AMEA-da “Startup School 3” layihəsi təqdim edilib

14-05-2025 / 13:27

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramına həsr olunmuş infosessiya keçirilib.

Xeberler.az bildirir ki, infosessiyada AMEA-nın elmi müəssisələrinin Təhsil şöbələrinin müdirləri, gənc alim və mütəxəssislər, doktorant və dissertantlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə AMEA-nın Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru Sərxan Xavəri açaraq proqramın strateji əhəmiyyətinə toxunub. O vurğulayıb ki, bu təşəbbüs yalnız yeni texnologiyaların yaradılmasına deyil, onların tətbiqi vasitəsilə dayanıqlı inkişafın təmin olunmasına xidmət edir.

Tədbirdə “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov geniş təqdimatla çıxış edərək proqramın məqsədləri, mərhələləri, iştirak şərtləri, tərəfdaşlıq imkanları və startaplara göstəriləcək mentorluq və təlim dəstəyi haqqında ətraflı məlumat verib. O bildirib ki, proqram Mərkəzi Asiya və qədim İpək Yolu üzərində yerləşən ölkələrdən olan startapların iştirakı ilə beynəlxalq əməkdaşlığın və innovativ inteqrasiyanın gücləndirilməsinə xidmət edir.

“Yaşıl və Rəqəmsal İpək Yolu” akselerasiya proqramı regionda innovasiya mədəniyyətinin yayılması, startap ekosisteminin gücləndirilməsi və rəqəmsallaşma ilə yaşıl texnologiyaların tətbiqinin təşviq olunması məqsədi daşıyır. Proqram çərçivəsində iştirakçılara mentorluq, təlim və investisiya imkanları təqdim olunur.

Sonda iştirakçılarla fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb və potensial əməkdaşlıq perspektivləri müzakirə olunub. Tədbir həm də elmin innovasiya sektoruna ötürülməsi baxımından bilik mübadiləsinin təşviqi üçün əhəmiyyətli platforma rolunu oynayıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə