İnternet texnologiyaların və sosial servislərin tədris prosesində istifadəsi ilə bağlı
Təlimlər başa çatıb
Multimedia Mərkəzinin həyata keçirdiyi “Müəllimlər üçün sosial servislər və İnternet texnologiyalar” mövzusunda növbəti Təlimlər başa çatıb. Təlimlər Mərkəz tərəfindən “Sosial servislərin pedaqoji imkanlarından effektiv istifadə mexanizmlərinin hazırlanması və İKT- dən istifadə edən müəllimlərin peşəkarlığının artırılmasına dəstək” Layihəsi çərçivəsində keçirilib.
Təlimlərdə 30 orta məktəb və liseylərdən 42 nəfərədək müxtəlif fənn müəllimləri iştirak edib.
Bir həftə davam edən Təlimlərdə müəllimlərə İnternet texnologiyalardan , xüsusilə Veb 2.0 texnologiyalarından və sosial servislərdən tədris prosesində effektiv istifadə üsullarını əhatə edən mövzular üzrə Təlimlər keçirilib.
Təlimlərin yekununda müəllimlər sosial İnternetdən təhsil məqsədləri üçün səmərəli istifadə qaydaları, Bloqların yaradılması və tədris imkanlarının üzə çıxarılması yolları, real vaxtda müxtəlif istifadəçilərin birlikdə fəaliyyətinə imkan verən sosial servislərdən istifadə qaydaları, təhsil məqsədləri üçün əhəmiyyət kəsb edən mobil texnologiyalar, uşaqların İnternetdə təhlükəsizliyi və s. mövzular üzrə bilik və bacarıqlar əldə ediblər. İştirakçılar təhsil yönümlü konkret audio və video alətlər, təqdimat alətləri, kollektiv redaktə alətləri, mobil tətbiqlər üzrə praktiki tapşırıqlar yerinə yetiriblər.
Təlimlərin yekununda müəllimlər konkret mövzular üzrə hazırladıqları resursları nümayiş etdiriblər.
Təlimlər təhsil və yeni media sahəsində ekspertlər Ramil Süleymanov, Aygün Əzizova, Rahilə Əliyarzadə, Almaz Həsrət, Rəşad Əliyev, Azər Nəzərov və Osman Gündüz tərəfindən aparılıb.
Təlimləri uğurla başa vuran 39 nəfər müəllimə Sertifikatlar təqdim edilib. Sertifikatların təqdim edilməsi mərasimində Təhsil nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin şöbə müdiri Ramil Süleymanov, İREX –in Yeni Media Proqramının nümayəndəsi Ələsgər Məmmədli və 132-134 saylı Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən AİF-in prezidenti və Multimedia Mərkəzinin direktoru Osman Gündüz Layihəyə göstərdiyi dəstəyə görə İREX, Təhsil sisteminin informasiyalaşdırması idarəsi və 132-134 saylı Təhsil kompleksinin rəhbərliyinə minnətdarlığını bildirib. O, gələcəkdə Layihənin Bakı şəhəri və regionlar üzrə davam etdirəcəklərini diqqətə çatdırıb.
Layihə Təhsil sisteminin informasiyalaşdırılması idarəsi əməkdaşlıq şəraitində gerçəkləşib.
Layihə İREX təşkilatı tərəfindən dəstəklənib.
Təqdimat mərasimindən hazırlanan fotolar :
https://www.facebook.com/multimediamerkezi