Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 20-ci Səlahiyyətli Konfransı başa çatıb.
Azərbaycan beynəlxalq tədbirdə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
20-ci Səlahiyyətli Konfrans ölkəmiz və onun telekommunikasiya sektoru üçün əhəmiyyətli hadisə ilə tarixə yazılıb.
Belə ki, ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına 119 səslə üzv seçilərək, BTİ-nin Şurasında təmsil olunan 48 ölkədən biri olub. Həmçinin, BTİ-nin Radio Tənzimləmə Komitəsinə seçkilərdə ölkəmizin namizədi Sahibə Həsənova da 115 səslə qələbə qazanaraq, bu Komitəyə seçilmiş ilk Azərbaycan təmsilçisi olub.
Xeberler.az bildirir ki, bu əlamətdar tarixi hadisə ilə bağlı Oxu.Az-ın suallarını nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə cavablandırıb.
- Ölkəmizin ardıcıl olaraq Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına ikinci dəfə üzv seçilməsi böyük müvəffəqiyyətdir. Ümumiyyətlə, bu seçkilərin ölkəmiz üçün faydaları nədən ibarətdir?
- İlk olaraq qeyd edim ki, Beynəlxalq Telekommunikasiya İttifaqı Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə səlahiyyətli qurumudur, 193 üzv dövləti, 700-dən çox müəssisəni, 150-dən çox elmi təsisatı özündə cəmləşdirir. O, radiotezlik spektrindən qlobal istifadəni koordinasiya etmək, peyk orbitlərinin təyin olunmasında beynəlxalq əməkdaşlığı təşviq etmək, rabitə infrastrukturunu və rəqəmli bacarıqları inkişaf etdirmək, eləcə də, geniş çeşidli rabitə sistemləri üçün dünya standartları yaratmaq, müasir rabitə və informasiya texnologiyalarını artan tələbata, cəmiyyətin inkişafına uyğun şəkildə inkişaf etdirmək məsələlərinə məsuldur.
Ölkəmizin parlaq nəticə qazandığı Səlahiyyətli Konfrans isə dörd ildən bir keçirilən BTİ-nin ali qurumudur, ümumi strateji və maliyyə planlarının, fəaliyyət istiqamətlərinin müəyyən olunduğu, prinsipial qərarların qəbul edildiyi, təşkilatın seçkili vəzifələrinə seçkilərin keçirildiyi təsisat hesab olunur.
Qeyd edim ki, builki konfrans “İnkişaf üçün texnologiya” devizi ilə 2500-dən çox İKT sahəsi üzrə rəhbər şəxsləri və mütəxəssisləri bir araya toplayıb.
29 oktyabr – 16 noyabr tarixlərində keçirilmiş konfransın açılış mərasimində Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş nazir Şeyx Məktum Bin Rəşid, BTİ-nin baş katibi Houlin Zao, İttifaqın üzv dövlətlərinin sahə üzrə nazirləri və digər rəsmi şəxslər iştirak edib.
Azərbaycan beynəlxalq tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Təbii ki, bu konfrans bizim üçün ölkəmizin Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına 119 səslə üzv seçilməsi ilə əlamətdar oldu. Təsəvvür edin ki, BTİ-nin Şurasında təmsil olunan 48 ölkə var və onlardan biri də Azərbaycandır.
- Bu Şuranın fəaliyyəti nədən ibarətdir?
- BTİ-nin Şurası Səlahiyyətli konfranslararası müddətdə yüksək idarəetmə orqanıdır və onun əsas vəzifəsi telekommunikasiya sahəsində aidiyyəti məsələləri nəzərdən keçirmək, İttifaqın fəaliyyəti, siyasəti və strategiyalarının günümüzün dinamik, sürətlə dəyişən telekommunikasiya mühitinin tələblərinə tam cavab verməsini təmin etməkdir.
Şura tərəfindən cari fəaliyyət və maliyyə hesabatlarının qəbul edilməsi, iş proqramlarının əlaqələndirilməsi, büdcələrin təsdiqlənməsi, maliyyə və xərclərin monitorinqi təmin edilir, qəbul olunmuş qərarların icrasını yerinə yetirmək üçün tədbirlər görülür.
Bu baxımdan, belə mötəbər təsisatda təmsil olunmaq ölkəmizin üçün müsbət haldır, bu təşkilatda nüfuzumuzun artmasına, onunla əlaqələrimizin daha da genişlənməsinə xidmət edir.
- Yəqin ki, bu qalibiyyət uzun müddət ərzində görülən səmərəli işlərin nəticəsidir.
- Əlbəttə ki, əldə olunmuş bu uğura gedən yol ümumilikdə 2014-cü ildə ilk dəfə bu Şuraya seçildiyimiz gündən başlayıb. Bu illər ərzində BTİ ilə müxtəlif birgə tədbirlər keçirilib, BTİ-nin tədbirlərində, ən əsası isə Şuranın fəaliyyətində fəal iştirak edilib.
Buna baxmayaraq, konfrans davam etdiyi günlər ərzində Azərbaycan nümayəndə heyəti dünyanın bir çox ölkələrindən olan nümayəndələrlə sıx əlaqələrin qurulması, yeni əməkdaşlıq sahələrinin müəyyən olunması, eləcə də, ölkəmizə olan rəğbətin artırılması istiqamətində təbliğat və təşviqat işləri apardı.
Qeyd edim ki, ölkəmizin bu konfransdan yüksək nəticələrlə dönməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə yanaşı, Azərbaycan Xarici İşlər Nazirliyinin, BMT-nin Cenevrədəki daimi Nümayəndəliyimizin, Birləşmiş Ərəb Əmirliklərindəki səfirlik və konsulluğun mühüm rolu olub.
Həmçinin Azərbaycanın bu mötəbər beynəlxalq təşkilata növbəti dəfə üzv seçilməsi, daha çox ölkədən səs toplaması, eyni zamanda, telekommunikasiya sahəsində həyata keçirilən genişmiqyaslı işlərin, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artmasının nəticəsidir.
- Bu il ilk dəfə olaraq, ölkəmiz həm də İttifaqın Radiorabitə Komitəsinə də üzv seçilib.
- Bəli, bu hadisə də ölkəmizin ilk naliyyətidir. Ümumilikdə, Azərbaycan nümayəndəsi ilk dəfə olaraq BTİ-nin seçkili qurumuna üzv seçilib.
Məlumat üçün bildirim ki, BTİ-nin Radiorabitə Komitəsi radiotezlik spektri və peyk orbiti resurslarının idarə edilməsi üzrə məsul qlobal orqandır. Bu orqan Radio haqqında Əsasnamənin tətbiqi ilə bağlı prosedur qaydalarını, o cümlədən, radiotezliklər və peyk orbitlərinin istifadəsi ilə bağlı tapşırıqları təsdiq edir, bu sahədə ölkədə olan mübahisələr barədə qərar verir.
Komitəyə 193 üzv dövlətdən cəmi 12-si daxildir və artıq bu sırada Azərbaycanın da adı var. Ölkəmiz BTİ-nin Şurası ilə yanaşı, İttifaqın əsas orqanlarından olan Komitəyə də üzv seçilərək ikiqat müvəffəqiyyətə imza adıb. Bu, 1992-ci ildən BTİ-nin üzvü olan ölkəmiz üçün yüksək uğur oldu. Radiorabitə Komitəsinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Sahibə Həsənova seçilib. O, radiorabitə sahəsində ixtisaslı mühəndisdir.
Ümumilikdə isə, bir daha qeyd edirəm ki, Azərbaycanın son illərdə beynəlxalq nüfuzunun artması, ölkədə həyata keçirilən dövlət siyasətinin uğurları belə yüksək nəticələrin əldə edilməsinin əsas səbəbidir.
- Qeyd etdiyiniz kimi, bu konfransda Azərbaycan geniş nümayəndə heyəti ilə təmsil olunub.
- Beynəlxalq Telekommunikasiya İttifaqının Səlahiyyətli Konfransının, demək olar ki, bütün plenar iclaslarında nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti fəal iştirak edib. Həmçinin cənab nazir də konfransda iştirak edib, görüşlər keçirib və plenar iclasda çıxış edib.
Səlahiyyətli Konfransda nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin geniş şaxəli çıxışı ölkəmiz haqqında iştirakçılarda müsbət təəssüratın yaradılmasında, təşviqatın aparılmasında müsbət rol oynadı.
Çıxışı zamanı Azərbaycanda İKT sektorunun inkişafı, bu sahəyə göstərilən dövlət qayğısı, BTİ ilə əməkdaşlığın gücləndirilməsi, həmçinin Şuranın fəaliyyətində aktiv iştirakdan danışan nazir Azərbaycanın İKT-nin İnkişafı üzrə “Əlaqəlik 2020” Fəaliyyət Proqramını fəal şəkildə dəstəklədiyini qeyd etdi.
Nazir ölkəmizin bu istiqamətdə mühüm siyasi sənədlər qəbul etdiyini, strateji infrastruktur layihələri həyata keçirərək, beynəlxalq maraqlı tərəflərlə əməkdaşlığı genişləndirərək Fəaliyyət Proqramının məqsəd və hədəflərinə çatmaq üçün səylər göstərdiyini qeyd etdi.
Nazir Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzvlük dövründə ölkədə bütün İKT infrastrukturunun daim inkişaf etdirdiyini diqqətə çatdırdı və bundan sonra da Azərbaycanın İttifaqın fəaliyyəti çərçivəsində fəal əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğuladı.
- Bizdə olan məlumata görə, İttifaqın seçkili rəhbər vəzifələrinə də seçkilər keçirilib.
- Bəli, Səlahiyyətli Konfransda baş katib, onun müavini və üç büro rəhbərinin seçkiləri keçirilib və bu konfransın əsas vəzifələrindəndir.
Seçkilərin nəticəsi olaraq növbəti dörd il ərzində də İttifaqa Çin təmsilçisi Houlin Zao başçılıq edəcək. Hazırda baş katib olan H.Zao 1 yanvar 2019-cu ildən etibarən yeni müddət üzrə səlahiyyətlərinin icrasına başlayacaq.
Digər vəzifələrə keçirilən seçkilərdə BTİ-nin baş katibinin müavini vəzifəsinə Böyük Britaniya təmsilçisi Malkolm Conson, BTİ-nin Telekommunikasiya Standartlaşdırma Bürosunun direktoru vəzifəsinə Koreya təmsilçisi Çausib Lee və BTİ-nin Telekommunikasiya İnkişafı Bürosunun direktoru vəzifələrinə ABŞ təmsilçisi xanım Dorin Boqdan Martin seçilib. BTİ-nin Radiorabitə Bürosunun direktoru vəzifəsinə ikinci turda Uruqvay təmsilçisi Mario Mario Maniyeviç seçildi.
Qısa haşiyəyə çıxaraq qeyd edim ki, xanım Dorin BTİ-nin 153 illik tarixində seçkili rəhbər vəzifəyə seçilən ilk qadın oldu.
- Ətraflı müsahibə üçün təşəkkür edirik.
- Belə əhəmiyyətli mövzuya, ölkəmizin növbəti uğuruna yer ayırdığınz üçün biz təşəkkür edirik.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri