Xeberler.az bildirir ki, 26-29 May tarixlərində Bakıda “Teknofest” festivalı keçirilib. Düzü festivala hazırlıq müddəti o qədər də diqqətimi cəlb etmirdi. Lakin festival məni fikirlərimdə yanıltdı.
Festivalın açılış günü tələsə-tələsə “28 May” metrosunun yanından üstündə “TEKNOFEST” yazılmış avtobusa doğru gedirəm. Avtobusa minirəm və yerlər dolan kimi yola düşürük. Bu nüansı çox bəyəndim. Yəqinki pandemiyanın da buna təsiri var. Avtobus bizi ünvana çatdırdıqdan sonra festivalın keçirildiyi əraziyə yollanırıq. Girişdəki sıra gözümü qorxutsa da nəzarətçilər sürətli şəkildə yoxlanış aparırdılar.
Festival ərazisinə daxil olduqdan sonra fikirlərimdə yanıldığımı anlayıram. Yeni texnologiyalar, innovasiyalar və s. insanların marağına səbəb olur. Festival başlayandan bir neçə saat sonra artıq bütün biletlər satılır.
Möhtəşəm hava şousunu izlədikdən sonra “Cristal Hall”a daxil olaraq ordakı stendlərə yaxınlaşıram. Uşaqların hələ məktəb yaşlarından yeniliklərə açıq olmaları, istedadlarını üzə çıxara bilmələri üçün şərait yaradılması məni qürurlandırır.
İlk diqqətimi çəkən “Zəfər” komandasının layihəsi olur. Layihəsinin yanında fəxrlə dayanan oğlana yaxınlaşaraq özünü təqdim etməsini xahiş edirəm. Beləliklə onun Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsi şəhidi, Vətən müharibəsi qəhrəmanı Əfqan Abdurahmanovun oğlu Əlibəy Abdurahmanov olduğunu öyrənirəm. Layihənin kapitanı olan Əlibəy Abdurahmanov öz layihəsi haqqında bizi məlumatlandırır.
“Layihəmiz “ağıllı bitki suvarma sistemi” adlanır. Əsas məqsəd günümüzdə aqrar sistemdə olan bir çox problemin qarşısını almaqdır. Məsələn su itkisi, enerji çatışmamazlığı və ya ani iqlim dəyişməsi zamanı yaranan məhsul itkisinin qarşısını almaqdır. Sistem “Arduino mega” sayəsində özünü tam avtonom şəkildə idarə edə bilir.Bitkilərimizə sensorlar qoşulub. Sensorlar hər an bitkinin nəmişliyi barədə “Arduino mega”ya məlumat ötürür. Bu məlumat sayəsində sistem motorlarımızı açıb-bağlaya bilir.
Burada istifadə etdiyimiz sistem “Damlama” sistemidir. Bu sistemin əlverişli cəhəti odur ki, hər bitkiyə eyni miqdarda su ötürə bilir. Yerin altında drenaj sistemi qurmuşuq. Bu sistemdə itkiyə gedən su yenidən toparlanıb filterdən keçirilərək istifadəyə verilir. Suya dərman da qata bilərik. Bunu bitkiyə ya mineral dəstək, ya da ki, həşəratlara qarşı silah kimi istifadəetmək olar. Meteoroloji stansiya isifadə etmişik. Bu stansiyanın bir çox funksiyası olsa da əsas cəhəti odur ki, yağışın yağdığını başa düşə bilir, kvadrat başına düşən yağışı ölçür. Arduinoya məlumat verir və həmin an suvarma prosesini dayandıra bilir.
Həmçinin günəş panellərindən istifadə etmişik. Bu da enerjiyə qənaət etmək üçün düşünülmüş bir plandır. Tam olaraq təmin etməsə də şəbəkədən kənar istifadə olunur.”
O bildirir ki, bu layihədə iki cür sensordan istifadə olunub.
“Biri nəmişlik sensorudur, bitkinin kökünə batırılır. Bu sensor daha çox bitkinin suvarılmaya başlamasını təmin edir. Çünki suvarma başladıqdan sonra sensor düzgün işləyə bilmir. Ona görə də torpağın altına yerləşdirdiyimiz ikinci sensor- Ultrasonik səs sensorudur. Bu sensor su ilə arasında 4 metr məsafə varsa onu bilir və yarasalardakıkimi xüsusi səs dalğası ötürür. Beləliklə Arduino megaya məlumat ötürülür, sistem bağlanır və drenaj sistemi işə düşür.”
Bu layihədə əziyyəti olan hər bir komanda üzvünə- Ayan Yusifzadə, Nurlan Mirzəzadə, Nurlan Qənbərov, Nihad Novruzov, Nihad Orucluya uğurlar arzu edirik.
Ətraflı məlumat aldıqdan sonra Əlibəyə layihəsi ilə birlikdə bir foto çəkmək istədiyimizi bildiririk. Və bütün komanda layihənin ətrafına toplanır.
Layihəyə rəhbərlik edən komandaya uğurlar arzuladıqdan sonra digər stendləri incələməyə başlayıram. “Technocad” komandasının stendinə yaxınlaşaraq komanda üzvləri və layihə ilə tanış oluram. Komandaya Mehdi Musayev kapitanlıq edir. Məsləhətçisi isə Çinarə Kazimovadır. Layihə üzvləri Yusif Mirzəzadə, Mürşüd Hüseynli, Əlikərim Fərəcov, Əbduləziz Qafarov, Rəşad Oruclu və Nihad Qənbərov layihələrini qürurla təmsil edirdilər. Məktəbli uşaqlar öz layihələrinin başına yığışaraq onlara verilən sualları cavablayırdılar. Mən də onlara yaxınlaşıb, layihə ilə maraqlandığımı bildirirəm. 20 nömrəli məktəb-liseyin 9-cu sinif şagirdi Nihad Qənbərov böyük həvəslə öz layihəsi haqqında məlumat verir.
“Bizim layihəmiz “Ağıllı zibil qutusu” adlanır. Bu zibil qutusunun əllə toxunulmadan avtomatik olaraq qapağı açılır. Həm gigiyenik cəhətdən təmizdir, həm də əlillərimiz, qazilərimiz, sağlamlığı məhdud olan digər şəxslər şəhərdəki ayaqla açılan zibil qutularından istifadə edə bilmirlər. Zibil qutusuna yaxınlaşarkən sensorlar sayəsində zibil qutusunun qapağı açılır, zibil atıldıqdan sonra avtomatik olaraq bağlanır. Buna cavabdeh olan ultrasonik sensor, mikrobit və arduino plataları və 6 ədəd batareyadır. Layihəmiz 3D “Flashprint” printerində çap olunub. Bütün materiallar ekoloji olaraq təmizdir.”
Nihad bizi öz layihəsi ilə tanış edir, zibil qutusunun necə işlədiyini əyani şəkildə göstərir. Daha sonra bizimlə öz təəssüratlarını bölüşərək qeyd edir ki, belə yarışmaya ev sahibliyi etmək çox gözəl duyğudur.
Uşaqların bu qədər bacarıqlı, dünyagörüşlü olması təqdirə layiqdir. Təbii ki, hər bir uşağın uğur qazanmasında təhsil ocağı böyük rol oynayır. Əminəm ki, uşaqların uğurlarında da, səhvlərində də məktəb kollektivinin rolu böyükdür. “Technocad” komandasına da 20 saylı məktəb-liseyin direktoru Esmira Ağayeva bu yolda dəstək olur.
Onu da qeyd edim ki, Nihad Qənbərov ABŞ-da keçirilən "VEX Robotics World Championship 2022" yarışmasının qaliblərindəndir və təzəlikcə vətənə kubokla qayıdıb.
İndiki zamanda, qadın-uşaq zorakılıqlarının, intiharların, psixoloji problemlərin durmadan artdığı şəraitdə uğurlu gələcək görmək adamı xoşbəxt edir. Elə bunu düşünərkən qarşıma bir tablo çıxır. Rəngləri, üzərindəki təsvir diqqətimi cəlb edir. Bu zaman gülərüz bir xanım bizə yaxınlaşaraq tablo ilə tanış etmək istədiyini bildirir. Beləliklə onun komanda kapitanı olduğunu öyrənirik. Günay Abdullayeva bizi öz layihəsi ilə tanış edir. Günay xanım Tovuz rayonundan gəldiyini və layihəsinin öz ixtiraları olduğunu bildirir.
“Biz Tovuzdan gəlmişik, bizim layihəmiz psixoloji cəhətdən onlayn diaqnozun qoyulması üçün ixtira etdiyimiz prototipdir. Prototipimizi yerləşdiririk iş masamızın üzərinə və biz həyatımıza davam etdikcə psixoloq bazadan prototipdəki rəngləri dəyişir. Həmin rənglərə verəcəyimiz reaksiya, həmin anki jestlər və mimikalar toplanaraq psixoloqun notbukuna ötürülür. Və biz psixoloji mərkəzə yaxınlaşdıqda artıq bizim diaqnozumuz hazır olur. Həm pula, həm də vaxta qənaət etmiş oluruq və birbaşa müalicəyə başlayırıq. Əgər bizdə intihara meyllilik varsa, yerindəcə diaqnoz qoyulur və psixoloji dəstək verməyə başlayırıq. Ən əsası fiziki məhdudiyyətli şəxslər bu analizlərdən mütəmadi qaydada istifadə etməklə bizim psixoloji mərkəzlərə gəlmədən də nəticə əldə edə bilərlər.”
Tanış olduğum layihələr, ab-hava çox xoşuma gəlsə də yağışlı may ayında birdən-birə ortaya çıxan günəş məni yandırmaq istəyir. Elə buna görə də festival səyahətimi bitirirəm. Bugün onu da anlayıram ki, gənclərdən öyrəcək çox şey var. "İndiki gənclər tamam pozulub" ifadəsinə qarşılıq olaraq deyirəm ki, uğurlu gənclərimiz parlaq gələcəyimizə yol açacaqlar!
Hazırladı: Röya Vahabova
Fotoların müəllifi: Fidan Ali
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri