Məlumdur ki, son illərdə smartfon telefonlardan istifadə genişlənib.
Bununla da yeni texnologiyaların təsiri ilə mobil ödəmə sistemlərinin yenidən canlanması müşahidə edilir. Belə ki, NFC, iBeacon adlanan texnologiyalar smartfonunuzda bu texnologiyanı dəstəkləyən başqa cihaz arasında əlaqə yaratmağa kömək edir.
Bu texnologiyaların tətbiqinə başlanılması təmassız mobil ödəmə sistemlərinin inkişafına təkan verdiyi kimi , eynilə digər mobil ödəmələrdən istifadənin də genişlənməsinə səbəb olub.
Dünyada POS-terminallarda təmassız ödəmə sistemlərinin istifadəsinə bir neçə ildir ki, başlanıb və burada əsasən bankların təmassız kartlarından istifadə olunur.
Son dövrlərdə isə Apple Pay, Google Wallet və s. kimi mobil tətbiqlər vasitəsilə bu cür POS-terminallarda smartfonlarla təmassız ödənişləri həyata keçirmək mümkündür.
Son illərdə həm müvafiq qurumların apardığı işlər nəticəsində, həm Eurovision və Avropa Oyunları kimi böyük tədbirlərini keçirilməsi və Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatların tələbləri, həm də zamanın tələbləri əsasında Azərbaycanda nağdsız ödənişlərinin inkişafı xeyli sürətləndi.
Qanunvericilikdə aparılan bəzi dəyişiklər, quraşdırılan POS-terminalların sayında artım diqqət cəlb edir.
Lakin məsələnin digər tərəfi maraqlıdır ki, yaradılan bu imkanlardan istifadə edilirmi?
Mərkəzi Bankın yayımladığı statistik məlumatlara əsasən, son illərdə debit və kredit kartları vasitəsilə həm ATM-lərdə, həm də POS-terminallarda həyata keçirilmiş nağdsız ödənişlərin sayında artım var.
Lakin müşahidələrimiz göstərir ki, mobil ödəmə sistemlərindən istifadə ilə bağlı vəziyyət ürəkaçan deyil. Belə ki, ölkədə bu istiqamətdə struktur təşkil edilmir, mobil ödəmələrin populyarlaşdırılması, auditoriyasının genişləndirilməsi üçün geniş fəaliyyət gözə çarpmır.
Xeberler.az olaraq Azərbaycanda mobil ödəmə sistemlərindən istifadənin hazırki vəziyyəti, bunun inkişafına maneə olan problemlərin və onları aradan qaldırmağın yolları ilə bağlı bu sahədə kifayət qədər təcrübəsi olan ekspertlərlə söhbət etdik.
“İnsanlar “gəl qapıdan götür, pulu şəxsən sənə verim” prinsipi ilə ödəniş etməyə meyillidirlər”.
Azerfon şirkətinin mobil məzmun ve servis provayder şirkəti olan Azericom MMC-nin baş direktoru Vüqar Əliyarov məsələ ilə bağlı Xeberler.az-a bildirib ki, mobil texnologiyalar inkişaf etdikcə insanlar bu imkanlardan daha çox istifadə edir. Onun sözlərinə görə, bugünkü rəqəmlər də göstərir ki, gələcəkdə mobilləşmə daha da artacaq:
“Mobil texnologiya dünyada sürətli inkişaf edir, tətbiq olunur. Ölkəmiz bu sürətə müəyyən zaman içərisində çata bilər. Nəzərə alaq ki, Azərbaycanda mobil, onlayn ödəmə psixologiyası yeni formalaşır. Məlumdur ki, ölkədə bir sıra onlayn ödəmə saytları var və mən də bu xidmətlərdən istifadə edirəm. Yaxın dostlarımın əksəriyyəti deyir ki, niyə öz kartının məlumatlarını portalda qeyd etmisən? Yəni, insanların psixologiyasında, təfəkküründə bu prosesə qarşı dəyişiklik olmalıdır. İnsanlar ödənişi plastik kartla etmək istəmirlər. Əslində bu kimi texnologiyalar həyatımızı asanlaşdırır, amma biz cəmiyyət olaraq buna tam hazır deyilik. İnsanlar “gəl qapıdan götür, pulu sənin əlinə verim” prinsipi ilə ödəniş etməyə meyillidirlər”.
Vüqar Əliyarov ictimai nəqliyyatda BakıKart-ın tətbiq edilməsinin timsalında son dövrlərdə ölkəmizdə bu istiqamətdəki fəaliyyətləri yüksək qiymətləndirib:
“Bundan sonra bəlkə də restoranda hesabı mobil telefonunu hansısa qurğuya yaxınlaşdırmaqla ödəyə bilərik. Lakin bunları həyata keçirmək üçün bizə böyük vaxt lazımdır. Məsələn, bu gün mənim pul qabımda nağd olaraq çox az miqdarda pul var, çünki bir neçə bank kartım var. Amma insanlar buna şübhə, qorxu ilə yanaşırlar, psixoloji olaraq buna tam hazır deyillər. İnsanlar bir az bu texnologiyanı istifadə etməlidir, bəhrəsini, xeyrini, vaxt itkisinin qarşısını aldığını görməlidir”.
O hesab edir ki, bu məsələdə dövlətin dəstəyi olmalıdır, bununla bağlı məqsədli aksiyalar həyata keçirilməlidir. Lakin sahibkar özü də maraqlı olmalıdır. Müxtəlif yollarla insanları buna təşviq etmək lazımdır.
Vüqar Əliyarov mobil ödəmə sistemlərindən istifadənin müsbət və mənfi tərəflərini də Xeberler.az-a şərh edib:
“Mobil ödəmə texnologiyalarından dünyada ən çox istifadə olunanlar NFC, iBeacon-dur. NFC qısa məsafədən məlumatların ötürülməsini təmin edən texnologiyadır və bu texnologiya mobil ödəmələr üçün çox əlverişlidir. Digər bir texnologiya olan iBeacon mobil ödəmə kimi öz təsdiqini tapmayıb. Bir sıra böyük ölkələrdə bu sistem mobil ödəmə kimi yox, qısa məlumatların unikal formada abunəçilərin mobil telefonuna çatdırılmasını təmin edir. Bu texnologiya daha çox Apple cihazlarında tətbiq olunur. Bu texnologiya xüsusilə, pərakəndə satış və digər sektorlar üçün çox faydalıdır”.
iKeebon - Xercim.az layihəsinin rəhbəri Orxan Əhmədov Xeberler.az-a bildirib ki, Azərbaycanda hazırda fəaliyyət göstərən sistemlərdən AzeriCard, Hesab.Az, MilliKartın CİB tətbiqi var ki, bu tətbiqlərlə daha çox kütləvi, kommunal ödənişləri həyata keçirmək olur.
Orxan Əhmədov ölkədə mobil ödəmə problemini iki istiqamətdə şərh edib:
“Fəaliyyətdə olan bu cür sistemlərin interfeysi tam olaraq imkan vermir ki, yaratdığımız hansısa tətbiqdə ödənişlərini inteqrasiya edək. Amma praktikada bu cür inteqrasiyaları həyata keçirmiş şəxslər deyir ki, istifadəçilər daha çox telefon zəngləri və nağdsız ödənişlərlə sifarişə üstünlük verir. Bu isə mobil ödənişlərin problemi ilə bağlı deyil. Burada məsələnin iki tərəfi var: bir tərəfi ondan ibarətdir ki, Azərbaycanda əhali hazırda plastik kartlardan istifadə etmək istəmir. Maaş aldıqda ATM-lərə qaçıb tez nağdlaşdırmaq istəyir. Plastik kartlarla ödənişlərin qəbul olunduğu yerlərdə isə daha çox kredit kartlarından istifadə olunur. İkinici tərəfi isə texnoloji ləngimədir. Nağdsız ödənişlərə imkan verən sistemlər hələ tam mobilləşməyib, daha çox onlayn rejimdə işləyirlər və onların əsas biznes modeli kütləvi ödənişlərin qəbulu ilə bağlıdır”.
“Müştərilərin nağdsız və mobil ödənişlərdən istifadəyə olan inamının və meylinin artmasında ilk növbədə sahibkarların marağı olmalıdır”
Orxan Əhmədov bu cür mobil ödəmə sistemlərinin inkişafındakı maneələr və bu istiqamətdə görülməli olan tədbirlərdən danışıb:
“İnsanlar daha çox nağdla ödənişə üstünlük verirlər. Düzdür, məsələn, ictimai nəqliyyatda kart sistemini tətbiq edirlər, lakin bununla belə kart almaq istəməyən, başqasının kartı ilə keçmək istəyənlər olur. İnsanlarda belə bir psixoloji məqam var ki, onların nağd pula əli dəyməlidir. Nəyə görə insanlar onlayn sifariş edib vaxtına qənaət etməkdənsə, supermarketə gedib alış-veriş etmək istəyir? Çünki onun əli dəymir, gözü görmür. Bu məqamları aşmaq lazımdır. Amma düşünürəm ki, yeni nəsil yetişir və onlarla birlikdə zamanla bu problemlər də aşılacaq. Müştərilərin nağdsız və mobil ödənişlərdən istifadəyə olan inamının və meylinin artmasında ilk növbədə sahibkarların marağı olmalıdır. Həmçinin dövlət özü nağdsız ödənişlərin inkişafına nəzarət etməlidir. Hansısa vahid sistemin, qaydanın tətbiq edilməsi inkişafa səbəb olmur, rəqabət yaratmır, yeni texnologiyanın gəlməsini ləngidir. Şəhərdə bütün marketlərin qapılarında Visa-MasterCard loqoları yapışdırılıb, ancaq realda onların çox kiçik faizi plastik kartlarla ödənişi qəbul edirlər.”
“Nağdsız ödənişə marağı artırmaq üçün elektron ticarətlə məşğul olanlara vergi güzəştləri tətbiq olunmalıdır”.
Orxan Əhmədov ölkəmizin bu istiqamətdə xarici ölkələrdən geri qalma səbəblərini də izah edib:
“ Biz niyə xaricdən geri qalırıq? Ona görə geri qalmırıq ki, oradakı texnologiyanın burada tətbiq edə bilmirik. Hamının smartfonu, plastik kartı var. Amma bu imkanlardan istifadə etmirik, çünki ölkədə bu, lüzumsuz görsənir və maraq yoxdur. O marağı yaratmaq üçün isə biznesə güzəştlər tətbiq edilməlidir. Məsələn, elektron ticarət fəaliyyəti ilə məşğul olanlar deyir ki, istifadəçilər bizə sifarişləri zəng edərək bildirirlər, saytlardan kataloq kimi istifadə edirlər, nağdsız ödəniş etməyə meyilləri yoxdur. Belə problemləri aradan qaldırmaq üçün, mənim fikrimcə, dövlət elektron ticarətə xüsusi yanaşmalıdır. Məsələn, elektron ticarətlərə məşğul olanlara vergi güzəştləri tətbiq olunmalıdır. Xarici ölkələrdə bu praktika var, məsələn nağd ödənişlərdə 18 faiz ƏDV ödəyirsə, nağdsız ödənişlərdə isə 14 faiz ödəyir. Bu da sahibkarı məcbur edir ki, müştəriyə nağdsız ödəməni təklif etsin, çünki burada artıq öz marağı var.”
Shopera.az onlayn alış-veriş şirkətinin rəhbəri Rəşad Camal hesab edir ki, Azərbaycanda NFC, iBeacon kimi texnologiyaların istifadəsi o qədər sürətlənməyib.
Onun sözlərinə görə, NFC və iBeacon-un bazara hələlik informasiya kimi daxil olub:
“NFC-dən istifadə yaxın gələcəkdə öz aktuallığını qoruyacaq. Düzdür, hazırda bəzi şirkətlər artıq iBeacon-lardan istifadə edirlər, lakin təəssüflər olsun ki, bu hələ geniş yayılmayıb”.
“Bu istiqamətdə dövlətin dəstəyi mütləqdir”.
Rəşad Camal bildirib ki, Azərbaycanda mobilləşmə keçən ilkinə nisbətən sürətlənsə də, bu sahədə hazırki vəziyyəti də ürəkaçan hesab etmək olmaz:
“Son vaxtlar yavaş-yavaş müəyyən bir inkişafa gəlib çatmışıq. İstənilən biznes növünün inkişafında, xüsusilə, bizim kimi startaplar, yeni biznes texnologiyaları, yeni biznes modelləri, yeni biznes növlərində dövlətin təşviqatı vacibdir. Bu, işimizi ancaq sürətləndirə bilər, amma təşəbbüs təbii ki, sahibkarlardan gəlməlidir. Yəni biz təşəbbüs göstərməliyik, həyata keçirməliyik, dövlət də buna dəstək olmalıdır”.
“NFC, iBeacon kimi mobil ödəmə texnologiyalarının cəmiyyətə ancaq müsbət təsiri var”.
Onun sözlərinə görə, istənilən biznes növünün, istənilən modelin özünün mənfi cəhətləri də var:
“İnsanlar kimi texnologiyalar da mükəmməl deyil. Yeni texnologiyaların zərərindən çox, xeyirlərinin daha çox olduğunu düşünürəm. Bu texnologiyalar biznesin inkişafına ancaq müsbət nəticələr verə bilər. Artıq bütün dünya NFC, iBeacon texnologiyasından istfadə edir. Ona görə bu kimi texnologiyaların cəmiyyətə ancaq müsbət təsiri var”
O, hesab edir ki, bu kimi addımlar da hələlik kifayət etmir:
“Düşünürük ki, nağdsız onlayn və mobil ödənişlərdən istifadəni sürətləndirmək üçün sahibkarlarda buna maraq yaratmaq lazımdır və vergi güzəştləri burada əsas faktorlardan biri ola bilər. Əgər sahibkarlar bu məsələdə maraqlı olarsa, onlar insanlarda bu ödəmə sistemlərinə qarşı olan inamsızlığı, maraqsızlığı aradan qaldırmağın yollarını tapacaqlar”.
Azərbaycanda nağdsız ödənişlərdən istifadənin stimullaşdırılması üçün Mərkəzi Bankın 2013-cü ildən banklar arasında həyata keçirdiyi müsabiqəyə 2015-ci ildə ölkədə innovativ ödəniş texnologiyalarının tətbiqinin genişləndirilməsi və yeni ödəniş həllərinin istifadəsinin kütləviləşdirilməsi məqsədi ilə “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” və “Təmassız ödəniş kartları üzrə lider bank” adlı əlavə iki yeni nominasiya da elan edib.
Murad Məmmədzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri