Məmməd Kərim: “Regionun startap ekosistemində risk sərmayəsi mədəniyyəti formalaşır”

03-09-2025 / 15:36

“Caucasus Ventures” – Cənubi Qafqazın ilk risk sərmayəsi fondu olaraq, fəaliyyətə başladığı gündən regionda startap ekosisteminin inkişafına mühüm töhfələr verir. Vençur (venture) fond – yüksək riskli, amma eyni zamanda yüksək potensial qazanc gətirən startaplara və erkən mərhələli şirkətlərə yatırım edən investisiya fondudur. Əsas məqsəd startapların inkubasiya və böyümə mərhələlərini dəstəkləmək, yeni texnologiyalar və innovativ ideyaların bazara çıxmasına kömək etmək və investorlar üçün uzunmüddətli yüksək gəlir təmin etməkdir.

Vençur fondları adətən yüksək risk, yüksək gəlir modelinə əsaslanır. Çünki ilkin mərhələdə olan startapların çoxu uğursuz ola bilər, amma uğurlu olarsa, gəlirləri minlərlə faizlə arta bilər.

Xeberler.az bildirir ki, Azərbaycanın ilk vençur kapital fondu olan “Caucasus Ventures”in rəhbəri və qanuni təmsilçisi Məmməd Kərim Azərtac-a məxsusi müsahibəsində fondun yaranma tarixi, investisiya strategiyası, əldə etdiyi nəticələr və regionda startap mədəniyyətinin inkişaf perspektivlərindən danışıb.

– “Qafqaz Ventures”in yaranma tarixindən başlayaq. Fond necə formalaşdı və fəaliyyətə necə başladı?

– “Qafqaz Ventures” 2022-ci ilin sonunda yaradıldı, amma aktiv fəaliyyətə 2023-cü ilin mart-aprel aylarında başladıq. İlk investisiyamızı da həmin dövrdə etdik. Bu günə qədər təxminən 30 startapa ilkin mərhələdə sərmayə qoymuşuq. Əsasən ideya və ilkin inkişaf mərhələsində olan startaplara dəstək veririk. Region dedikdə isə yalnız Azərbaycan yox, həm də Gürcüstan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan kimi ölkələr və hətta daha geniş coğrafiya nəzərdə tutulur.

– İnvestisiyalar əsasən hansı istiqamətlərdə həyata keçirilir?

– Başlanğıcda planımız yalnız regiondakı təsisçilərə yatırım etmək idi. Amma sonradan gördük ki, çoxlu istedadlı regionmənşəli, lakin beynəlxalq bazarlarda fəaliyyət göstərən təsisçilər var. Məsələn, hazırda Londonda fəaliyyət göstərən tacikistanlı bir startapa yatırım etmişik, hansı ki, maliyyə texnologiyaları sahəsində 40 milyon dollarlıq kapital cəlb edib. Eyni zamanda, Lüksemburqda fəaliyyət göstərən azərbaycanlı təsisçilər də var ki, onlar kimyəvi və kosmetik maddələr üzərində işləyirlər.

Digər tərəfdən, belə startapların çoxu Bakıda “back-office” açır (“Back-office” - bir şirkətin müştərilərlə birbaşa təmasda olmayan, lakin daxili əməliyyatlarını, maliyyə, idarəetmə və texniki proseslərini təmin edən bölməsidir – red.).

Hazırda portfelimizdəki xaricdə fəaliyyət göstərən startapların Azərbaycanda 30-40 nəfərlik komandaları var. Bu, həm yerli mütəxəssislərin beynəlxalq təcrübə qazanmasına, həm də yerli ekosistemin inkişafına kömək edir. Eləcə də süni intellekt tərkibli çoxlu startaplara yatırım eləmişik. Bunlara “face detection”dan (üz tanıma) tutmuş, digər müxtəlif təhsil sahəsində süni intellekt tətbiq edən bir qazaxıstanlı startap daxildir. Bundan başqa, azərbaycanlı startaplardan Amerikada yerləşən və kompozit material sahəsində iş aparan bir startapa yatırım eləmişik. İngiltərədə elektromobillər üçün şarj aparatına xüsusi kabel və avadanlıqlar xidməti üzrə ixtisaslaşmış azərbaycanlı bir startap var, ona dəstək olmuşuq. Sinqapurda bir azərbaycanlı startap var, o daha çox gəmiçilik və gəmilərə Giriş Sistemi (SAS) üzrə çalışan startapdır. Ona yatırım etmişik, hazırda layihə böyümək üzrədir. Hazırda startapın illik 1 milyona yaxın dövriyyəsi var. Startaplarımızın sayı getdikcə artır. Azərbaycanda fəaliyyət göstərən təxminən 9 startapımızın əsas ofisi Bakıda yerləşir. Bu startaplar Bakıdan böyüməyə çalışırlar. Böyüdükdən sonra bu startaplar burada dayanmırlar. Özbəkistan, Qazaxıstan, İndoneziya, müxtəlif daha böyük bazarlara çıxmaq istəyənləri var.

– “Qafqaz Ventures” startapları seçərkən hansı meyarları əsas götürür?

– Bizim üçün bir neçə əsas kriteriya var. İlk olaraq, startapın müəyyən bir bazar təsdiqi – yəni “market validation” – alıb-almadığına baxırıq (“Market-validation” (bazar təsdiqləməsi) — məhsul və ya xidmət konsepsiyasının əsas mərhələdə potensial istehlakçılar tərəfindən qiymətləndirilməsi, yəni real bazar tələbi, istəyi və ödəniş etməyə hazır olduqları pulun miqdarı barədə məlumat toplamaqdır - red.). Yəni məhsul və ya xidmət artıq bazarda istifadə olunur ya yox, ödəniş edən müştərilər var ya yoxdur – bunlar çox önəmlidir. Maliyyələşmə kanallarında baxsaq, biz ən axırıncı mərhələlərdənik. Çünki bizdən sonra ola bilsin daha çox xarici investorlar ola bilər və ya növbəti mərhələ investorları ola bilər. Bizdən əvvəl inkubasiya mərkəzləri, mələk investorlar akselerasiya mərkəzləri var. Ona görə, bizə qədər müəyyən filtrlər var ki, onlara baxırıq. Məsələn, biz burada adlarını çəkə bilərik, İnnoland Mərkəzi Asan xidmətlərə aid, “SABAH.HUB” Mərkəzləri, Mədəniyyət Nazirliyinin tərkibində Yaradıcı Mərkəz və ya digər mərkəzlər var ki, bunlar startapların yetişməyinə dəstək olurlar, kömək olurlar və onlar bizim ilk filtrlərdir. Ona görə çox vaxt baxırıq ki, bu mərkəzlərdən məzunlar varsa, ona daha öncəlik veririk. Çünki biz bilirik ki, müəyyən formalaşma artıq orada baş verir. Bunlar bizim suallara daha hazırdırlar. Bu, bir meyardır.

İkinci meyar komandadır. Startapın təsisçilərinin motivasiya səviyyəsi, riskə dözümlülüyü, stresə qarşı dayanıqlılığı və komandadakı uyğunlaşma bacarığı bizim üçün çox vacibdir. Startap biznesi çətin bir sahədir, uğura gedən yolda komanda üzvlərinin psixoloji davamlılığı böyük rol oynayır.

Üçüncü meyar isə beynəlxalq bazara çıxış potensialıdır. Lokal bazarda müəyyən uğur qazanan, lakin daha böyük bazarlara çıxmaq hədəfi olan startaplara daha çox üstünlük veririk.

– Fondun investisiya strategiyası necə qurulub?

– Planımız ilk mərhələdə təxminən 50 startapa ilkin yatırım etmək idi. Bundan sonra isə həmin 50 layihə arasından ən perspektivli 5-10 startapa əlavə yatırım etmək niyyətindəyik. Bu yanaşma dünya praktikasında “follow-on investment” kimi tanınır. (“Follow-on investment” (əlavə sərmayə) — əvvəlcədən investisiya qoyulmuş bir şirkətə, mövcud investorlar tərəfindən verilən əlavə fonddur – red.).

Bundan başqa, hazırda ikinci fond üzərində də düşünürük. Bu dəfə investor bazamızı genişləndirərək Türkiyə, Qazaxıstan, Özbəkistan kimi ölkələrdən də sərmayədarları cəlb etməyi planlaşdırırıq. Məqsədimiz çoxmillətli, beynəlxalq səviyyədə tanınan fond yaratmaqdır.

– Azərbaycanda startap ekosisteminin indiki vəziyyətini necə qiymətləndirirsiniz?

– Biz başladığımız zaman ölkədə demək olar ki, yalnız bir oyunçu idik. İndi isə bazarda yeni fondlar yaranır – məsələn, “SABAH.fund”, “Paşa Holdinq”in tərkibində olan “InMerge” fondu və daha bir neçə layihə formalaşma mərhələsindədir. Bu, bizi sevindirir, çünki bazar böyüdükcə rəqabət də artır, ekosistem isə daha sağlam şəkildə inkişaf edir.

Hər fondun öz ixtisaslaşması formalaşır. Məsələn, biz regionun diasporuna fokuslanırıq, “SABAH.fund” daha çox lokal startaplara yönəlir, “InMerge” isə müəyyən sahələrdə “match-fund” prinsipi ilə fəaliyyət göstərir (“Match-fond” – müəyyən bir layihəyə və ya təşəbbüsə maliyyə dəstəyi verərkən başqa bir mənbədən gələn vəsaiti “uyğunlaşdıran” fond deməkdir).

– Azərbaycanda gənclərin startaplara marağını necə qiymətləndirirsiniz?

– Mən düşünürəm ki, bizdə təşəbbüskarlıq yüksəkdir, amma risk almaq vərdişi zəifdir. Sovet sonrası dövrdə insanlar daha çox risk edirdilər. İndi isə rahatlıq zonası formalaşıb. Gənclərin çoxu daha təhlükəsiz addımlar atmağa üstünlük verir – məsələn, daşınmaz əmlak almaq kimi. Amma startap yaratmaq risk tələb edir, çünki bu proses çətin və uzunmüddətlidir.

Bundan başqa, bəzən ekosistemdə şou elementləri həddən artıq ön plana çıxarılır. Startapçılar tədbirlərdə böyük səhnələrdə çıxış etdikdə elə bilirlər ki, artıq uğur qazanıblar. Halbuki uğur qarajda və ya kiçik ofislərdə uzunmüddətli əməyin nəticəsində gəlir. Biz gəncləri düzgün istiqamətləndirməli, onları həqiqi uğur hekayələri ilə tanış etməliyik.

– Fondun qarşıdakı illərdə əsas planlarına nə daxildir?

– Əsas hədəfimiz, dediyim kimi, ikinci fondun yaradılması və daha beynəlxalq platforma qurmaqdır. Eyni zamanda, mövcud portfeldəki ən uğurlu layihələrə əlavə yatırımlar edəcəyik.

Digər tərəfdən, maarifləndirmə işlərinə də daha çox diqqət yetirmək istəyirik. Xaricdə uğur qazanmış azərbaycanlı təsisçiləri daha çox tanıtmaq, onların təcrübəsini bölüşmək vacibdir. Bu, həm gənclərə motivasiya verir, həm də ekosistemin inkişafını sürətləndirir.

– Təşəkkür edirik.

– Mən təşəkkür edirəm. Düşünürəm ki, bu kimi platformalar vasitəsilə biz gənclərimizi daha çox risk almağa, böyük düşünməyə və regionun innovativ inkişafına töhfə verməyə təşviq edə bilərik.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə