“Azərbaycanda startap sahəsinə dəstəyin az olması ekosistemin böyüməsinə ciddi maneədir”
Son illər dünya ölkələrinin startap ekosistemi sürətlə inkişaf etməyə başlayıb. Gənclərin, ideyası olan şəxslərin bu bazara marağı olduqca böyükdür.
Dünya bazarına nəzər salanda maraqlı və insanlar üçün kifayət qədər faydalı layihələrin cəmiyyətə təsirinin olduqca böyük olduğunu görürük. Demək olar ki, insanlar artıq bütün ehtiyaclarını texnologiyaların köməyi ilə asan formada həyata keçirirlər. Bu təlabatı nəzərə alaraq hazırda dünyada ideyaların yarışması uğrunda mübarizə gedir. Belə ki, kim daha tez hərəkət etsə bu bazarda uğur qazanıb, öz biznesini qurur və gəlir əldə etməyə başlayır.
Azərbaycan isə bu inkişafa artıq 3 ildir qoşulub və ölkəmizdə maraqlı startap layihələri fəaliyyətə başlayıb.
Bir çox hallarda gənclərimizin yerli bazardan daha çox qlobal bazara maraq göstərib, layihələrini bu bazarlarda formalaşdırımasını görürük.
Xeberler.az olaraq həm yerli, həm də qlobal bazarda startap layihələri həyata keçirən və hazırda Böyük Britaniyada yaşayan Cavid Nadirovla startap ekosistemi ilə bağlı ətraflı söhbət etdik. Həmyerlimizin hazırki fəaliyyəti ilə tanış olduq.
Gəncə şəhərindən olan Cavid Nadirov bakalavr təhsilini Türkiyənin Orta Doğu Texnik Universitetində (ODTU) “Biznesin İdarəedilməsi” sahəsi üzrə alıb. O, magistr təhsilini isə Böyük Britaniyanın Edinburq Universitetində “İnsan Resurslarının İdarəedilməsi” üzrə başa vurub .
-Cavid bəy, texnoloji biliklərinizin təməli haradan formalaşıb? Yəni, hazırıki fəaliyyətinizdə təhsil aldığınız müəssisələrin necə rolu olub?
-Açığını desəm, o qədər geniş texnoloji biliklərim yoxdur. Texniki tərəfdən tək bildiyim Visual Basic proqramıdır. Çox sevinirəm ki, çalışdığım layihələrdə texniki olaraq çox savadlı, yaradıcı insanlarla çalışıram. Baxmayaraq ki, lahiyələrimizin ikisi Böyük Britaniya bazarında fəaliyyət göstərir, amma tərafdaşlarım Azərbaycandadır.
-Nə vaxtdan startaplarla maraqlanırsız?
-Startap sahəsi ilə 2013-cü ildən maraqlanıram. Təhsil aldığım Orta Doğu Texnik Universitetində (ODTU) “Entrepreneurship” ( sahibkarlıq) fənni keçirdik. Dərs zamanı hər tələbədən bir startap yaratmaq tələb olunurdu. Həmin vaxt mən də bu sahəyə daxil oldum. Sonralar dünyada baş verən Startap Boom-la texnoloji startaplara maraq göstərməyə başladım.
-Startap bazarına ilk dəfə hansı layihə ilə daxil oldunuz və məqsədləriniz nə idi?
-İlk dəfə hazırda ortaq çalışdığımız proqramçı Orxan Cəfərovla Azmetr.com layihəsi üzərində işlədik. Layihənin mahiyyəti bir istiqamətverici funksiya daşıması idi. Məsələn, siz Gəncədəsiz və həmin an sistemə daxil olub “search box” (axtarış) hissəsinə kofe və digər bir söz yazırsız, sistem sizə yaxın olan bütün kofe mağazaları, bu məkanların ətrafını, oraya gedən nəqliyyat vasitələri və mağaza haqda ətraflı məlumat verir. Demək olar ki, Gəncə üzrə bütün “data collection” (məlumat bazası) toplamışdıq və layihəmizin saytı da tam hazır idi. Daha sonra Bakıda bu layihəni necə həyata keçiriə bilmək istiqamətində bazarı araşdırdıq. Bazarın dəyərini ölçdük. Baxdıq ki, layihənin mənfəət dəyəri qənaətli deyil. Bundan sonra Orxanla Sovqat.az layihəsinə başladıq. Növbəti Sumaks komandasına isə Cavid Məmmədovun dəvəti ilə qoşuldum. Edinburq Universitetində Getguided –səyahət turu ideyası ağlıma gəldi. Turan adlı həmyerlimizin dəstəyi ilə bu işə başladıq. Hazırda 3 layihədə aktiv fəaliyyət göstərirəm.
-Startap layihələrinizi formalaşdırarkən qlobal bazarı araşdırırsınızmı? Bu sahədə sizə kim dəstək verir?
-Əlbəttə, bu vacib məqamlardandır. Çalışırıq ki, bazarda olan məhsuldan eynisini yaratmayaq. Hər bir layihəmizə başlamazdan öncə “once value creation, idea validation” ( layihənin yaradılması, ideya dəyəri) mərhələrindən keçirik. Çox təəssüflər olsun ki, Azərbaycan bazarında yeni yaranan layihələr bu mərhələlərə önəm vermirlər. Yəni, qlobal bazarda tam araşdırma aparmırlar. Sumaks layihəsi üçün Bakıda böyük araştırma etdik. Sovqat ve GetGuided layihəsində də yüzlərlə insanlar danışdıq, fikir mübadiləsi apardıq sonra fəaliyyətə (fine-tuning) başladıq. Bu problemin Azərbaycanda olmasının səbəbi startapçılardan başqa, həm də cəmiyyətdədir. Bizim ölkədə cəmiyyət problemlərinin və ehtiyaclarının fərqində deyil.
-Komandanızı necə formalaşdırdınız, kimlərdən ibarətdir?
-Sumaks komandasının qurucusu Cavid Məmmədovdur. Layihə komandası 6 nəfərdən ibarətdir. Sovqat.az layihəsinə Orxan Cəfərovla birgə başladıq. Amma hazırda layihəyə dəstək verən, inanan könüllülər çoxdur . Getguided layihəsinə isə Turan adlı həmyerlimiz ilə başladıq. Bundan başqa, bütün gidler-imiz (hazırda təxminən 25 gid) bizə işlərimizdə dəstək olurlar.
-Qeyd etdiniz ki, hazırda Sovqat.az, Sumaks və Getguided.co.uk layihəsi üzərində çalışırsınız. Zəhmət olmasa layihələrinizin iş prinsipi, məqsədləri, hazırki durumu ilə bağlı ətraflı məlumat verərdiniz. Hansı ehtiyaclardan qaynaqlanaraq bu layihələri yaratmaq qərarına gəldiniz?
-Sumaks – ağıllı ev sistemləri paketidir. Evinizdə su, qaz, elektrik sızması zamanı sistemlər sönür və telefonunuza xəbərdarlıq gəlir. Və yaxud qapı, pəncərə gözlənilmədən açılanda, eyni zamanda bütün sistemləri, bir çox məişət əşyalarını, qapı-pəncərələri telefonla idarə edə bilərsiniz.
Sovqat.az –yaxında təqdim ediləcək. Sizin (fərd ola bilirsiniz və ya kafe/restoran) artıq yemeyiniz, ərzaqınız var və yaxud da lazımsız əşyanız. Siz bunları Sovqat platformasına yerləşdirib ehtiyacı olan insanların əldə etməsini təmin edə bilərsiniz. Həmçinin platforma ilə özünüzə lazım olan əşyaları tapa və ya tortu əldə edə bilərsiniz. Bu gün yemək artığı dünyada ən böyük problemlərdəndir. Artıq bu layihəmiz üçün qrantlar da qazanmışıq. İlkin təqdimatlarını etmişik, dövlətin dəstəyini gözləyirik.
GetGuided.co.uk – Turla səyahət etmək istəyənlər üçün Airbnb-ə oxşar xidmətdir. Siz şəhərə gəlirsiz, ola bilsin 1-2 günlük və ya 1-2 saat şəhərdə gəzməyə vaxtınız var. Siz saytda görmək istədiyiniz tur tipini, dilinizi, tur yerini və zamanını, tur gid-də istədiyiniz maraq və xüsusiyyətləri seçirsiz və sizin Peprsonalised affordable tur gidiniz-lə (sizə özəl əlverişli tur) görüşüb şəhəri gəzirsiz.
-Getguided.co.uk sistemindən yalnız universitet tələbələri istifadə edə bilir, ya bütün gənclər qoşula bilər bu turlara? Belə görürük ki, bu layihəniz Edinburq bazarı üçün düşünülüb. Yəni, yalnız Edinburq şəhərində bu sistemdən istifadə etmək olar?
- Lahiyə şəhərə gələn hər bir insan üçün açıqdır, istər turist, istər lokal insanlar (əsasən bizim orijinal ailə turları üçün), istər tələbə (əsasən yeni tələbələr). Universitet tələbələri tur rəhbəri olmaq üçün çox müraciət edirlər. Layihəyə professional tur rəhbərləri də olunacaq və sistem açıq olacaq. Hazırda bu istiqamətdə danışıqlar gedir. Layihə Edinburq-da başlayıb. Layihəni əlbəttə ki, genişləndirməyi düşünürük. Edinburq yeni başlayan layihələr üçün mükəmməl sınaq marketinq məkandır.
-Hazırda bu layihənizə maraq necədir? Yatırım şirkətlərindən investisiya ala bilibsinizmi?
-Həm Getguided.co.uk, həm də Sovqat.az üçün ilkin il öncədən özümüz yatırım (bootstrapping) etməyi düşünürük. Yəni, heç bir investisiya dəstəyi olmadan məhsul və müştəri yönümlü işlər görəcəyik. Onu da deyim ki, Edinburq-da fəaliyyət göstərən startaplara çox böyük dəstək var. Düzdür, burada da bu sahə yeni sahədir, amma il ərzində yüzlərlə qrant və digər müsabiqələr təşkil edilir.
Bundan başqa, inkubasiyalar, məsləhət mərkəzləri və digər startaplara dəstək kapmaniyaları həddindən artıq çoxdur və ödənişsizdir. Hətta, Edinburq-a Avropanın sürətlə böyüyən Silikon Vadisi də deyirlər.
- Böyük Britaniyada startap ekosistemi necə inkişaf edir? Azərbaycan bazarı ilə müqayisədə hansı maraqlı məqamlar ortaya çıxır? Startap bazarının dövriyyəsi necədir?
-Bu suala bir neçə istiqamətdə cavab vermək olar:
Yuxarıda dediyimiz kimi, Britaniyada startaplara həm dövlət, həm də özəl dəstək çox böyükdür. Həmçinin universitetlərdən bu sahəyə dəstək həddindən artıq yüksəkdir. Ölkədə sahibkarlıq vizaları mövcuddur. Mən də bu viza ilə hələ bir il də Edinburq-da olacam. Facebook, Twitter, Amazon, Google şirkətlərinin həm Londonda , həm də İrlandiyada olması, Edinburq-da Microsoft, Amazon, Skyscanner, Fanduel kimi şirkətlərin fəaliyyət göstərməsi startap sahəsinə böyük dəstəkdir.
Cəmiyyət startap ekosisteminin inkişafında böyük rol oynayır. Azərbaycanda universiteti yarımçıq qoyub startap layihəsi ilə məşğul olan gənc görmək çətindir.
Azərbaycan cəmiyyəti riskə açıq deyil və kimsə risk edəndə qəribə yanaşırlar. Böyük Britaniya ilə ölkəmizin startap bazarını müqayisə edəndə burada risk edib, uduzmaqdan qorxmurlar. Yəni, insanlar bu uğursuzluğu normal qarşılayır və səni qaralamır ki, bacarıqsızsan. Bazarda müştərilər ehtiyaclarının və problemlərinin fərqindədirlər. Bu ehtiyaclar yeni məhsulların yaranmasına şans verir. Düşünürəm ki, bu məsələlər bazara çox təsir edir. Həm də Azərbaycanda internet bazarı da kiçikdir.
- Böyük Britaniyada investorla münasibətlər necə qurulur? Yəni, layihənin neçə faiz gəlirini götürməklə razılaşırlar? İnvestorlar hansı sahənin nümayəndələri olur?
-Edinburq-da investorlar çox sadə olur. Bir neçə məşhur İT tədbirlərində onlarla görüşmüşəm. Elə investorlar olub ki, milyonlarla sərvəti olub, amma vaxtını ayırıb sənin layihən ilə yaxından tanış olub, rəy veriblər. Müxtəlif sahələr üzrə investorlar var. Özəl investor (mələk yatırımçı) Edinburq-da çox azdır. Amma London və İrlandiyada bu kimi investorlar çoxluq təşkil edir. London investorlarının sayına görə Avropada ilk ölkədir.
-İnvestorlar daha çox hansı tip startaplara yatırım edirlər?
-İnvestorlar content olaraq sadəcə yenilik axtarırlar. Hazırda investorların ən çox maraq göstərdikləri sahə səhiyyə sektorudur.
-Yaşadığınız ölkədə startap sahəsinə gənc, tələbələrin marağı necədir? Universitet tələbələri startap yarada bilirlərmi və bu layihənin gələcəyi olurmu? Özlərinə bazarda yer tuta bilirlərmi? Universitetlər startap yaradan gənclərə hansı miqdarda maliyyə dəstəyi göstərirlər?
-Bəli, universitetlərdən çox böyük dəstək gəlir. Özüm hazırda çox başlanğıc mərhələdə 3 startap layihəsinə mentorluq edirəm. Müşahidə edirəm ki, tələbələr çalışır ki, layihələrini inkişaf etdirsinlər. Edinburq Universitetinin investisiya fondu var. Səhv etmirəmsə fond 20 milyona yaxın investisiya edib. Universitet müəllimləri startap yaradan gənclərə çox dəstək göstərirlər. Burada universitetlər həm də ,tələbələrə “working space” lər , layihə üçün lazım olan ləvazimatlar, laboratoriyalar tədqim edir.
Burada dəstək fəaliyyətini belə sistemləşdirə bilərik.
Pulsuz Dəstək:
Dövlət qurumları: Scottish Enterprise, Scottish Social Enterprise
Özəl qurumlar: E-Spark, Business Gateway
Universitet qurumları (Edinburq Universiteti): Launch.Ed, Enterprise Campus. E-club, SIE
Müsabiqələr: Edge, Young Edge, Virgin və s. (Bunlar 50, 000 və daha yüksək dəstəklərdir). Bundan əlavə, yuxardakı qurumlar hərəsi öz növbəsində startap yarışmaları (2000 - 10, 000 qrant dəyərində) təşkil edirlər.
-Azərbaycanda startap bazarı ilə bağlı gələcək planlarınız barədə də ətraflı məlumat verərdiniz zəhmət olmasa.
-Hazırda gələcək planlarımı tam açıqlamaq istəmirəm. Azərbaycanda yeni başlayan startap layihələrinə mentorluq etmək istərdim. Özüm burada olsam da, distant formada bu fəaliyyəti təmin edə bilərik. Məqsədim, lokallaşdırılmış qlobal yanaşmanı ölkəmizdə fəaliyyət göstərən layihələrə göstərə bilməkdir.
-Qeyd etdiniz ki, startaplara mentor dəstəyi də göstərirsiniz. Britaniyada mentor dəstəyini necə qazanmaq olur? Bunun üçün layihələrdən nələr tələb olunur?
-Qeyd etdiyim kimi, Britaniyada startaplara mentor dəstəyi olduqca böyükdür. Mən əsasən əcnəbi tələbələrə burada startap qurmalarına kömək edirəm. Özüm də mentorluq dəstəyi çox aldığıma görə, hər zaman yeni başlayan layihələrə bu istiqamətdə məlumatlar, yeni yanaşmalar verərək dəstək olmağa çalışıram. Çünki mentor dəstəyi yeni yaranan və inkişaf etmək istəyən startapçılar üçün böyük dəstək mənbəyidir.
-Hazırda Britaniyadan ölkəmizdəki informasiya texnologiyaları sahəsinin durumunu izləyəyirsinizmi? Ölkəmizdə Startap bazarını necə qiymətləndirirsiniz?
-Bəli, mütəmadi izləyirəm. Qeyd etdiyim kimi, ən böyük problem cəmiyyətin riskə açıq olmamasıdır. Digər tərəfdən Azərbaycanda bu sahəyə dəstəyin az olması ekosistemin böyünməsinə ciddi maneədir. Dünyada və Azərbaycanda gözlənilən krisiz var. Bu startap bazarını sürətlə inkişaf etdirə bilər. Yəni, bu vəziyyət düzgün qiymətləndirilsə düşünürəm ki, bazar inkişaf edəcək. Alternativlər yaranacaq. Ölkəmizdə müşahidə etdiyim digər problem isə staratpların öncə investisiya alıb sonra dəyər yartmağa çalışmalarıdır. Amma Böyük Britaniyada ilk öncə dəyər yaradıb daha sonra bundan pul qazanırlar. Və belə layihələrə investisiya dəstəyi 2-3 ildən sonra olur. İlk illərdə layihə özü özünü böyüdür.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri