AzTU-da “Huawei” şirkətinin “Açıq qapı” günü keçirilib

08-05-2025 / 19:37

Azərbaycan Texniki Universitetində (AzTU) Çinin “Huawei” şirkətinin “Açıq qapı” günü keçirilib. “Açıq qapı” günündə şirkətinin vitse-prezidenti Angela Linin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Xeberler.az bildirir ki, tədbirdə şirkətin təqdim etdiyi təhsil və təqaüd proqramları, iş imkanları və düzgün müraciət qaydaları AzTU tələbələrinə təqdim olunub.

AzTU-nun rektoru Vilayət Vəliyev “Açıq qapı” gününün iştirakçılarını salamlayıb, həmçinin “Huawei” şirkəti ilə AzTU arasında imzalanmış anlaşma memorandumunun məzmunu haqqında məlumat verib. Bu əməkdaşlığı yüksək qiymətləndirən rektor gələcəkdə universitet-sənaye işbirliyi çərçivəsində şirkətlə birgə layihələr planlaşdırıldığını deyib.

“Huawei” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə vitse-prezidenti Vanq Çi (Wang Qi) bildirib ki, şirkət informasiya kommunikasiya texnologiyaları (İKT) və ağıllı cihazlar sahəsində aparıcı qlobal provayderdir. O, şirkətin missiyası və vizyonu haqqında geniş təqdimatla çıxış edib.

“Huawei” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə İnsan resursları departamentinin rəhbəri Vei Zijian (Wei Zijian) bildirib ki, AzTU Azərbaycanın texnika və texnologiya sahəsində istedadlı gənclərinin yetişdirilməsində birbaşa iştirak edən ali təhsil müəssisəsidir. Universitet qlobal sahədə tanınmış brendlərlə əməkdaşlıq edərək tələbələrin yüksəkixtisaslı kadr  kimi hazırlanmasını təmin edir. O, AzTU tələbələrinin “Huawei”in imkanlarından bəhrələnəcəyini, şirkətin isə istedadlı gənclərin potensialının aşkara çıxarılmasında dəstək olacağını qeyd edib.

AzTU-nun radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisasının məzunu, eyni zamanda “Huawei”in əməkdaşı Tural Qəribov şirkətdəki fəaliyyəti, peşəkar karyerası və şəxsi inkişafa verdiyi töhfələr barədə təcrübəsini bölüşüb.  

“Huawei”in Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə İKT İstedadların İnkişafı Proqramının direktoru Alice Duan şirkətin AzTU tələbələri üçün təklif etdiyi təhsil, təqaüd və təcrübə, sertifikasiya proqramlarından, eləcə də İKT Akademiyası, İKT yay düşərgəsi, istedadlı gənclər üçün karyera sərgilərindən bəhs edib və tələbələri bu imkanlardan yararlanmağa dəvət edib.

Çıxışlardan sonra AzTU tələbələri üçün sual-cavab viktorinası keçirilib. Qaliblər “Huawei” şirkətinin hədiyyələri ilə mükafatlandırılıb.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə