Məlum olduğu kimi, bu gün Ukrayna İKT bazarı, mütəxəssisləri, proqramçıları ilə dünyada fərqlənir.
Belə ki, dünyanın texnologiya mərkəzi hesab edilən Silikon Vadisində ən uğurlu startap yaradanlar arasında ukraynalıların adı tez-tez hallanır.
Ukraynanın İT mütəxəssislərinin bacarığından digər ölkələr də faydalanmağa çalışır. Bunun nəticəsidir ki, Ukrayna İT outsourcing-ə görə dünyada ilk 5-liyə daxil olub.
Azərbaycan da Ukraynanın iT mütəxəssisləri ilə əməkdaşlığa meyillidir.
Yerli startaplarımız Braille Pad və Braille Teach layihəsinin texniki direktoru da Ukraynadan olan Yevgen Artamonovdur.
Yevgen Artamonov Bakutel sərgisi ərəfəsində bir neçə gün Azərbaycanda olub.
Xeberler.az olaraq fürsətdən istifadə edib, ölkəmizdə ilk dəfə səyahət edən Yevgen Artamonov ilə ətraflı söhbət etdik.
Qeyd edək ki, Y.Artamonov hazırda Ukraynada müxtəlif universitetlərdə professor olaraq fəaliyyət göstərir. Tələbələrə İKT də daxil olmaqla bir neçə fənn üzrə dərs keçir.
Həmsöhbətimiz deyir ki, müəllimlik onun xoşuna gəldiyi üçün məşğul olur.Yəni, bu fəaliyyətinə gəlir kimi baxmır. O, gənclərlə işləyib, istiqamət verməyə çalışır.
Pul qazanmaq üçün isə özünün şirkətini açıb. Belə ki, burada hardwear və softwear məhsullarının satışı ilə məşğuldur.
O, bu günə qədər çox sayda şirkətlərdə CTO kimi çalışıb.
Yevgen Artamonov ilə müsahibəni təqdim edirik:
-Müxtəlif İT şirkətlərdə çalışmış biri olaraq fikiləriniz maraqlıdır, bu sahədə ilk nədən başlamlı?
- Başlamaq üçün sadəcə başlamaq lazımdır (gülür). Əgər biznes sahəsinə gəlirsinizsə, bu günə qədər istifadə etdiyiniz bütün üsulları unudun (təhsil və digər). Sadəcə bazara çıxırsınız və deyirsiniz ki, mən buna hazıram və edə bilərəm. Bu sahədə özünüzə ad qazanmağa çalışın. İlk başlarda çətin olsa da, zamanla ya siz bu biznesdə həqiqətən yer tutursunuz, ya sizi bazardan çıxarırlar. Bu da o deməkdir ki, siz bu sahədə uğur qaza bilmirsiz və özünüzü başqa yerdə sınayın. Heç vaxt lazımi qədər hazır olmaq da mümkün deyil. Həmişə siz daha çətin məsələlərlə qarşılaşacaqsınız.
-Bu sahədə uğur qazanmaq üçün təhsil nə qədər rol oyanır?
- Hər şeyi təhsil həll etmir. Yəni, şərt o deyil ki, mütləq ən yaxşı universitetdə təhsil almalısınız. Heç birimiz dəqiq bilmirik ki, hansı biliklər harada nə qədər lazımlı, vacib olacaq. Hər bir mütəxəssis nəzəriyyə və təcrübənin birləşimindən əmələ gəlir. Sadəcə nəzəriyyə və sadəcə təcrübə ilə nəsə olmur. Siz bir proqram hazırlamaq istəyəndə bunu nəzərə öyrənib, sonra praktikada tətbiq edirsiniz. Yəni, sadəcə nəzəri ilə nəsə edə bilmirsiniz. Ona görə də təhsil o qədər vacib deyil. Xüsusən də bu gün dünyada “ölmüş” təhsil...
- “Ölmüş” təhsil dediniz. Ukraynada təhsil sahəsi necədir? Görünür, təhsil sistemindən razı deyilsiniz.
-Bəzi şeyləri olduğu kimi qəbul etmək lazımdır. Məsələn, təhsil sisteminin “ölü” olduğunu. Bu gün bizim təhsil sistemində də kifayət qədər problemlər var. Bu, həqiqətdir. Amma bu “ölü” sistemi heç kimin dəyişdirmək fikri yoxdur, çünki bu, hamını qaneə edir. Və buna görə də təhsil sistemində heç bir dəyişikliyə ehtiyac duyulmur. Ona görə də təhsil sistemində alternativlər axtarmaq lazımdır. Bu alternativlər ali təhsil müəssisəsi daxilində və kənar bir yerdə də ola bilər. Hazırda həyat yoldaşımla bu işlə məşğul oluruq.
-Düz başa düşdüksə, Siz alternativ məktəb yaradıbsınız?
-Bəli, biz xüsusi-alternativ məktəb yaratmışıq. Burada sadə uşaqlar, məktəbə getməyən uşaqlara dərslər keçirik. Məktəbdə demək olar ki, bütün fənnləri tədris edirik. Amma əsasən texniki dərslərə üstünlük veririk. Buraya riyaziyyat, fizika dərslərdən tutmuş, informatika , robot-texnika və proqramlaşdırma daxildir. Məktəbdə 1-ci sinifdən 6-cə sinifə qədər bir sistem, 6-cı sinifdən 11-ci sinifə qədər isə başqa sistemlə dərslər tədris edilir .
-Ukraynada daha çox təhsilə, yoxsa təcrübəyə önəm verilir?
- Bizim ölkədə biznes nöqteyi -nəzərindən universitetlərin diplomları tanınır. Əslində, yuxarda qeyd etdiyim kimi, diplom o qədər də rol oyanmır, əsas iddiaçının bacardığı və bildikləridir. Düzdür, bizdə də bəzi şirkətlər ola bilər ki, diploma görə işə qəbul etsinlər. Amma əksər işdə diploma baxmayaraq qova bilirlər. Amma bizdə hər şeyi müsahibə həll edir. Müsahibə zamanı namizədin işə götürülməsi dəqiqləşdirilir. Çünki gələcəkdə yerinə yetirələcək məsələlər daha çox rol oyanır.
-Ukraynada biznes sahəsini öyrədən xüsusi məktəblər var?
- Əslində Ukraynada bəzi təşkilatlar var ki, startap sahəsini öyrədir. Amma məncə, bu, doğru deyil. Bu sahəni öyrətmək olmaz. Ya sən bunu bacarırsan, ya da bacarmırsan. Bəli, biznesi öyrətmək üçün məktəblər var. Onlar lazımi biliklər, sertifikatlar verir. Amma onların qiyməti çox bahadır. Bu məktəblərə qəbul zamanı da bəzi şərtlər qoyulur. Belə ki, sahə ilə bağlı müəyyən biliyiniz, bacarığınız varsa, sizi qəbul edirlər ki, özünüzü inkişaf etdirə biləsiniz.
- Yevgen, bu gün Ukrayna İT mütəxəssislərinə görə dünyada seçilir. Silikon Vadisində ən yaxşı startaplar və proqramçıların əksəriyyəti ukraynalıdır. Bu sahənin inkişafına necə nail olubsunuz?
-Maraqlı sualdır. Pul olan yerdə fəallıq da var (gülür). Texniki tərəfdən outsourcing-ə baxanda Ukrayna ilk 5-liyə daxil olub. Bu səbəbdən də ölkədə yeni layihələr yaranır, insanlar bu sahəyə maraq göstərir. Yəni, hamı qazanmaq üçün bu sahəyə gəlir. Hazırda bizim İT sferada bir çox insan var, onların da əllərində kifayət qədər pulları var. Onlar bu pullarla risk etməyə belə hazırdır. Bu səbədən son 5 ildə Ukraynada bir çox innovasiyalar yaradıldı. Bunun nəticəsidir ki, hazırda Ukraynada 100-dən çox inkubator və çox sayda startapları öyrədən layihələr fəaliyyət göstərir. Bu layihələr sırf insanların özünü təkmilləşdirilməsi üzərində qurulub. Mərkəzlərdə onların öz layihələrini həyata keçirmələrinə dəstək olurlar.
-Onda belə deyə bilərik ki, outsourcing-dən gələn gəlirlər sektorun inkişafına təkan verir?
-Bu, problemdir. Outsourcing ilə məşğul olanların ölkəyə heç bir qatqısı dəymir. Ukraynada bu sahənin inkişafına fərdi sahibkarlar, angel investorlar təkan verir. Orada bir çox məsələlərdə vergi nəzərdə tutulmur. Yəni, İT ilə bağlı çox işlərə vergi qoyulmur. Bununla yanaşı, startaplar yalnız yeni maliyyə mənbələri yox, həm də yeni insanlar tapmaq üçün də həyata keçirilir. Əgər sizin sırf İT sahəsində bir-biri ilə rəqabətə girəcək ətrafınız varsa, inkişaf olacaq. Daha sonra yeni insanlar sizin üçün işləyəcək. Digər maraqlı tərəfləri də tapa biləcəksiniz. Bəzən bir startap proqramının həyata keçirilməsi vakansiya tapmaqdan daha asan başa gəlir. Çünki startaplar yeni ideyalarla çıxş edir, yeni insanları, işçi qüvvəsini özlərinə cəlb edir.
- Görünür, bu fəaliyyətdə hər iki tərəf xoşbəxtdir. Yəni, insanlar özlərini inkişaf etdirmək üçün startap layihələrinə qoşulur
-Bəli, nə qədər inkar etsələr də, Ukraynada işçi qüvvəsi ucuzdur. Tələbə işçi qüvvəsi daha ucuzdur. Orada İT sahəsindən tutmuş, sosial layihələrə qədər könüllü işləmək çox inkişaf edib. Hətta o dərəcəyə çatıb ki, bununla bağlı çox sayda şirkətlər fəaliyyət göstərir. Müxtəlif sahələrdəki işlərə könüllüləri göndərirlər. Bu, bir növ könüllü alış-verişi olan bazara bənzəyir. İnsanlar pulsuz işləməsinə baxmayaraq özlərinin yemək və gəzmək ehtiyaclarını təmin edə bilir. Amma bu startap deyil. Startaplar daha çox hazır ideya ilə gəlib, işləyir.
-Maraqlıdır ki, bu təşkilatlar könüllüləri cəlb edə bilir...
-Elə ən önəmlisi ucuz işçi qüvvəsi və bu işçi qüvvəsinin bütün layihələrdə könüllü kimi iştiraka hazır olmasıdır. Bəli, qeyd etdiyiniz kimi, təşkilatlar onları cəlb edə bilirlər. İlk növbədə “bizdə pul var, gəlin bizlə işləyin” deməklə başlayırlar. Könüllü də düşünür ki, bunun üçün nə etməliyəm və necə öyrənməliyəm?. Təşkilatlar könüllülərə deyir ki, məsələn, Qərbdən Java proqramı üzrə 5 layihə götürmüşük və biz bu layihələri işləyərkən siz də baxıb öyrənməlisiniz Bu səbəbdən bu proqram üzrə 5 mütəxəssisə ehtiyac var. Bu, təlim prosesinə oxşayır. Könüllülər gəlir, öyrənir, layihə bitəndə istəsələr, qala və ya gedə bilər. Bu fəaliyyətdə hamı xoşbəxtdir, eyni zamanda kampaniya ucuz işçi qüvvəsi qazanır.
-Hazırda Ukraynada hansı İT trendlər var?
-Ukraynada ilk növbədə elektron ticarət və naqilsiz texnologiya populyardır. Big Data da trenddir, amma daha çox fərdi sahə sayılır. Bundan başqa, oyunlar. mobil tətbiqlər də bazara çox gəlir qazandırır.
-Ukraynadan Azərbaycan İT bazarı necə görünür?
- Deyərdim ki, çox zəif. Yəni, Ukraynadan baxanda Azərbaycanda bu sahənin inkişafı elə də hiss olunmur. Ola bilər ki, Ukraynadan İT məhsulları idxal olunur, amma Azərbaycandan ixrac yoxdur. Bəzən hardwear və softwear məhsullarını almaqdansa, hazırlatmaq daha asan başa gəlir .
-İT bazarının inkişafı nə ilə bağlıdır?
-Bazar o vaxt inkişaf edəcək ki, onun hazır mütəxəssisləri, alıcılar olsun. Bir neçə gündür Azərbaycandayam. Müşahidəm göstərir ki, burada alıcıları hər şey qaneə edir. Əslində istifadəçi dəyişməyə, yeniliyə açıq deyilsə, onün üçün yenilklər etməyə cəhd etmək düzgün deyil. Əgər böyük şirkətlər də yenilik etmək istəmirsə, istifadəçilər artıq bu yerdə böyük rol oynamır. Bu məqamda maraqlı sual meydana çıxır: Biznes belə də inkişaf edib, davam edirsə, onu niyə də dəyişək?. Çünki qoyduğumuz hər bir investisiya əvvəl-axır bizə geri dönməlidir. Bəzən böyük şirkətlər bu geri dönüşü görmədiyi üçün 1 qəpik də vəsait qoymağa hazır olmur.
-Əslində, Ukrayna bazarı da Azərbaycanda olduğu kimi gəncdir. Buna baxmayaraq Ukrayna bu sahədə böyük irəliləyişlərə nail olur. Sizcə, Azərbayan bu sahəni inkişaf etdirmək üçün hansı addımlar ata bilər?
-Bəli, doğru qeyd etdiniz. Baxmayaraq Ukrayna inkişaf edir, amma digər ölkələrə baxanda bizim bazar da geridədir. Çünki bu sahə Ukraynada da gəncidir. Azərbaycanın auditoriyası daha balacadır. Buraya yeni qüvvələr qatmaq lazımdır. Yeni İT , investisiya qoymaq istəyən şirkətləriniz hazır olduğu zaman bu sahədən inkişaf gözləmək daha uyğundur. Bu sahədə insanlara yol göstərən qurumlar, şəxslər olmalıdır. Bəzən yolu öyrətmək o yolda yeriməyi öyrətməkdən daha dəyərlidir. Azərbaycanda da bu yolu göstərən insanlara ehtiyac var. Bəlkə bu sizin mütəxəssislər ola bilər, bəlkə xaricdən gətirilə bilər, amma bu insanlara ehtiyac var. Çünki onlarsız həqiqətən çətindir. Azərbaycan adının ətrafda tanınması üçün adını stabil saxlamalıdır. Məncə, bunu dövlət proqramı olaraq həyata keçirsə, daha effektiv alınacaq. Bütün keçirilən müsabiqələri də bu yolla etmək olar. Əsas öz səhvləriniz üzərində öyrənməkdir. İlk 2-3 il çox çətin olacaq. Ya bu 2-3 il ərzində siz bu bazarı öyrənəcəskiniz, ya da bu bazardan çıxacaqsınız. Əslində, Azərbaycanın İT bazarının inkişafında daha çox şansı var. Gənclik risk almağa daha meyillidir. Çünki itirəcəyi nəsə yoxdur. Böyük firmaların isə itirəcəkləri müəyyən dəyərləri var. Ona görə Azərbaycan gənc bazar olaraq bunları bacara bilər. Sizin çox yaxşı tələbələriniz var. Sadəcə onları yönləndirəcək insanlar lazımdır. Bu, ölkədən göndərmək yox, ölkə üçün çalışacaqları qədər olmalıdır. Ona görə də bu sahədə işlər dövlət proqramı üzrə getsə, vəsait dövlət üzrə hazırlansa, onlar dövlətdə qalmalı olacaq.Hazırda Ukraynada bununla bağlı ciddi problemlər var. Özümüz İT sahəsində mütəxəssislər hazırlayırıq, onlar isə xaricdəki firmalar üçün işləyir. Hətta ölkəni tərk edib, onların yanında işləməyə gedir. Hər şey fəallıqdan asılıdır. Bəlkə də 1-2 ilə siz bizi keçəcəksiniz. O zaman biz öyrənmək üçün Azərbaycana öz tələbələrimizi göndərə bilərik.
-Azərbaycanla əməkdaşlıq nəzərdə tutursunuzmu?. Yerli startap layihələrimiz ilə tanış ola bildinizmi?
- Bu, Azərbaycana ilk səfərimdir. Partynorum Rəşid Əliyevin dəvəti ilə gəlmişəm. Bakutel sərgisində də iştirak etdim. Elə startaplarla orada tanış ola bildim. Əlbəttə, əgər Azərbaycan tərəfi də bu sahədə bizimlə əməkdaşlıq istəsə, biz buna hazırıq.
-Son olaraq bir məsələdə sizin fikirləri də almaq istərdik. Bəzən belə fikirlərə qarşılaşırıq ki, artıq dünyada startaplar “ölür”. Bu, nə ilə əlaqəlidir?
-Bəli, bu gün artıq startaplar dünyada “ölür”, köhnəlir. Artıq insanlar bu sahəyə elə də önəm vermirlər. Belə deyək, insanlar bundan yorulub. Aydın məsələdir ki, startap sahəsində pul itirmə faizi daha yüksəkdir. Çünki 100 layihədən biri yaxşı ola, qoyulan vəsaitləri qaytara bilir. Buna görə də böyük bizneslər özlərini riskə almır. Sadəcə balaca bizneslər bu sahəyə maraq göstərir. Onların da sayı getdikcə azalır. Əgər 5 il bundan qabaq investor tapmaq çox asan idisə, indi daha çətindir. Onlar yatırım etməyə qorxur. Ona görə də bu gün investisiya yatırımı zamanı komandaya olan inama uyğun müəyyən edilən tələblər yüksək qoyulur.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri