Kompüterlərin qiyməti artır
ABŞ-da son altı ay ərzində personal kompüter qiymətlərində artım müşahidə olunur. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, kompüterlərin qiymətləri hətta bayram endirimləri mövsümündə belə digər istehlakçı elektronikası məhsullarının ucuzlaşmasına baxmayaraq artmaqdadır. 2010-cu ilin noyabr ayında ABŞ-da kompüterin orta qiyməti 615 dollar olub və bu da ötən ilin həmin dövründə müşahidə olunan göstəricidən (580 dollar) 6 faiz artıqdır. Artım dinamikası noutbuk, personal kompüter, eləcə də netbuklarda qeydə alınıb, burada yalnız planşet kompüterlər istisna təşkil edir. Personal kompüterlərin qiymətlərinin artımı dünyanın illik 250 milyon dollar dövriyyəsi olan kompüter bazarı üçün qeyri-adi haldır. Çünki bu sahənin tarixi boyu personal kompüter istehsalçıları daim kompüterlərin ucuzlaşması ilə mübarizə aparıblar. Son illər gedən ucuzlaşma tendensiyası bazarın HP və “Dell” kimi iri istehsalçılarının gəlirlərinin azalması ilə nəticələnib. Fəaliyyətlərini bazarın əsasən lüks seqmentində cəmləşdirən həmin şirkətlər hazırda davamlı maliyyə göstəriciləri nümayiş etdirə bilirlər. Kompüter qiymətlərinin əks istiqamətdə dinamikasını isə noutbuk qiymətlərinin bir qədər stabilləşməsi ilə əlaqələndirirlər. Bayram mövsümündə, HP bazara 999 dollar qiyməti ilə “Envy” seriyasından noutbuklar çıxarmağı planlaşdırır. HP nümayəndələri bu modellərin ABŞ üçün kifayət qədər baha olmasına baxmayaraq. portativ kompüterlərin öz istifadəçisini tapacağında əmindirlər. HP-nin vitse-prezidenti Ueyn Surdam deyib ki, insanlar artıq başa düşür ki, əgər onlar yaxşı qrafikalı yüksək məhsuldarlı qurğu əldə etmək istəyirlərsə, bunu kiçik qiymət seqmentinin modelləri arasında etmək mümkün deyil. Personal kompüter qiymətlərinin artımına təkan verən məsələlərdən biri də ABŞ-ın “Apple” şirkətinin məhsulları olub. Bu istehsalçı öz qurğularını yüksək dəyərləndirir və onlara bazarın orta qiymətindən daha yuxarı qiymət təyin edir. Bundan əlavə, “Apple” ABŞ-ın kompüter bazarındakı iştirakını 10,4 faizədək artıra bilib. “Intel” korporasiyasının rəhbəri Pol Otellininin sözlərinə görə, personal kompüter sənayesi elə inkişaf səviyyəsinə çatıb ki, burada qiymətlərin müntəzəm olaraq enməsi artıq keçmişdə qalıb. O hesab edir ki, mənfəətin artması istifadəçilərin son zamanlar bahalı çiplərlə təchiz olunmuş daha məhsuldar kompüterlərə üstünlük verməsi ilə bağlıdır. “Intel” rəhbəri onu da qeyd edib ki, noutbukun qiyməti istehsal xərcinə görə 299 dollardan aşağı enə bilməz. Analitiklər də vurğulayırlar ki, personal kompüter bazarında qiymətlərin enməsi artıq son nöqtəyə çatıb. Bu gün ucuz qiymətli kompüterlər demək olar ki maya dəyərinə satılır, bu isə istehsal xərclərinin ödənilməsi üçün imkanları məhdudlaşdırır.