4SİM DİF-in platformasında Azərbaycanın “NextGen” modelini təqdim edib

01-05-2026 / 10:51

Azərbaycanın “NextGen” Sənaye Klasteri təşəbbüsü və Sənaye 4.0 transformasiyası üzrə ölkədə həyata keçirilən təşəbbüslər barədə beynəlxalq tərəfdaşlara məlumat verilib.

Xeberler.az məlumat verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzindən (4SİM) bildirilib.

4SİM-in icraçı direktoru Fariz Cəfərov Dünya İqtisadi Forumunun (DİF) Enerji və Materiallar Mərkəzi tərəfindən təşkil olunan onlayn vebinarda təcrübə mübadiləsi sessiyasında iştirak edib.

Vebinar çərçivəsində Fariz Cəfərov DİF-in Sənaye Klasterlərinə Keçid (Transitioning Industrial Clusters – TIC) təşəbbüsünün üzvlərinə Azərbaycanın “NextGen” Sənaye Klasteri modeli və bu istiqamətdə görülən işlər barədə məlumat verib. O, Azərbaycanın 2026-cı ildə Davos Sammiti çərçivəsində bu təşəbbüsə qoşulduğunu və Sumqayıt Sənaye Parkında “SOCAR Polymer” və “SOCAR Karbamid” müəssisələrinin iştirakı ilə “NextGen” sənaye klasterinin formalaşdırıldığını vurğulayıb. Bildirilib ki, klaster istehsal xərclərinin optimallaşdırılmasını, rəqabətqabiliyyətli məhsul istehsalını və ixrac potensialının artırılmasını hədəfləyir. Məqsəd sənaye müəssisələrini daha səmərəli, rəqəmsal və aşağı karbonlu istehsal modelinə keçidə təşviq etmək və Azərbaycanın qlobal sənaye transformasiyası prosesində fəal iştirakını təmin etməkdir.

Sessiya zamanı, həmçinin 4SİM tərəfindən həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” təqdim olunub. Bildirilib ki, artıq 15 müəssisə bu proqrama qoşulub və proqramın əsas məqsədi sənaye 4.0 texnologiyalarını tətbiq etməklə müəssisələrin səmərəliliyinin artırılması və rəqəmsal transformasiyasına dəstək göstərməkdir. Proqram çərçivəsində yerli müəssisələrin texnoloji hazırlıq səviyyələri və transformasiya üzrə yol xəritələri hazırlanır.

Qeyd edək ki, TIC təşəbbüsünə qoşulan sənaye klasterinümayəndələri, eləcə də DİF-in müvafiq qurumları təcrübə mübadiləsi aparıblar.

DİF-in “Sənaye Klasterlərinə Keçid” təşəbbüsü eyni bölgədə yerləşən və dəyər zənciri üzrə əlaqəli müəssisələrin karbonsuzlaşma, rəqəmsal texnologiyaların tətbiqi və dayanıqlı istehsal modeli üzrə koordinasiyalı fəaliyyətini nəzərdə tutur. Təşəbbüsə qoşulmuş klasterlər qlobal miqyasda 877 milyon ton CO₂ ekvivalentinin azaldılmasına, 508 milyard ABŞ dolları həcmində ÜDM töhfəsinə və 4,6 milyon iş yerinin dəstəklənməsinə imkan yaradır ki, bu da təşəbbüsün strateji əhəmiyyətini göstərir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə