Azərbaycan BMT-nin rəqəmsal ticarət üzrə hesabatında liderdir

10-07-2025 / 13:53

BMT-nin 2025-ci il üzrə “Rəqəmsal və davamlı ticarətin asanlaşdırılması üzrə qlobal tədqiqatı”nın nəticələri açıqlanıb.

Xeberler.az bildirir ki, tədqiqat çərçivəsində Asiya-Sakit Okean regionunda 2023–2025-ci illər arasında aparılmış xarici ticarət islahatlarının nəticələrinə əsasən, Azərbaycan 2025-ci ildə ticarətin asanlaşdırılmasını özündə əhatə edən beş istiqamətin orta göstəricisi üzrə 92,5% səviyyəsində yüksək nəticə nümayiş etdirərək Avrasiya regionunda ilk onluqda qərarlaşıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Nicat Hacızadə bildirib ki, Azərbaycan ticarətin asanlaşdırılmasına daxil olan şəffaflıq, formal prosedurlar, institusional əməkdaşlıq və koordinasiya indikatorları üzrə 100%, kağızsız ticarət üzrə 92.59%, sərhədlərarası kağızsız ticarət üzrə 72,2% effektivlik nümayiş etdirərək olduqca yüksək nəticə əldə edib.

BMT-nin 2025-ci il üzrə “Rəqəmsal və davamlı ticarətin asanlaşdırılması üzrə qlobal tədqiqatı”nda Azərbaycan şəffaflıq göstəricisi üzrə 2015-ci illə müqayisədə 53,3 faiz bənd, formal prosedurlar üzrə 50 faiz bənd, 2023-cü illə müqayisədə 8,3 faiz bənd, institusional əməkdaşlıq və koordinasiya göstəricisi üzrə 2015-ci illə müqayisədə 33,3 faiz bənd, 2023-cü ilə nəzərən 11,1 faiz bənd, kağızsız ticarət üzrə 2015-ci illə müqayisədə 37 faiz bənd, 2023-cü illə müqayisədə 3,7 faiz bənd, sərhədlərarası kağızsız ticarət üzrə 2015-ci illə müqayisədə 50 faiz bənd, 2023-cü ilə nəzərən isə 5,6 faiz bənd irəliləyib.

Bütövlükdə tədqiqat, Azərbaycanın sözügedən göstəricilər üzrə 2015-ci ildən 2025-ci ilə qədər yalnız davamlı olaraq icra faizlərini artırdığını nümayiş etdirir.

Azərbaycan sözügedən tədqiqatda yüksək nəticə əldə etməklə Asiya-Sakit okean zonasında yerləşən əksər ölkələri qabaqlayaraq icra performansına görə yeddinci mövqedə, habelə, tədqiqatın regional təsnifatlaşmasında yer alan Şimal və Mərkəzi Asiya, o cümlədən dənizlərə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr arasında birinci mövqedə qərarlaşıb.

Eyni zamanda, Azərbaycan üzv olduğu bir sıra nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində də liderdir. Belə ki, sözügedən tədqiqat çərçivəsində ölkəmiz “İslam Əməkdaşlıq Təşkilatı”, “Türk Dövlətləri Təşkilatı”, “Müstəqil Dövlətlər Birliyi”, “İqtisadi Əməkdaşlıq Təşkilatı”, “D-8 İqtisadi Əməkdaşlıq” təşkilatına üzv ölkələr arasında lider mövqeyindədir. Bundan əlavə, Azərbaycan “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi” üzərində yerləşən dövlətlər arasında Çin Xalq Respublikasından sonra ikinci mövqedə qərarlaşıb.

Bu nailiyyətin əldə edilməsində əsas amillər xarici ticarət əməliyyatları zamanı prosedurların elektron qaydada olması və izlənilə bilməsi, bütün idxal və ixrac qaydalarının, tariflərin, prosedurların və sənədlərin onlayn olaraq rəsmi sayt və ya portalda dərc edilməsi, yeni ticarət qaydaları və ya gömrük prosedurlarına dəyişiklik edilərkən iş adamları, biznes assosiasiyaları və digər maraqlı tərəflərlə müzakirələr aparılması, yeni və ya dəyişdirilmiş ticarət qaydaları qüvvəyə minməzdən əvvəl sahibkarlara rəsmi bildirişlə məlumat verilməsidir. Bununla yanaşı, idxaldan əvvəl sahibkarların gömrükdən məhsulun tarif dərəcəsi və mənşə haqqında rəsmi yazılı qərar ala bilməsini özündə ehtiva edən şəffaflıq indikatoru üzrə Azərbaycanın 100%
nəticə əldə etməsi son illər xarici ticarətin liberallaşdırılması istiqamətində atılan addımlar, habelə gömrük prosedurlarının elektronlaşması istiqamətində həyata keçirilən islahatların effektiv kommunikasiyası ilə əlaqədardır.

Qlobal sorğunun ikinci bəndində yer alan formal prosedurlar mahiyyət etibarı ilə gündəlik sahibkarlıq subyektlərinin qarşılaşdığı klassik gömrük prosedurlarıdır. Bura malların riskəsaslı yoxlanılması, mallar ölkəyə çatmamışdan əvvəl gömrük bəyannamələrinin təqdim edilməsi və ilkin yoxlanması, rəsmiləşmə və rüsumların yekun hesablanması, sadələşdirilmiş gömrük prosedurları, təcili və prioritet mallar üçün sürətli gömrük rəsmiləşməsi və s. aiddir. Bu istiqamətdə Azərbaycanın 100% nəticəyə nail olması gömrük yoxlanılması, sərhəd-buraxılış məntəqələrində malların sürətli keçidi, müfəttiş-sahibkar münasibətlərinin daha da yaxşılaşdırılması istiqamətində aparılan məqsədyönlü islahat tədbirlərinin nəticəsidir.

Üçüncü bəndə “İnstitusional mexanizmlər və əməkdaşlıq” daxildir ki, bu da hökumətin ticarətə məsul səlahiyyətli institutlarının xarici ticarət iştirakçılarının davamlı və fasiləsiz fəaliyyətini stimullaşdırmaq məqsədilə idarəetmə çərçivəsinin keyfiyyətini əhatə edir. Ticarətin asanlaşdırılması üzrə milli komitə yaradılması, gömrük və sərhəd qurumlarının əməkdaşlığı üçün qanunvericilik çərçivəsi, iş günləri və saatlarının, gömrük qaydalarının qonşu ölkələrlə uyğunlaşdırılması kimi alt tədbirlər daha çox Dövlət Gömrük Komitəsinin qanunvericilik əsasında həyata keçirdiyi icraatları özündə əks etdirir.

Kağızsız ticarət üzrə Azərbaycanın mövqeyi 2015-ci illə müqayisədə 37,03 faiz bənd irəliləyərək 92,6% səviyyəsinə çatıb. Buna səbəb gömrük inzibatçılığı sahəsində, o cümlədən xarici ticarət prosedurlarında iştirak edən dövlət xidmətlərinin elektronlaşması, fiziki müraciətlərin minimuma endirilməsi və s. tədbirləri qeyd etmək mümkündür. Sözügedən indikatorun üzrə qlobal sorğunun çərçivəsinə Avtomatlaşdırılmış Gömrük Sistemi, Gömrük və sərhəd xidmətlərinin internet vasitəsilə məlumat paylaşması və əməliyyatları, gömrük və sərhəd prosedurlarının vahid elektron portal üzərindən icrası, gömrük bəyannamələrinin elektron formada təqdim edilməsi, idxal və ixrac icazələrinin elektron alınması və göndərilməsi daxildir.

Sonuncu istiqamətə isə “Sərhədlərarası Kağızsız Ticarət” indikatoru daxildir ki, bura elektron əməliyyatlar üçün qanun və normativ baza, elektron imza və təsdiq üçün hüquqi çərçivə, gömrük bəyannamələrinin elektron şəkildə başqa ölkələrlə qarşılıqlı paylaşılması, mənşə sertifikatı,sanitar və fitosanitar sertifikatların (yəni ərzaq və bitki mallarının icazələri) başqa ölkələrin gömrüyü ilə elektron paylaşılması daxildir.

Sözügedən tədqiqat Ümumdünya Ticarət Təşkilatının “Ticarətin Asanlaşdırılması Sazişində” nəzərdə tutulan, “Asiya və Sakit Okean regionunda Sərhədlərarası Kağızsız Ticarətin Asanlaşdırılması Çərçivə Sazişi”, eləcə də digər kağızsız ticarət və ya elektron ticarətlə bağlı inkişaf edən regional və qlobal təşəbbüsləri özündə əhatə edir.

İİTKM-in “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, BMT-nin 2025-ci il üzrə “Rəqəmsal və davamlı ticarətin asanlaşdırılması üzrə qlobal tədqiqatı”nda Azərbaycanın lider mövqedə tanınmasını “Azexport” tərəfindən son illərdə həyata keçirilmiş rəqəmsal həllərin, o cümlədən “Virtual Sərgi Zalı”, rəqəmsal sertifikatlaşdırma imkanları və “Alibaba”, “Amazon” kimi qlobal elektron ticarət platformaları ilə inteqrasiya proseslərinin praktik nəticəsi kimi də qiymətləndirmək olar.

Belə ki, “Azexport.az” portalı dünyanın 150-dən artıq ölkəsindən 50 minə yaxın sifariş qəbul edib, ixrac coğrafiyasını genişləndirib və “Made in Azerbaijan” məhsullarının beynəlxalq rəqəmsal platformalarda tanınmasını 2500 dəfə artırıb. Portalın fəaliyyəti bundan əvvəl də Avropa İttifaqının “EU4Digital” təşəbbüsü, “Alibaba” platforması, Türk Dövlətləri Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının müxtəlif rəsmi sənədlərində yüksək qiymətləndirilib, nümunəvi təcrübə kimi öyrənilməsi və digər ölkələrdə tətbiq olunması tövsiyə edilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə