmıram(gülür). Sosial şəbəkədə tanış olub evlənənlər də var. Elələrindən  ailə başçısı olarmı? Əvvəlcədən deyirəm ki, elə ailə quranlar boşanacaq və proqnozlarım düz çıxır , boşanırlar. Onlar ağıllı işlər deyil. Kompüterdən elm, sənət öyrənmək, maraqlı informasiyalar əldə etmək üçün istifadə etmək lazımdır. Yoxsa bəzi adamlar gecəsini gündüzünə qatır ki, məktub yazacam(gülür).

-Rəşid müəllim, dərs zamanı kompüter, elektron mühazirə və proyektorlardan necə,  istifadə edirsinizmi?

- Universitetdə bütün keçdiyim dərsləri multimedia halına salınıb. Bu dərsləri internetə yükləmək istəyirik. Bununla da tələbələr dərsləri onlayn olaraq izləyə biləcəklər. Biz bütün sistemi kompüterləşdirmişik. Dərs zamanı animasiyalardan istifadə edirik. Bununla da tələbələr daha dərsi yaxşı qavrayırlar.

Sizcə 10 il uzağa baxsaq, texnologiyalar bizi idarə edəcək, yoxsa daha çox həyatımızı asanlaşdıran bir vasitəyə çevriləcək?

- Ümumiyyətlə, texnologiyanın inkişafı tibb elmində böyük rol oynayır. Alimlər hər gün yeni texnologiyalar ixtira edir. Bu isə səhiyyənin inkişafına, xəstəliklərin daha tez müalicə olunmasına gətirib çıxarır. Texnologiyalar həyatımızı asanlaşdırır.  10 il sonra inanmıram ki, texnologiya bizi idarə etsin.

 

Sevinc Əsədova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə