Texniki təhlükəsizlik sahəsində ixtisaslaşan SC Magazine jurnalı “Azərenerji” Dövlət Energetika Şirkətinin saytının sındırıldığını təsdiqləyib. SC Magazine bildirir ki, oğurlanmış informasiya 7hb təşkil edib. Bura maliyyə təfərrüatları, dəniz kommunikasiyaları, müqavilələr, elmi-araşdırma sənədləri, fotolar, elanlar və qanunsuz fəaliyyət sxemləri daxil olub. Bütün bunlar sentyabrın 3-də cyberguerilla.org anonim forumunda yerləşdirilib. Bütün paket 13 hissəyə bölünərək AnonFiles.com veb-saytının anonim fayl-hostinqində yerləşdirilib. Lakin cümə axşamı sözügedən resurslara daxil olmaq mümkün olmayıb.
“Biz Əliyevin siyasətindən razı deyilik. Odur ki, bu reliz Azərbaycanın mafioz klanı ilə mübarizə üçün növbəti addımdır”, - qru öz məlumatında yazıb: http://www.scmagazine.com/anonymous-leaks-information-on-leading-azerbaijan-energy-company/article/310212/#
Bu, “Anonimus”un Azərbaycanın dövlət saytlarına üçüncü hücumudur. Yanvarda qrup Xüsusi Dövlət Mühafizə Xidmətinin dmx.gov.az saytını sındırıb, halbuki, sonuncu bunu təkzib edib.
Apreldə “Anonimus” Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatlarını sızdırıb. Hakerlər qrupu bildirib ki, terrorçu qruplaşmaların maliyyələşdirilməsi ilə bağlı müxtəlif korporasiyalar və dövlət orqanları arasında əlaqə var.
“Anonimus” 2003-cü ildə bir qrup haker tərəfindən yaradılıb. Bəzi analitiklər “Anonimus”u İntermet azadlığı uğrunda mübariz kimi bəziləri isə anarxik kiber-partizan kimi qiymətləndirir. Məlumatla bağlı Turan-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu ilin əvvəllərində Azərbaycan dövlət saytlarına haker hucumlarını xatırladıb. Onun sözlərinə görə, hücumlardan sonra prezident İlham Əliyev in fərmanı ilə 2012-ci il sentyabrın 26-da Xüsusi Dövlət Muhafizə Xidmətinin yanında xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılıb.
“Hazırda bu cür faktlar təkrarlanırsa, deməli, dövlət qurumlarının informasiya təhlükəsizliyi yenə də yetərincə qorunmur”, - O.Gündüz bildirib.
Ekspert qeyd edib ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin yanında xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi dövlət orqanlarının İnternet saytlarının standartlarını müəyyən edib.
“Əgər “Azərenerji” ASC bu standartları yerinə yetirməyibsə günah onun özündədir. Yox, əgər “Azərenerji” ASC yerinə yetiribsə bu standartları, deməli, bu agentlik yetərincə təhlükəsizlik tədbirirləri görülməyib”, - bildirib.
Öz növbəsində Xüsusi Rabitə və İnformasiya təhlükəsizliyi dövlət Agentliyi yayılmış məlumatla bağlı bilgisiz olduğunu və suala bir neçə saat ərzində cavab veriləcəyini deyib.
“Azərenerji" ASC-dən Turan-a verilən məlumata görə, hazırda qurumun saytının fəaliyyətində heç bir problem olmadığını qeyd edib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mətbuat xidməti də onlara bu hücumla bağlı məlumat daxil olmadığını bildirərək, hər bir İnternet saytını yaradan şirkətin onun təhlükəsizliyini də təmin etməli olduğunu önə çəkib. (contact.az)