“Virtual səsvermənin real səsverməyə müsbət təsiri olacaq”

12-10-2015 / 14:05

Azər Həsrət: “Əgər hər hansı bir namizəd virtual səsvermədə geridə qalırsa, bunu özünə dərd etməməlidir”.

Məlum olduğu kimi, Milli Məclisə seçkilər 2015-ci il noyabrın 1-nə təyin edilib. Artıq ölkədə seçki prosesi başlayıb. Namizədliyi təsdiq edilmiş şəxslər seçkilərlə bağlı təbliğat-təşviqat işlərinə başlayıb.

Hazırda Xeberler.az saytında deputatlığa namizədlərin virtual səsverməsi keçirilir.

Səsvermə namizədlərin Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən rəsmi qeydiyyatı başa çatdıqdan sonra, seçkiqabağı təşviqat üçün nəzərdə tutulan müddətdə aparılacaq. Bu, müstəqil onlayn sorğu sistemidir, yerli proqramçılar tərəfindən hazırlanıb və testdən keçirilib. Sistemə kənar müdaxilənin qarşısını almaq üçün mütəxəssislər tərəfindən zəruri tədbirlər görülüb.

Xeberler.az-ın məlumatına görə, virtual səsvermənin aparılması namizədlərin sosial mediada aktivliyini kəskin surətdə artırıb. Namizədlərin böyük əksəriyyəti sosial media vasitəsilə öz seçicilərinə müraciət edərək səs toplamaq kampaniyasına başlayıb.

Xeberler.az olaraq virtual səsvermənin seçkilərin gedişatına nə dərəcədə təsir etməsi, bu cür səsvermənin seçkilərdə aktivliyin nümayiş olunmasına, seçkilərin nəticələrinə mənfi və ya müsbət tərəflərini öyrənmək üçün ekspertlərin fikirlərini öyrəndik.

Sosial media üzrə ekspert Azər Həsrət Xeberler.az-a açıqlamasında bildirib ki, virtual qaydada səsvermənin təşkili seçicilərdə ciddi maraq oyadır və seçicilər bir növ yarışma ab-havasında olurlar:

“Eyni zamanda deputatlığa namizədlərin özləri də həmin səsvermə üçün əllərindən gələni edirlər. Təbiidir ki, burada səsvermə konkret dairələrdən getmir. Ümumilikdə ölkə üzrə, hətta ölkədən kənarda olan insanların da bu səsvermədə iştirak etmə imkanları yaradılır. Bununla da deputatlığa namizədin internet üzərindən, sosial şəbəkələr, bütövlükdə virtual aləmdə nə qədər güclü olmasını müəyyənləşdirməyə kömək edir. Yəni, ola bilər ki, deputatlığa namizəd öz dairəsində çox populyar bir adam olsun və həqiqətən də o dairədə seçkini udsun. Amma mümkündür ki, deputatlığa namizəd virtual səsvermədə çox geridə qalsın və uduzsun. Digər tərəfdən o da mümkündür ki, deputatlığa namizəd həm öz dairəsində qalib gəlir, həm də virtual səsvermədə. Bu da həmin namizədin sosial şəbəkələrlə, ümumilikdə internetlə iş imkanlarının yüksək olmasının bir göstəricisidir”.

Namizədlər bu səsvermədən qorxub çəkinməməlidir

Azər Həsrət qeyd edir ki, virtual səsvermə namizədin virtual aləmdə çevrəsinin nə qədər geniş olmasını da müəyyən edir: “ Təbii ki, bu cür səsvermə hüquqi olaraq heç nəyi həll etmir. Yəni, nəticə olaraq heç kim sənin seçiminin müəyyənləşdirilməsində konkret rol oynamır. Amma deputatlığa namizədin internetlə işləmə bacarığı, eyni zamanda onun seçki dairəsindən kənarda nə qədər geniş tanınmasını müəyyənləşdirməkdə virtual səsvermə çox faydalıdır”.

Ekspert Xeberler.az-a deputatlığa namizədlərin virtual səsverməsinin keçirilməsi təcrübəsindən danışıb: “Virtual səsvermə təcrübəsi Azərbaycanda var . 2010-cu il seçkilərində Mərkəzi Seçki Komissiyasında (MSK) belə bir səsvermə təşkil edilmişdi. Hər kəs öz evində oturub şəxsiyyət vəsiqəsi ilə öz dairəsi üzrə sistemə daxil olub namizədinə səs verirdi. O vaxtlar mən də deputatlığa namizəd idim və səsvermənin gedişində maraqlı idim. Bu baxımdan mənə elə gəlir ki, deputatlığa namizədlər virtual səsverməyə çox da mənfi yanaşmamalıdırlar. Əgər kimsə uduzursa, kimsə zəif səs toplayırsa, buna görə o səsverməni təşkil edənləri də qınamaqda haqlı deyillər. Çünki hər kəs öz çevrəsinə, öz imkanlarına görə virtual səs toplaya bilir. Namizədlər bu səsvermədən qorxub çəkinməməlidirlər. Əgər hər hansı bir namizəd bu səsvermədə geridə qalırsa, bunu da özünə dərd etməməlidir. Çünki bu cür səsvermələr ümumi ictimai rəyi yoxlamaq üçün keçirilir. Yəni, konkret nəticəyə hesablanmayıb”.

Azər Həsrət namizədlərin virtual səsverməsinin MSK tərəfindən təşkil olunmasının daha faydalı ola biləcəyini də vurğulayıb.

Virtual səsvermənin real səsverməyə müsbət təsiri olacaq

Media üzrə hüquq ekspert Ələsgər Məmmədli Xeberler.az-a açıqlamasında virtual səsverməni müsbət təşəbbüs adlandırıb. Onun sözlərinə görə, seçki prosesinin sosial media üzərindən keçirilməsi həm də istifadəçilər üçün maarifləndirici xüsusiyyət daşıyır:

“Faktiki olaraq Azərbaycanda medianın, xüsusilə televiziyanın seçki prosesində maarifləndirici xüsusiyyəti artıq yox deyiləcək səviyyədədir. Günümüzdə vətəndaşlar televiziya və mediadan daha çox sosial mediada vaxt keçirirlər. Belə olduğu təqdirdə də sosial şəbəkələrdə mövcud dairələr üzrə qeydiyyatdan keçmiş namizədlər haqqında bu və ya digər mənfi müzakirələrin aparılması və bəzən də insanların simpatiyası olaraq kimi dəstəkləməsinin bildirilməsi bu və ya digər formada maarifləndirici prosesdir. Hesab edirəm ki, ölkədə seçki prosesində maarifləndirmə, təşviqat olmasa seçicilərin iştirak şansı daha az olar. Bu baxımdan da düşünürəm ki, virtual səsvermə eyni zamanda bir ictimai funksiyadır”.

Ekspert Xeberler.az-a virtual səsvermənin real səsverməyə təsir imkanlarından danışıb. O bildirib ki, virtual səsvermə ictimai fəaliyyətdir: “Düşünürəm ki, virtual səsvermənin real səsverməyə müsbət təsiri olacaq. Əlbəttə, seçkilərin şəffaf aparılmasından çox şey asılıdır. Doğurdan da seçkilər qanunvericiliyə uyğun şəkildə, ədalətli, hər hansı bir kənar müdaxilə olmadan bir prosesə çevrilsə o zaman virtual səsvermədəki nəticə eynilə real səsvermədəki prosesə oxşar nəticə verəcək”.

“Virtual səsvermənin keçirilməsi namizədləri tanıdır”

Ələsgər Məmmədli namizədlərin sosial aləmdə tanınmasının vacibliyini də vurğulayıb. Ekspert Xeberler.az-a bildirib ki, virtual səsvermə eyni zamanda ictimai nəzarət funksiyasıdır: “Seçki əslində elə bir prosesdir ki, burada bütün namizədlərin tanınması vacibdir. Seçicilərə imkan tanınmalıdır ki, öz namizədlərini tanısınlar, onların kimliyi, fəaliyyəti, gördüyü və görəcəyi, vədləri haqqında məlumat əldə etsinlər. Seçilən şəxs cəmiyyətin fikrinə diqqət göstərilməli və seçki prosesinə müdaxilə olunmamalıdır”, deyə o əlavə edib.

Namizədlər virtual səsvermədən öz üstünlüklərini göstərmək üçün istifadə edirlər

Tanınmış alim və ictimai xadim, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı Xeberler.az-a bildirib ki, Azərbaycanda deputatlığa namizədlərin virtual səsverməsinin təşkil olunması müsbət haldır. Lakin virtual səsvermə ilə real səsvermə bir-birindən fərqli anlayışlardır:

“Azərbaycanda internet istifadəçilərinin sayı günü-gündən artır və elə cavan namizədlər var ki, sosial şəbəkələrdən istifadə edib və reytinqlərinin yüksək olduğunu göstərir. Amma bu, o demək deyil ki, o, seçicilərin əksəriyyətinin səsini toplaya bilir. Amma yaşlı namizədlər də var, o sosial mediadan səs toplaya bilmir. Demək istədiyim, bəzi namizədlər virtual səsvermədən təbliğat, təşviqat kampaniyası zamanı öz üstünlüklərini göstərmək üçün istifadə edirlər. Bu da seçki texnologiyasına aid olan məsələdir. Virtual səsvermədə heç bir səs toplamayan namizəd seçkilərin mütləq əksəriyyətini qazana bilər. Virtual səsvermə başqadır, real səsvermə başqa”, deyə Məhərrəm Zülfüqarlı əlavə edib.

 

Mirvari Nəcəf


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə