Azərbaycanda kitaba marağın azalma səbəbi nədir?

03-08-2009 / 16:46

Azərbaycanda kitab oxuyanlarının sayı son dövrlərdə xeyli aşağı düşüb. Əgər Sovet dönəmində insanlar kitab mağazalarının qarşısında növbələr tuturdularsa, hazırda mebel salonlarında kitab rəfi alan insanların sayı həddən artıq azdır.

Üstəlik, o zamanlar xaricdən bədii, elmi-publisistik ədəbiyyat gətirmək çətin idi.

Bu gün isə yeni texnologiyaların tətbiqi sayəsində istənilən kitabı istənilən dildə internetdən sifariş vermək imkanı var.

Xeberler.az bildirir ki, iyulun 25-də gənclər Bakının mərkəzi küçələrindən birində qeyri-adi aksiya keçiriblər. Onlar küçənin ortasında dayanaraq kitab oxuyublar. Aksiya ətrafdakıların diqqətini cəlb edib. Aksiya iştirakçılarının dediyinə görə, “Kitab oxuyaq!” şüarı altında keçirilən bu tədbirlə gəncliyin diqqətini cəlb etməyi bacarıblar.

Diqqəti cəlb etməyin yollarından biri də reklamdır. Metropoliten stansiyalarında “Dünya ədəbiyyatı kitabxanası” adlı yeni layihənin reklamından bu nəqliyyat vasitəsindən istifadə edənlər yəqin ki, xəbərdardır. Biz də orada göstərilən telefon nömrələrinə zəng edib layihə barədə ətraflı məlumat almaq istədik.

Öncə qeyd edək ki, layihə “Kitab klubu” tərəfindən start götürüb. Klubun www.kitabklubu.org saytında bununla bağlı məlumat əldə etmək olar. Klubun əməkdaşı Ceyhun bəy layihənin ölkə başçısının müvafiq sərəncamına uyğun həyata keçirildiyini bildirdi: “2007-ci ildə prezident İlham Əliyev dünya ədəbiyyatı incilərinin bir qisminin latın qrafikasında çap edilməsi üçün sərəncam verib. Həmin sərəncama uyğun olaraq biz 2 aydır ki, yeni layihəyə başlamışıq. Layihə 2 il üçün nəzərdə tutulub”. Müsahibimiz layihə çərçivəsində 100 nəfərin abunə yazıla biləcəyini dedi: “Kitab klubuna gələrək şəxsiyyət vəsiqənizi təqdim edib abunə ola bilərsiniz. Bu zaman təminat kimi oxucular 20 manat ödəyəcək. Bu 3 kitabın pulunun öncədən ödənilməsi deməkdir. Sonradan kitablar satılanda bu məbləğ kitabın dəyərinə sərf olunacaq. Hazırda bizim 600-ə yaxın abunəçimiz var. 100 oxucu abunə yazıldıqca biz onlara kitab verəcəyik”.

Bəs, görəsən kitabların qiyməti necə olacaq? Ceyhun bəy qiymətlərin bazar qiymətlərindən ucuz olacağını dedi: “İki il ərzində 150 xarici müəllifin kitabını latın qrafikası ilə tərcümə və nəşr edəcəyik. Hər kitabın qiyməti 6-7 manat civarında olacaq. Hazırda 6 kitab çap prosesindədir. Layihə çərçivəsində kitabları maya dəyərinə almaq mümkün olacaq”.

Kitabların satışa nə zaman çıxarılacağı ilə bağlı məsələyə isə Klubun əməkdaşı belə aydınlıq gətirdi: “Həmin kitabların illüstrasiyaları xaricdə hazırlanır, ona görə proses bir az ləng gedir. Tərcüməyə gəldikdə, Bakı Slavyan Universitetinin müəllimləri bu işlə məşğuldurlar. Bədii tərtibata ”Tutu" nəşriyyatı, çap məsələsinə isə “Şərq-Qərb” və “Si-Bi-Es” nəşriyyatı baxacaq".

Qeyd edək ki, statistikaya görə, Azərbaycanda hər 400 min nəfərə 1 kitab mağazası düşür. Təəssüf ki, Sovet dövründə az qala addımbaşı rast gəlinən kitab mağazaların çoxunun yerində indi obyektlər tikilib. Sahibkarlar kitab satışının gəlirli sahə olmadığını əsas gətirirlər. Bunu sorğular da təsdiqləyir. Məsələn, “Kitab klubu” MMC-nin 2004-2006-cı illərdə 2000 respondent arasında keçirdiyi sorğuda respondentlərə bir sual verilib: “Son 1 ildə kitab oxumusunuzmu?”. Rəyi soruşulanların cəmi 10 faizi bu suala müsbət cavab verib. Amma maraqlıdır ki, onların böyük hissəsi kitabı evə, yaxud işə gətirsəydilər, məmnuniyyətlə oxuyacaqlarını söyləyiblər.

Klubun rəhbəri Elxan Rzayevin sözlərinə görə, kitabı əsasən oturuşmuş cəmiyyətlərdə daha çox oxuyurlar. Keçid dövründə olan, iqtisadi münasibətlərin dəyişdiyi, insanların daha çox öz yaşayışlarını təmin etmək uğrunda mübarizə apardıqları bir vaxtda kitab az oxunur; “Çünki insanın gündəlik həyatında problemlərdən vaxt qalmır. Bu mənada oxucuların azalmasında iqtisadi və keçid dövrünün təsirləri var. Amma istehlakçı bazarı qalır. Azərbaycanda bu bazar kiçik olduğu üçün obyektiv olaraq ölkədə çap edilən kitabın orta tirajı aşağı olur - 500 nüsxə. Bu isə kitabın maya dəyərinin qalxmasına gətirir. Qiymətin yüksək olması da bazarda alıcılıq qabiliyyətinə mənfi təsir göstərir”.

İkinci məsələ bundan ibarətdir ki, Azərbaycan nəşriyyatlarının 90 faizi sifarişə işləyir. Yəni müəllif əlyazmasını nəşriyyata verir, xərcləri cibindən ödəyir, nəşriyyat da kitabları çap edir və qaytarır sifarişçiyə ki, necə satarsan- satarsan. O da bir hissəsini dost-tanışa bağışlayır, bir hissəsini kitab mağazalarına verir. Bir hissəsini da evdə və yaxud qarajda saxlayır.

Əlavə edək ki, dünyada oxucunu cəlb etməyin üsulları müxtəlifdir. Bunlardan biri tələbata uyğun məhsul buraxmaqdır. İkinci üsul isə istehlakçını yaratmaq yoludur, yəni elə tədbirlər görmək lazımdır ki, artıq mövcud olan məhsula, bazarda tələbat yaransın. Bu günə olan statistikaya görə, dünyada ən çox kitab oxuyan millət hindistanlılardır.

Onlar həftə ərzində 11 saat kitab oxumağa ayırırlar. ABŞ, Böyük Britaniya və digər inkişaf etmiş ölkələr bu siyahıya daxil deyillər. “Teletext” korporasiyasının Boyuk Britaniyada apardığı analitik tədqiqata görə, yaşlı britaniyalılar ildən-ilə oxumağı azaldırlar. Ümid edək ki, bu kimi layihələr Azərbaycanı da ən çox kitab oxuyan ölkələr siyahısına salacaq.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə