Azərbaycanda kompüter istehsal edən zavod- Reportaj

27-02-2018 / 15:12

Məlum olduğu kimi, bir müddət öncə ölkəmizdə Acer kompüterlərinin istehsalı, daha doğrusu yığımına başlanıldı.

Belə ki, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti Htech Invest şirkəti tərəfindən Tayvanın Acer brendi altında kompüter istehsal edilir.

Xatırladaq ki, Htech Invest keçmiş Kür şirkətinin yerində fəaliyyət göstərir.

Kür 2005-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Teleradio istehsal birliyi ilə Sinam şirkətinin birgə yaradılıb.

Bildirilir ki, Acer kompüterlərinin ölkəmizdə istehsalı layihəsini keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu maliyyələşdirir. Layihəyə ilkin olaraq 10 milyon investisitya olunduğu qeyd edilir. 

Htech Invest şirkəti Cənubi Qafqaz regionunda kompüter avadanlığı və elektronika montaj-line istehsal edən yeganə şirkətdir.

Şirkət Yüksək Texnologiyalar Parkı-nın (YTP) rezidenti statusunu alıb və YTP-ın Mingəçevir filialında fəaliyyət başlayıb. Htech Invest Mingəçevir  YTP-ın yeganə rezidentidir.

O da qeyd edilir ki, Htech İnvest şirkəti dünyanın tanınmış digər brendləri ilə də işləməyə maraqlıdır. Belə ki, bu yaxınlarda zavodda Lenovo kompüterlərinin yığımına da başlanacağı söylənilir.

Xeberler.az olaraq bu barədə saytımızda mütəmadi məqalələr yayımlayırıq.

Bütün bunları nəzərə alaraq şirkətin fəaliyyəti, gördüyü işlə yaxından maraqlanmq üçün Mingəçevir şəhərində yerləşən Htech Invest -də olduq.

Şirkətin rəsmisi Orxan Nadirov ilə görülən işlər və gələcək planlar barədə ətraflı söhbət edib, kompüterlərin yığımı ilə əyani tanış olduq.

İlk olaraq qeyd edək ki, Htech Invest şirkətin fəaliyyətini ümumi ərazisi 1500 kvadrat metr, avadanlıqla təchiz olunmuş zavodda aparır.

Orxan Nadirov bildirib ki, HTech Invest İKT şirkəti 2015-ci ildə təsis olunub.

2016-cı ilin ortalarında Acer şirkətinin rəsmi nümayəndələri Mingəçevirə gəlib, şirkətin yerləşdiyi məkanla tanış olub. Belə ki, tam nəzarətin keçirilməsindən və müvafiq lisenziya və sertifikatların alınmasından sonra, ilkin pilot layihə çərçivəsində Acer kompüterləri yığılmağa başlayıb.

Bundan sonra fərdi kompüter və monoblokların kütləvi istehsalı başlayıb.

Öyrənirik ki, müəssisədə kompüter alıcının fərdi sifarişi ilə tələb olunan konfiqurasiya əsasında yığılılır:

“Sifarişləri qəbul edəndən sonra kompüterlərin yığımına başlayırıq. Çünki istəklər fərqli olur. Ona görə yığım fəaliyyətinə sifarişlərdən sonra başlayırıq”.

Məlum olduğu kimi, ölkəmizdə istehsal edilən məhsullara qarşı birmənalı yanaşma yoxdur. Belə ki, bəzən istifadəçilər bu məhsulların keyfiyyətinə inanmır. Ona görə də belə məhsulları tərcih etmir.

Orxan Nadirovoun sözlərinə görə, onlar da ilk vaxtlar bu problemə qarşılaşıb:

“İlk vaxtlar təqdimatlarda problemlərlə qarşılaşırdıq. Məhsulu təqdim edəndə yerli istehsal olduğu üçün almaqda tərrəddüd edirdilər.Ancaq məhsullarla yaxından tanış olduqdan və istifadə etdikdən sonra istehlakçılar məmnun qalırlar”.

Şirkət rəsmisi vurğulayır ki, onlar əhalinin, yerli şirkətlərin və dövlət müəssisələrinin artan tələblərini təmin etməklə yanaşı, “Made in Azerbaycan” brendi çərçivəsində keyfiyyətli məhsul istehsal etməyə çalışırlar.

Bunun nəticəsidir ki, hazırda onların ciddi müştəriləri var:

“Hazırda sifarişçilərimizin arasında ölkəmizin aparıcı özəl şirkətləri və bankları ilə yanaşı, Prezidentin İşlər İdarəsi, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Naxçıvan Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinin internet-mərkəzi, Azərpoçt Dövlət Müəssisəsi, Bakı Telefon Rabitəsi və bir çox başqa dövlət qurumları var. Eyni zamanda, məhsullarımızın əsas istehlakçıları adi istifadəçilərdir. Ümumiyyətlə, ölkə səviyyəsində şirkətimizin inkişafına ciddi səylər göstərilir”.

Orxan Nadirov bildirir ki, zavodda istehsal edilən məhsulların diapazonu çox genişdir və üç əsas xəttə ayrılır – masaüstü kompüterlər, nettoplar və monobloklar.

Onların hamısı da Acer şirkətinin son həlləri əsasında yığılır:

“Kompüterin bütün detalları Acer şirkəti tərəfindən göndərilir. Burada sifarişçinin fərdi tələblərinə uyğun olaraq müəyyən sayda kompüterlər quraşdırılır. Bu yanaşma sifarişçiyə müəyyən seçim azadlığı təmin edir. Bu halda biz quraşdırılan prosessorlar, qrafik kartlar, operativ yaddaş yaxud sərt disk həcmlərini uyğunlaşdırmaqla yanaşı, müştəriyə xüsusiləşdirilmiş lisenziyalı proqram təminatı seçimini təmin edə bilirik”.

HTech Invest tərəfindən istehsal edilən bütün məhsullar tanınmış istehsalçının zəmanəti ilə təmin olunur.

Məlumata görə, bu günə qədər HTech Invest şirkətində təxminən 4000 masaüstü kompüter, “All-in-One” sistemləri və mini fərdi kompüter yığılıb, satılıb. Hazırda şirkətin dövriyyəsi 2 milyon manatdan artıq təşkil edir. Artan tələbatı nəzərə alaraq onlar 2018-ci ildə dövriyyəni 10 milyon manata qədər artırmağı planlaşdırılır.

Onu da öyrənirik ki, zavodun istehsal imkanları gündə 300-ə qədər kompüter quraşdırmağa imkan verir. Lakin zərurət olduqda həcm artırılır.

Həcmin artımı ilə istehsal edilən məhsulun çeşidi də artmış olur.

Qeyd edilib ki, 2017-ci ildə HTech Invest 500 min manat vergi ödəyib.

Orxan Nadirovun məlumatına görə, şirkətdə 30-dan çox işçi çalışır. Onların   90 faizi isə Mingəçevir sakinləridir. Kompüterlərin yığımı ilə məşğul olan texniki şöbədə çalışanların hamısı ali təhsillidir.

Bildirilir ki, onlar işə götürüləndə bir müddət təlim və kurslara cəlb edilir. Daha sonra işə başlayırlar.

Yığıcı texnik Şəhriyar Şirinov deyir ki, bu iş qıraqdan çətin görünsə də, onun üçün asan və maraqlıdır. Belə ki, texnik bir dəyşiklik, problem olmasa, bir kompüteri 7-10 dəqiqəyə yığıb, bitirir. Yalnız konfiqurasiya dəyişəndə vaxt uzanır.

Öyrənirik ki, kompüter sifarişləri qəbul edildikdən sonra sifariş detal anbarına göndərilir. İsehsal sahəsinə qəbul onunmuş detallar sistemdə qeydiyyatdan keçir.Yığıcı texniklər tərəfindən yığılıb hazırlanır.

Kompüter tam hazır olanda sınaqdan keçirilir. Bu mərhələdən sonra artıq məhsul qablaşdırılır.

Bu günə qədər 4 minə yaxın sifariş aldıqlarını deyən Orxan Nadirov müraciət qaydalarına da aydınlıq gətirib.

Belə ki, Acer kompüterlərini əldə etmək üçün həm zavoda , həm də onlayn müraciət etmək mümkündür. Bunun üçün şirkətin rəsmi saytı htechinvest.az-da məhsulu sifariş edə bilərsiniz. Qeyd edək ki, sifariş zamanı konfiqurasiyanı da dəyişdirə bilərsiniz. Bu zaman isə əlavə ödəniş etmək lazım olacaq.

Məlumata görə, ümumiyyətlə yığılmış Acer kompüterlərinin qiyməti 595 manatdan 1600 manata qədər dəyişir. Şirkətdə ən ucuz kompüter NETTOP-dur. Onun qiyməti isə 595 AZN-dir.

Digər brendlərin istehsalına gəlincə isə şirkət rəsmi bildirib ki, başqa qlobal marklarla da işləməyə maraqlıdırlar. Amma hazırda digər brendlərin istehsalı yoxdur.

Onu da qeyd edək ki, Htech İnvest Azərbaycanda İT sənayenin inkişafındakı töhfəsinə görə “Azeri Business Award” Milli Mükafatına və Amerikada keçirilən forumda ilin ən yaxşı tərəfdaşı statusuna layiq görülüb. Bununla yanaşı, şirkət ölkədə Bakutel sərgisi və digər tenderlərdə aktiv iştirak edir.

Servis və texniki xidmət Acer şirkətinin Azərbaycandakı rəsmi servis mərkəzində həyata keçirilir.

 Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə