Distant (məsafədən) təhsil formasının tətbiqi ilə bağlı hazırlıqlar gedir. Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə müəyyən addımlar atılır, müvafiq Qaydalar hazırlanır.
Təhsil Qanununda distant təhsil formasına icazə verilir, bəzi təhsil pillələrində distant formanın tətbiq edilə biləcəyi vurğulanır.
AİF-in prezidenti Osman Gündüz bu haqda deyib: "Amma mövcud təhsil qanunvericiliyində bəzi vacib təhsil pillələri və səviyyələrində distant təhsil forması nəzərdə tutulmayıb.
Və yaxud da təhsil üzrə bəzi hüquqi aktlarda hansısa bir təhsil pilləsində ( səviyyəsində) bu təhsil alma formasına icazə verilir, amma digər bir hüquqi sənəddə eyni pillə üzrə bu təhsil alma forması nəzərdə tutulmayıb".
Artıq ümumtəhsil pilləsində, sağlamlıq imkanları məhdud olan uşaqların evdə distant formada təhsil ala bilməsi üçün Nazirlər Kabinetinin müvafiq qərarında dəyişiklik edilib.
O.Gündüz ölkəmizdə distant tədris texnologiyalarını tətbiq edən bir neçə təhsil müəssisəsi olduğunu qeyd edərək söyləyib: "Fikrimcə biz distant təhsil alma formasının tətbiqində çox ləngiyirik, ölkədə distant təhsilin formalaşması üçün imkanlar və şərait artıq yetişib. Həm daxildən, həm də xaricdən bu forma üzrə təhsil xidmətlərinin əldə edilməsi üçün “tələb” məsələsi yetərincədir. Təhsil müəssisələri isə hələlik bu “tələb”i ödəmək iqtidarında deyillər. Həm texniki-texnoloji, həm kadrlar və həm də elektron təhsil resursları baxımından".
O, həmçinin təhsil müəssisələrində distant təhsil formasına keçidlə bağlı görüləcək işlərin hədsiz çox olduğunu, distant təhsilin ölkə daxilində və xaricdə olan vətəndaşlarının təhsil və əlavə təhsil xidmətlərinin daha effektiv əldə olunması ilə bərabər, həm də təhsil müəssisələri üçün yeni və böyük biznes sahəsi olduğunu vurğuladı.