Azərbaycanda yeni İT layihəsi başlayır

29-07-2022 / 09:19

Bilirsinizmi, yaxşı hazırlıqlı hər bir İT mütəxəssis özündən başqa 5 yeni iş yeri yaradır. Hər 20 min İT mütəxəssis isə ölkəyə ildə 1 milyard dollar gəlir gətirir.

Bu rəqəmlər Qafqaz, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinə İT iqtisadiyyatı qurulmasına dəstək  verən «StrategEast» qeyri-kommersiya təşkilatının məlumatlarından götürülüb.

ABŞ, Ukrayna, Gürcüstan və Qırğızıstanda ofisləri olan «StrategEast»in dəstəyi ilə qonşu Gürcüstan artıq İT ölkəsinə çevrilməyə başlayıb. Bir qədər əvvəl  belə bir layihə Azərbaycanda da başlayıb.

«StrategEast» təşkilatı “IdealHub” İnnovasiya və Texnologiya Mərkəzi ilə birgə Azərbaycanda İT mütəxəssislərin hazırlanması və xarici şirkətlərdə işlə təmin edilməsi ilə bağlı mühüm layihəyə start verdi. Beləki, gələcək İT karyerasını qurmaq istəyənlər üçün, texniki bacarıqları öyrətmək və konsultativ yardım göstərmək məqsədilə “IdealHub” Azərbaycanda ilk dəfə Amerika Birləşmiş Ştatlarının “Strategeast” qlobal İT şirkəti ilə əməkdaşlıq çərçivəsində 100% iş təminatlı İT kurslar təşkil edir.  

“IdealHub” innovasiya və texnologiya mərkəzi tərəfindən təqdim edilən “Learn&Earn” proqramı beynəlxalq mütəxəssislər tərəfindən qlobal İT kursları təşkil etməklə yanaşı, kursu müvəffəqiyyətlə bitirən tələbələrə Azərbaycanı tərk etmədən, dünya üzrə 60 mindən çox əməkdaşı olan Amerikanın və digər beynəlxalq İT şirkətlərdə gələcək karyeralarını qurmaq imkanını təklif edir.

Kurslar müxtəlif platformalardan, testinq metodologiya və proqramçılar üçün olan təlimlərdən ibarətdir. “IdealHub” və Strategeast şirkəti İT sahəsində ixtisaslı kadrların sayını artırmaq, yüksək məvacibli iş yerləri yaratmaq, texnoloji sahibkarlıq imkanlarını genişləndirmək, birbaşa xarici investisiyaları cəlb etmək və İT xidmətlər ixrac etməklə Azərbaycanda bu sənayenin yaradılmasının asanlaşdırılmasına kömək edəcəklər.

Hökumət qurumları, beynəlxalq maliyyə təşkilatları və iri texnoloji şirkətlərin dəstək verdiyi bu layihədə təlim keçən mütəxəssislər demək olar ki, dərhal xarici texnoloji şirkətlərdə yüksək əmək haqqı ilə işə qəbul ediləcəklər. Bu üsulla ölkədə yüzlərlə İT mütəxəssisin hazırlanması və işlə təmin edilməsi nəzərdə tutulur.

Söhbət təkcə İT mütəxəssis hazırlığından getmir, layihə çərçivəsində Azərbaycanda startapların dəstəklənməsi sistemi də qurulur. Bu - ölkəyə İT sektordan milyonlarla dollar əlavə gəlirin daxil olması deməkdir.

Oxşar layihə qonşu Gürcüstanda əla nəticələr verib – iki il əvvəl koronavirus pandemiyası zamanı turizm sektorunun çökməsindən şok yaşayan Gürcüstan artıq İT sahədə ixraca və iri gəlirlər əldə etməyə başlayıb.

İT iqtisadiyyat nədir və onun hansı faydaları var? Təşkilatın Gürcüstandakı maraqlı təcrübəsi və Azərbaycandakı planları ilə bağlı fed.az-ın suallarını «StrategEast»in prezidenti Anatoli Motkin cavablandırıb.

- Əvvəlcə gəlin, dəqiqləşdirək, StrategEast təşkilatı nə ilə məşğuldur, hansı işləri və layihələri həyata keçirir?

- StrategEast - qeyri-kommersiya təşkilatıdır, bizim əsas məqsədimiz inkişaf etməkdə olan ölkələrdə rəqəmsal, yəni «bilik» iqtisadiyyatının inkişafına dəstək verməkdir.

Çünki indiyədək 90-cı və 2000-ci illərin təbii resurslara və ənənəvi sənayeyə əsaslanan iqtisadiyyatı artıq köhnəlib, onun inkişafının davam etməsi üçün texnoloji tərəfi inkişaf etməlidir.

Hazırda sonu «tech» sözü ilə bitməyən iqtisadi sahə, demək olar ki, yoxdur - aqritech, fintech və sair. Ona görə də texnoloji sahələrin inkişafı, ümumilikdə iqtisadiyyatın inkişafına və onun şaxələndirilməsinə dəstək verir.

Eyni zamanda məqsəd bu ölkələrin intellektual resurslarının qorunub saxlanılması, gənclərin ölkədən çıxıb getməməsi, özlərini və ideyalarını öz ölkələrində reallaşdırmasıdır.

- Bəzi ölkələrin zəngin təbii ehtiyatları – neft-qaz ehtiyatları var və onlara böyük gəlirlər gətirir. Bu ölkələr üçün texnoloji yeniliklər nə qədər vacibdir?

- Mən Səudiyyə Ərəbistanının neft nazirinin sözlərini xatırlatmaq istəyirəm. O bildirmişdir ki, «daş dövrü ona görə başa çatmayıb ki, daşlar qurtarıb». Eyni hal neftlə də baş verəcək. Ona görə də biz ölkələrə o istiqamiədə inkişaf etməyə dəstək veririk, ki, onlar indiki və gələcək dövrdə də iqtisadi cəhətdən aktual olaraq qalsınlar.

- Təşkilatınız hansı ölkələrdə fəaliyyət göstərir?

- Biz əsasən keçmiş SSRİ respublikaları - Şərqi Avropa və Qafqaz, eləcə də Mərkəzi Asiya ölkələri ilə işləyirik. Eləcə də biz Latın Amerikası ölkələrində Panama, Kolumbiya, Dominikan respublikası və Kosta-Rikoda fəaliyyət göstəririk. Bu ölkələr də iqtisadiyyatın texnoloji  diversifikasiyasına və qlobal istehsal və təchizat zəncirinə qoşulmağa ehtiyac duyurlar.

- Azərbaycanda həyata keçirəcəyiniz layihə nədən ibarətdir?

- Biz hazırda Azərbaycanda IdealHub İnnovasiya və Texnologiya Mərkəzi ilə birgə gənc İT mütəxəssislər üçün olduqca maraqlı treninqə başlamışıq. Onu dünya səviyyəli mentorlar və müəllimlər keçirir, özü də nəzəri deyil, praktiki bilikləri tədris edirlər. Düşünürəm ki, artıq bir neçə aydan sonra biz azərbaycanlı mütəxəssislərin evdən çıxmadan xarici şirkətlərdə necə işləyəcəyini göstərə biləcəyik.

- Azərbaycanda İT sənaye, məsələn, Gürcüstandakı kimi böyük deyil. Bununla bağlı cəhdlər olsa da, iqtisadiyyatın başqa sahələri daha öndədir. Sizcə Azərbaycanda İT sənaye nə vaxt iqtisadiyyatın ciddi sahəsinə çevriləcək?

- Əvvəla, Azərbaycanda bu sahənin inkişaf etdirilməsi ilə bağlı prezidentin tapşırıqları var. İkincisi, sizdə bu sahənin inkişafı ilə məşqğul olan iki nazirlik var. Bunlardan biri İqtisadiyyat Nazirliyi, digəri isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. İki il əvvəl Gürcüstanın da İt sahəsi Azərbaycanın İT sənayesinin indiki vəziyyətində idi. Gürcüstan - Strategistin fəaliyyəti və hökumət orqanları ilə əməkdaşlıq, eləcə də donorların və İT şirkətlərin dəstyi ilə çiçəklənən İT sənayenin yaradılması ilə bağlı çox yaxşı nümunədir.

- Gürcüstandakı layihə barədə bir qədər ətraflı məlumat verərdiniz – burada İT sənayenin inkişafı üçün işlər nə vaxtdan başladı, hansı işlər görüldü və hansı nəticələri var?

- Mən bir neçə rəqəm səsləndirmək istəyirəm. İki il əvvəl biz Gürcüstanda işləməyə başlayanda ölkədə İT sektorunda bir neçə min nəfər vardı, onlar banklarda, onlayn kazino sektorunda və dövlət sektorunda çalışırdılar. Ölkədə İT xidmətlərin xaricə ixracı ilə məşğul olan bir şirkət də yox idi. Yəni Gürcüstanın İT ixracından gəlirləri yox idi. Bəzi startaplar vardı, onlarla Gürcüstanın Dövlət İnnovasiya və Texnologiyalar agentliyi məşğul olurdu, amma peşəkar dildə «Exit» (yəni uğurlu startapa iri investorun cəlb edilməsi və gəlir götürülməsi) adlandırılan hallar yox idi. Yəni ölkədə xarici şirkətin və ya xarici investorun pul yatırdığı startap yox idi.

- Gürcüstanda StrategEast-in layihəsi nə vaxt başladı? 

- Biz Gürcüstanda iki il əvvəl işə başladıq – onda 2020-ci il, koronavirus pandemiyası dövrü idi. Gürcüstan bir turizm ölkəsi olaraq bu hadisələrdən bəlkə də ən çox zərər çəkmişdi, çünki ölkə iqtisadiyyatı turizmdən çox asılı idi. Buna görə də biz birinci ili çox gərgin işləyərək İT sənayeyə sərf etməyi qərara aldıq. Əvvəlcə biz bu ekosistemin yaradılması üçün hansı elementlərin tələb olunduğunu araşdırdıq. Əlimizdəki əlaqələr və əməkdaşlıq münasibətlərindən istifadə edərək bu elementləri özümüz yaratmağa başladıq.

Biz bu prosesə, Silikon Vadisi, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi maliyyə institutlarını, Almaniya, İsveç və sair ölkələrin maliyyə təşkilatlarını, eləcə də Silikon vadisindən texnoloji şirkətləri cəlb etdik. Əvvəlcə 40 nəfərlik bir pilot qrup yaratdıq, hansı ki, indi bunu Azərbaycanda IdealHub Mərkəzi ilə də edirik. Bizim öyrətmə sistemimizin üstünlüyü təkcə təlimin yüksək səviyyəli olması deyil - fərq həm də ondadır ki, biz  öz uğurumuzu təlim keçən insanların sayı ilə deyil, yaratdığımız real iş yerlərinin sayı ilə ölçürük.

Buna görə də biz elə şirkətlərlə işləyirik ki, onlar təlim keçdiyimiz insanları işə götürsünlər.

Artıq məlum olanda ki, bizim 40 məzunumuz olacaq - bu say artıq kifayət idi ki, regionda şirkət filialı yaradılsın. Bunu nəzərə alaraq xüsusi vergi rejiminin yaradılması təklifi ilə hökumətə müraciət etdik və İT məhsullarının ixracı sahəsuində əmək haqqından gəlir vergisi 20%-dən 5%-ə endirildi. Bundan sonra artıq belə şərtlərlə digər şirkətləri və Silikon Vadisindən akselerasiya mərkəzi cəlb edik ki, startaplarla işləsin.

- Bütün bu işlərin nəticəsi olaraq Gürcüstanda fəaliyyətə başladığınız ilk ildə hansı nəticələr əldə edildi?

- Beləliklə, Gürcüstandakı ilk ilimizin nəticələrinə baxsaq – 31 xarici İT şirkət Gürcüstanda ofis açaraq işçi qəbuluna başladı. İkincisi, İT xidmətlərin ixracından gəlir 35 milyon dolları keçdi, ilk il üçün bu əla göstəricidir.

Fikir verin, Gürcüstanda bu statusu ancaq o şirkətlər ala bilər ki, İT xidmətlərin 98%-i ixrac olunsun, ona görə də vergi dərəcəsinin endirilməsindən büdcə itirmədi, əksinə qazandı.

Ölkədə 2 minə yaxın yüksək maaşlı yeni iş yeri yaradıldı, özü də təkcə Tbilisi də deyil, başqa şəhərlərdə də – bu da vacib məqamdır.

Daha vacib məqam, birinci il ərzində Gürcüstanda 50 milyon dollarlıq startap satıldı. Bu əlbəttə, milyard deyil, amma çox ciddi rəqəmdir. Bundan başqa, biz Gürcüstana ilk məhsul şirkətini « Rakuten Viber»i gətirməyə nail olduq – «Rakuten Viber» şirkəti Tbilisidə ofis açdı - bu da böyük addım idi.

Layihəmizin ikinci mərhələsində isə xarici maliyyə institutlarının dəstəyi ilə təlim şəbəkəsini Gürcüstanın 13 şəhərinə genişləndirmək fikrindəyik. Onların hər birində 40 nəfər təlim keçəcək, təlimlər məsafədən, onlayn aparılacaq ki, gənclər şəhərlərini tərk etməsinlər.

Xüsusi qeyd etmək istəyirəm ki, hər bir İT mütəxəssisi və onun işi təkcə onun maaşı və ailəsinin rifahı deyil. Hər İT mütəxəssisi iqtisadiyyatın digər sahələrinə aid olan əlavə 5 yeni iş yeri deməkdir. Bura taksi sürücüsü, ofisiant, inşaatçı və sair aiddir. Ona görə də biz təkid edirik ki, gənclər elə yaşadıqları yerdə qalıb məsafədən işləsinlər. Belə olanda onlar öz yaşadıqları şəhərin inkişafına ciddi dəstək vermiş olurlar. Çünki onlar hamısı paytaxta üz tutsalar nəticədə çiçəklənən paytaxt və depressiyadan olan rejionlar əldə edəcəyik.

- Gürcüstanda iş bu üsulla iş yeri açan və prosesə dəstək verən şirkətlər hansılardır?

- Bunlar əsasən iri İT şirkətlərdir, doğrudur onlar Google və ya Apple deyillər, amma onlar da milyardlıq şirkətlərdir, onların 30-40min əməkdaşları var. Azərbaycana da belə iri şirkətləri gətirmək istəyirik.

- Bəs Azərbaycanda bu proqram necə həyata keçiriləcək? İşlər Gürcüstanda olduğu kimi aparılacaq?

- Eyni proqramı biz Azərbaycanda da həyata keçirməyə çalışırıq. Mən indi ad çəkmək istəmirəm, amma donorlarımız vasitəsilə 12 regional mərkəzdə belə təlimlərə başlamaq istəyirik.

Mən Azərbaycanda İT sənayesinin inkişafına çox inanıram. Çünki sizdə ağıllı uşaqlar, ənənəvi olaraq fizika və riyaziyyata əsaslanan fundamental təhsil mövcuddur.   

Burada çatışmayan və bizim etmək istədiyimiz – təlim və işə götürmə prosesinə iri şirkətləri cəlb etməkdir. Buraya elə şirkətləri cəlb etmək istəyirik ki, artıq müştəriləri və sifarişçiləri var və insanları öyürətməyi və işə cəlb eğtməyi bacarırlar.

Yəni biz istəmirik ki, bizim təlim keçdiyimiz gənclər sonra ora-bura qaçıb özlərinə iş axtarsınlar. Biz ölkədə real iş yerləri yaratmaq istəyirik. Gürcüstan təcrübəsini nəzərə alaraq düşünürəm ki, bu işin öhdəsindən gələcəyik. Bu dövlət qurumları və bu sahədəki şirkətlərlə əməkdaşlıq şəklində mümkündür. Üstəlik donorların da olması imkan verir ki, heç də hər şey dövlət hesabına olmasın.

İqtisadiyyat Nazirliyinin tərkibində «4-cü sənaye inqilabı» adlanan departament var. Onlar çox sistemli və peşəkar çalışır, iqtisadi analizlər edərək ölkənin ehtiyaclarını dəqiqləşdirirlər. Bundan başqa, biz vergi xidməti ilə də işləyirik. Çünki xüsusi vergi rejimi olmadan iri şirkətləri buraya cəlb etmək mümkün deyil. Onlar (yəni xarici İT şirkətlər) hansısa yerdə vergini 5%-lə ödəyirlərsə, onları ölkədə xərc çəkib ofis açmağa və üstəlik 20% faiz vergi ödəməyə inandırmaq çətin məsələdir.

- Azərbaycanın Vergi Xidmətinin bu təklifə münasibəti necədir?

- Vergi Xidməti bu məsələni anlayışla qarşılayır. Onlar ümumi bazarla müqayisədə rəqabət qabaliyyətli şərtlərin yaradılmasına hazırdırlar. Burada başa düşürlər ki, biz büdcə gəlirlərinə zərər verməyəcəyik, əksinə, bu üsulla ölkəyə və büdcəyə daha çox gəlir gətirəcəyik. Özü də məsələ təkcə büdcədən getmir. Yüksək əmək haqqı alan şəxslər ətrafıdakı biznesi də inkişaf etdirir. Onlar necə deyərlər, xidmətlərdən istifadə edir, restorana gedir, mənzil alır, ev tikir və sair. Bu da iqtisadiyyat üçün əlavə “yanacaq”dır.

- Qeyd etdiniz ki, İT sektorun inkişafı təkcə iqtisadiyytı deyil, biznes mühiti, cəmiyyətdə yanaşmanı da dəyişir. Bu özünü hansı məsələlərdə göstərir?

- Maraqlı və vacib sualdır. Mən yenə Gürcüstan nümunəsini misal gətirim. Orada ölkəyə gələn şirkətlərdən biri məhdud qabiliyyətli olan insanlar üçün şəhərin interaktiv xəritəsini hazırlayıb - tamamilə pulsuz, sadəcə hazırlayıb - və şəhərə hədiyyə edib. İri şirkətlərin başqalarından fərqi odur ki, onlar böyük işlər görə bilirlər, kiçik şirkətlər bunu edə bilməzdilər. Eyni zamanda onlar hər hansı problemin həlli üçün yerli gənclər üçün hakatonlar da təşkil edirlər.

Amma təkcə şirkətlər deyil, İT sektorunda çalışan insanlar da məsələlərə bir qədər fərqli baxırlar, yəni tutaq ki, onları nəsə qane etmirsə, çalışıb məsələni özləri həll etməyə çalışırlar. Məsələn, Belarusda İT sektorun nümayəndələri «Belavia» şirkəti üçün pulsuz tətbiq yazıblar, çünki əvvəlki tətbiq yaxşı işləmirdi və insanları qane etmirdi. İT mütəxəssislər isə bunu pulsuz hazırlayıb şirkətlərə hədiyyə etdilər, indi ondan hamı yararlanır. İndi də Gürcüstandakı mütəxəssislər elə bir tətbiqi gürcü avişirkətləri üçün yazmaq istəyirlər, çünki onların tətbiqi də yaxşı işləmir (gülür). Yəni ənənəvi sektorda çalışanlarda düşüncə daha yavaşdır, amma İT sektorda məsələrə baxış fərqlidir.

- Belə fərqli baxışı olan mütəxəssislərə bir çox sahədə tələbat var. Bu baxımdan İT sektoru həm də ölkə üçün yeni kadrlar yetişdirən sahə saymaq olarmı?

- Əlbəttə, məsələn, Gürcüstanda idiyədək ən yaxşı inkişaf edən və peşəkarların çalışdığı sahə bank sektoru idi. Hökumətə istənilən kadr lazım olanda, kimisə vəzifəyə təyin edəndə bu sektordan cəlb edirdilər, indi isə bura İT sektor da əlavə olunub. Çünki bu sahədə çalışanlar prosesləri və problemləri görür, onları qruplaşdırmağı, tapşırıqları müəyyən etməyi və onu həll etməyi bacarırlar. Ona görə də belələrinə məsul işlər həvalə edilir, onlar nazir müavini, şöbə müdirləri və sair vəzifələrə  təyin olunurlar. Azərbaycanda da belə şəxslər inkişaf edərək müxtəlif vəzifələrdə ölkəyə töhfə verə bilərlər.

- Siz İT sektorun inkişaf barədə danışanda tez-tez qeyd edirsiniz ki, bu proses sovet düşüncə tərzinin qərb düşüncə tərzini ilə əvəz oluqmasına kömək edir. Bu iki yanaşma arasında fərq nədir?

- Əvvəla qeyd edim ki, Azərbaycanda məncə qərb düşüncəli insanların sayı, qonşu Gürcüstandan daha artıqdır. Çünki sizdə sürətlə inkişaf edən energetika sektoru var. Uzun illər burada çalışanlar və buradan dövlətin əldə etdiyi vəsait hesabına xaricdən təhsil alanlar olub. Özü də Gürcüstanda xarici təhsil əsasən humanitar istiqamətdə olub. Sizdə isə insanlar xaricdə daha çox iqtisadi sahədə təhsil alıblar.

Qərb və sovet təfəkkürünün arasındakı ən böyük fərqi isə özəl mülkiyyətin toxunulmazlığı və ümumiyyətlə bu anlayışın necə qəbul edilməsidir. Məsələn, sovet dövründə fəhlələr asanlıqla iş yerindən çəkici oğurlaya bilərdilər. Belə halda amerikalı fəhlə deyir ki, mən onu oğurladım, amma məni tutmadılar, sovet insanı isə bildirir ki, işdən evə çəkic gətirmişəm. Yəni heç onu oğurluq da saymır. Halbıku ki, bu çəkic - kiminsə əmlakıdır. Özəl mülkiyyətin toxunulmazlığı və qanunun aliliyi isə iqtisadiyyatın inkişafı üçün əsas amillərdir. 

- İT sektorun iqtisadiyyata və həyat tərzinə faydaları çoxsaylı hesabatlarda göstərilir. Bu sahənin vacibliyini daha yaxşı təsəvvür etmək üçün rəqəmlərlə izah edə bilərsiniz mi – Azərbaycan kimi ölkənin iqtisadiyyatına İT mütəxəssis hansı faydanı verə bilər?

- Baxın, gəlin əvvəlcə rəqəmlərə nəzər salaq və aydınlaşdıraq. Keçmiş sovet, indiki Avrasiya ölkələrində , İT işçisinin orta aylıq əmək haqqı təqibən 2,5 min dollardır. 500-5000 arasında dəyişir, amma ortalama 2500  dollardır. Bundan başqa hesablamalar göstərir ki, İT sektorun təbii artımı olan ölkələrdə (məsələn, Ukrayna və Belarus kimi) hər 20 min nəfər İT əməkdaşı ölkə iqtisadiyyatına əlavə olunan 1 milyard dollar deməkdir. Buna uyğun olaraq biz Azərbaycanın da İT sektorunun ÜDM-ə faydasını hesablaya bilərik.

Digər tərəfdən, ölkədə yaxşı inkişaf etmiş İT sektor varsa, başqa sahələr də inkişaf etməyə başlayacaq - neft sektorundan tutmuş digər sahələrə qədər.

Gürcüstanda bu il İT sektorun artımı 100 milyon dollar olacaq. Strategiistin də məqsədi odur ki, prosesi elə işə salsın ki, sonra bizə ehtiyac olmasın. Yəni bizim bu prosesi sonadək idarə etmək fikirmiz və niyyətimiz yoxdur.

Ümumiyytlə isə texnologiyalar aqrar sahədən tutmuş neft hasilatı, tibbi və digər sahələrdə istifadə edilir. Nəticədə həm də bu ölkənin indiyədək xaricdən aldığı texnologiyalara qənaət etməyə də imkan verəcək.

- Sizin Bakıda başlayacaq layihə barədə danışaq - təlim keçiləcək gənclər necə seçilir? Və mümkündürmü ki, hər hansı gənc, hansı ki, fikirləşir onun bu sahədə istedadı və ya potensialı var, özü yaxınlaşsın, lazım olarsa, ödənişini də etsin və kurslara yazılıb, təlim keçərək sonda bu layihə çərçivəsində özünə iş tapsın – ABŞ-da və ya başqa xarici ölkədə? Yəni sizin partnyorların iştirakı olmadan bu layihəyə qatılmaq mükündürmü?

- Bu layihədə bizim əsas partnyorumuz IdealHub İnnovasiya və Texnologiya Mərkəzidir. Ümumiyyətlə, biz əsasən innovasiya yönümlü və düzgün yol xəritəsi olan IdealHub Mərkəzi ilə yola çıxmağı  və həmçinin, onlar ilə birgə universitetlərlə işləməyə üstünlük veririk. Universitetlər bizə istedadlı gəncləri tapmaqda kömək edir, IdealHub isə bütün təşkilati məsələlərdə dəstək verirlər.

O ki qaldı – istənilən şəxs yaxınlaşıb buraya qoşula bilərmi – əlbəttə. Biz pilot layihəyə başlayanda açıq elan edildi ki, kim istəsə gəlib qoşula bilər. Buraya qoşulmaq üçün bəzi tələblər də var. Əvvəla, ingilis dilini azı B1 səviyyəsində bilmək lazımdır. Bunsuz olmaz, çünki onlar beynəlxalq komandalarda işləyəcəklər, belə halda isə kommunikasiya olması üçün ingilis dili hökmən olmalıdır.

İkinci tələb - müəyyən texnoloji vərdişlərin olmasıdır. Bu haradasa, kompyuter elmləri fakultəsinin 3-4-cü kurs tələbələrinin bilikləri səviyyəsində olmalıdır.

Burada qəbul imtahanı olur ki, onu müəllimlər deyil, kompüter götürür. Əgər insan bu tesii onlayn keçə bilirsə, gəlib oxuya bilər. O ki qaldı ödənişə, pilot layihədə biz tələbələrdən təlim haqqının 10%-ni alırıq. Bu hökmən olmalıdır, çünki insan heç nə ödəmirsə, onun məsuliyyəti də olmayacaq.

Ona görə də, əslində bu xərclərin hamısını ödəmək imkanımız olsa da, qərara almışıq ki, pulun bir hissəsini tələbə ödəsin.

Sualınıza gəldikdə isə bəli, bizim təlimə insanlar özləri də gəlib qoşula bilərlər,  bitirəndən sonra isə ya bu şirkətlərdə işləyəcəklər, ya da özləri iş axtaracaqlar.

Əsas məsələ odur ui, bizim pilot layihəni bitirən tələbələrin hamısına xarici şirkətdə iş tapmağa zəmanət veririk. Əgər onlar iş tapa bilməsələr, onların ödəyidiyi vəsait geri qaytarılacaq. 

Necə deyərlər, sovet dövründəki «məğlubiyyətsiz lotereya» kimi, hökmən nəsə əldə edirsən. Bu bizim üçün biznes deyil və istəyirik ki, insanlar özlərini müdafiə olunmuş saysınlar.

- Bu təlimdən keçənlər dəqiq iş tapcaqlar?

- Baxın, iş tapmağa demək olar ki, 100%-lik zəmanət verilir. Dediyim kimi, təlimləri adi müəllimlər deyil, potensial işə götürənlərin mütəxəssisləri keçəcək. Bu həm də qarantdır ki, onların təlim keçdiyi gənclər işə qəbul edilsinlər. Əgər kimsə burada təlim keçib, öyrənib, amma başqa yerdə işləmək istəyirsə, bu onun seçimidir və o hökmən bu şirkətlərdə işləməyə məcbur deyil. Yeganə tələb və ya şərt odur ki, kimin pulunu ödəyib təlim vermişik, Azərbaycandan getməsinlər və xarici şirkətlərdə işləyəsi olsalar da buradan, məsafədən işləsinlər. Birinci mərhələdə tələb ölkədən getməməkdir.

Sonrakı mərhələlərdə isə tələb yaşadığın regionu tərk etməməkdir.

Çünki biz gələcəkdə bölgələrdə, məsələn, Gəncə və ya Naxçıvanda işləyəndə insanları təlimlərə cəlb etdikdə və onlar xarici şirkətlərdə işlə təmin edildikdə, bu üstünlükdən onların yaşadığı region da faydalanmalıdır.

Azərbaycanda da StrategEast İT-iqtimadiyyatın inkişafı üçün layihələrə başlayıb. Bu layihələr beynəlxalq maliyyə institutları, qlobal inkişaf agentlikləri, beynəlxalq texnoloji şirkətlər, yerli universitetlər və hökumətlə birlikdə reallaşdırılır.

Təşkmlatın məqsədi – inkişaf etmiş, qlobal təchiat zəncirinə qoşulmuş İT sektor yaratmaq, bununla da ölkələrdəki müxtəlif problemlərin, o cümlədən gender, kənd regionlarının inkişafı ilə bağlı məsələlərin həllinə nail olmaqdır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə