Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi Yeni ilin gəlişini qeyd edən bir qrup Masazır və Qobustan qəsəbə sakininin bayram sevincini əllərindən aldı.
Xeberler.az 525.az-a istinadən bildirir ki, yanvar ayının elə ilk günlərində istehsalat birliyinin adıçəkilən qəsəbələrdə smart-kart tipli sayğacları daha müasirləriylə əvəz etməsi ciddi problemə yol açdı. Evlərində yeni sayğac quraşdırılmış sakinlərin istifadə kartı almaları üçün cəmi iki seçimi var idi. Qışın günündə qazsız qalan sakinlər üzləşdikləri problemi həll etmək üçün ya akademik Həsən Əliyev küçəsi 34 ünvanında yerləşən 1 saylı, ya da Bakı Dəmir Yolu Vağzalında yerləşən 2 saylı "ASAN Komunal" xidmət mərkəzinə müraciət etməli idilər. Daxilinə çip yerləşdirilmiş yeni sayğac kartlarını almaq istəyən sakinlərin bu iki xidmət mərkəzindən birinə getməkdən, uzun-uzadı növbəyə dayanıb müxtəlif prosedurlara əməl etməkdən başqa çıxış yolu yox idi. Hələ kartı alandan sonra balansa pul yükləmək üçün müvafiq ödəniş məntəqəsi tapmaq çətinliyi bir başqa problem yaradırdı. Yeni tipli sayğaclar kütləvi şəkildə istismara buraxılmazdan əvvəl ərazi üzrə ödəmə məntəqələrinin tam hazır vəziyyətə gətirilməməsi və az sayda olması sakinləri yenidən uzun növbələrdə gözləməyə vadar edirdi. Nəhayət, bütün bu prosedurları çətinliklə tamamlayıb mənzilinə qayıdan vətəndaşlar növbəti problemlə üzləşirdilər. Bir çox mənzil sahibinə təqdim olunan istifadə kartını sayğac dəstəkləmirdi. Nəticədə sakinlər bir də təzədən Masazırdan, Qobustandan durub "ASAN Kommunal" mərkəzinə qayıtmalı olurdular.
Problemlə üzləşən abonentlərin - şikayətçilərin iddiası budur ki, "Azəriqaz" vətəndaşlara keyfiyyətli xidmət göstərə bilmir, məsələlərə biganə yanaşır. Fikirlərini belə əsaslandırırlar ki, "Azəriqaz"ın regional idarələri mövcud olduğu halda qaz sayğacları ilə bağlı problemlərin həlli üçün müştərilərin "ASAN Kommunal" xidmət mərkəzlərinə (həm də o mərkəzlərə ki, onları sayı vur-tut ikidir) üz tutmaq məcburiyyətində qalmaları başadüşülən deyil. Xüsusilə ahıl abonentlər bu qədər uzun yol getməkdə çətinlik çəkirlər, nəticədə, qaz sobalarından istifadə edə bilmir, günlərlə istilik sistemlərindən məhrum olurlar.
Narazı vətəndaşlar bu məsələnin tezliklə həll edilməsini, "Azəriqaz"ın ərazi üzrə regional idarələrinin bu problemlərin həlli ilə məşğul olmasını istəyirlər. O zaman nə xeyli yol qət etməyə, nə saatlarla növbələrdə gözləməyə, nə də günlərlə soyuqdan əziyyət çəkməyə ehtiyac qalar.
Məsələyə aydınlıq gətirməsi üçün "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevlə əlaqə saxladıq. Qurumun rəsmisi vətəndaşlara təbii qazın verilməsində, o cümlədən, sayğaclarda yaranan problemlərə dərhal reaksiya göstərildiyini, "ASAN Kommunal" mərkəzlərində şikayətlərin qısa vaxt ərzində həll edildiyini bildirdi. İddia etdi ki, yeni nəsil qaz sayğaclarında ödəniş etmək daha da asandır: "Bu tipli sayğacların kartlarına çip yerləşdirilib. Bu, kartı sayğaca daxil etmədən, yalnız üzərinə tutmaqla ödənişin həyata keçirilməsinə imkan verir".
Sayğacların dəyişdirilməsi prosesinin kütləvi şəkildə həyata keçirilmədiyini deyən mətbuat katibi bildirdi ki, yalnız istismar müddəti bitmiş, zədələnmiş sayğaclar yeniləri - daha müasirləri ilə əvəzlənir: "Abonent "ASAN Kommunal"dan yeni sayğac kartını alarkən ona məlumatlandırıcı buklet-braşurlar verilir, həmçinin, ödəniş qaydası ətrafı izah olunur". İ.Kərbalayevin sözlərinə görə, karta vəsait yüklənilməsi üçün Masazır qəsəbəsi də daxil olmaqla paytaxt üzrə 130-dan artıq ödəniş məntəqəsi var.
Mətbuat katibi qaz sayğacı ilə bağlı yaranan problemlərin 3-4 gün vaxt aparması fikri ilə razılaşmadı: "Əgər hər hansı problemlə bağlı müraciət edən abonentin sənədləri qaydasındadırsa, məsələ yerindəcə aradan qaldırılır".
"Azəriqaz"ın regional idarələrində abonentlərə xidmət göstərilməsi tələbinə cavabında isə mətbuat katibi qeyd etdi ki, təmsil etdiyi qurumda istehlakçılara göstərilən 20 növ xidmət "ASAN xidmət"/"ASAN Kommunal" xidmət mərkəzlərinə verilib: "Bakıətrafı kənd və qəsəbələrdə xüsusi tərtibatla hazırlanmış səyyar avtomobillər vasitəsilə "ASAN Kommunal" standartlarına uyğun xidmətlər göstərilir. Ötən ilin sentyabr ayından etibarən regionlarda da xüsusi qatar və avtobuslar vasitəsilə vətəndaşlara səyyar xidmətlərin göstərilməsi prosesi həyata keçirilir. Bundan başqa, bölgələrdə fəaliyyət göstərən "ASAN Xidmət" mərkəzlərində də "Azəriqaz"ın xidmət bölmələri vətəndaşların ixtiyarındadır".
Yeri gəlmişkən, yeni sayğacların quraşdırılması ilə bağlı gərginlik yaşayan abonentlər kartlara pul yükləyərkən başqa bir problemlə də üzləşdiklərini dilə gətirdilər. Onlar kartlara pul yükləyən zaman təbii qazdan istifadə haqqının düzgün hesablanmamasından da şikayətləndilər. Onlar ötən ilin son günləri 1700 kubmetr qaz limitini keçdikləri üçün hər kubmetr qaza 10 qəpikdən yox, 20 qəpikdən ödəniş edildiyini xatırladaraq ehtiyyatda qalan qaz balansının bu ildən ikiqat artırılmalı - 10 qəpiklə hesablanmalı olduğunu iddia etdilər. Onların iddiasına görə, əgər abonentin balansında ötən ildən 100 kubmetr qaz istifadə haqqı qalıbsa, yanvarın 1-dən avtomatik olaraq sayğacda 200 kubmetr göstərilməli idi.
Ümumiyyətlə, bu məsələ son günlər xeyli aktuallaşıb. Müxtəlif kateqoriyalı abonentlər bu məsələ ilə bağlı öz narahatçılıqlarını ifadə edirlər.
Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov öz Feysbuk səhifəsində bu mövzuya toxunaraq "Azəriqaz"ın heç bir normativ-hüquqi aktla tənzimlənməyən üsuldan istifadə etdiyini bildirir:
"İkiqat tarifi istehlakçı təbii qazı istifadə edərkən yox, onu alarkən və sayğaca yükləmədən tutur. Bu, tam qanunsuzdur. Bir misal göstərəcəm. Tutaq ki, mən dekabr ayının 31-də karta 30 manatlıq qaz yükləyirəm. Limiti keçdiyim üçün kartda 15 manatlıq qaz qeydə alınır. Yanvarın 1-i üçün mənim sayğacımda 150 kub metr qalıq var. Həmin qalıq sonradan istifadə edəcəyim 1550 kubmetrlə cəmlənir və mənim limitim əslində, faktiki olaraq 1550 kub istifadə edildikdə bitir. Deməli, mən artıq bu halda 15 manat itirmiş oldum. Ona görə də Tarif Şurası ikiqat tarifi qaz istehlakının 1700 kubmetri keçməsindən sonraya tətbiq edib. "Azəriqaz" isə ikiqat tarifi istehlak olunmamış qaza yönəldir. Mən hələ digər qanunsuzluqları yazmıram". S.Məmmədov hesab edir ki, əslində "Azəriqaz" ikiqat tarifi alınan qaza deyil, istifadə olunan qaza tətbiq edərsə, məsələ öz həllini tapar: "Amma etmirlər. "Azəriqaz" sözçüsü izah edir ki, onlar tarifi istifadə edilən qaza yox, karta yüklənən pula görə hesablayıb tətbiq edirlər. Əgər ödədiyim pula görə qazı kisəyə yığıb mənə versəydilər və mən onu öz anbarımda saxlayıb yavaş-yavaş işlətsəydim, onda onların etdikləri hərəkətdə məntiq ola bilərdi. Məsələ ondadır ki, bizim karta qoyduğumuz pul avansdır. Avans qoyuruq və qaz işlədikcə avans puldan silinir. Çünki qaz onların anbarındadır. Ona görə də tarif avans qoyulan pula yox, istifadə olunan qaza tətbiq edilməlidir".
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə qeyd edir ki, Sahib Məmmədov təbii qazdan istifadə ilə bağlı kifayət qədər ciddi əhəmiyyət kəsb edən məsələyə toxunub:
"Əvvəlcədən ödəniş sistemi ilə işləyən sayğaclarda təbii qazdan istifadə haqqı düzgün hesablanmır. Yəni qanunla müəyyən olunan illik limit hesablanarkən ötən ildən qalan qalıq nəzərə alınmır. Bununla da vətəndaşın əvvəlki il yüksək tariflə (ikiqat tariflə) ödədiyi sərfiyyat növbəti ildə yenidən limitə daxil edilir. Nəticədə vətəndaşın həmin il üçün adi tariflə istifadəsi üçün nəzərdə tutulan limiti azalmış olur. "Azəriqaz" isə bununla ikiqat tarif tətbiq etmək üçün daha üstün hüquqlar əldə edir". O.Gündüzə gərə, bu, kifayət qədər ictimai əhəmiyyət kəsb edən məsələdir: "Mən də o fikirdəyəm ki, qazdan istifadə ilə bağlı tariflərin tətbiqi alış üzrə deyil, istifadə - sərfiyyat üzrə olmalıdır. Düşünürəm ki, əlaqəli qurumalar problemə münasibət bildirməlidirlər. Eyni zamanda, yaxşı olar ki, elektron hökumətə cavabdeh olan Elektron Hökumətin İnkişafı Mərkəzi ödəniş və sayğac arasında hesablaşma işlərinin yenidən qurulmasında "Azəriqaz"a köməklik göstərsin".
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri