“Startap Günləri”nin ilk günü start götürüb

24-01-2026 / 10:18

Azərbaycan Texniki Universitetinin (AzTU), Türkiyə–Azərbaycan Universitetinin və Milli Aviasiya Akademiyasının tələbələrinin iştirakı ilə təşkil olunan “Startap Günləri” innovasiya tədbiri bu gün AzTU İnkubasiya Mərkəzində Startap Azərbaycan platformasının tərəfdaşlığı ilə start götürüb.

Xeberler.az bildirir ki, tədbir innovativ ideyalara maraq göstərən tələbələrin, mentorların və ekspertlərin iştirakı ilə yüksək dinamika və aktivlik şəraitində baş tutub.

Açılış nitqi ilə Azərbaycan Texniki Universitetinin rektorunun rəqəmsal məsələlər üzrə məsləhətçisi, Startap Azərbaycan platformasının rəhbəri Osman Gündüz çıxış edərək ölkədə startap ekosisteminin inkişafı, gənclərin innovativ təşəbbüslərə cəlb olunması və bu kimi tədbirlərin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Tədbirin davamında AzTU İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev “Startap Günləri”nin gedişatı haqqında ətraflı məlumat verib. O, proses boyu tələbələrə moderatorluq edərək onların təqdim etdiyi startap ideyalarını dinləyib və ideyalar üzrə keçirilən yarış mərhələsinə rəhbərlik edib. Bu mərhələdə iştirakçıların qısa təqdimatlarından sonra səsvermə aparılıb və ən perspektivli ideyalar müəyyənləşdirilib.

İlk günün əsas hissəsi startap ideyaları üzrə yarışa həsr olunub. Tələbələr tərəfindən ümumilikdə 44 innovativ ideya təqdim olunub. Ekspert və tələbə səsverməsinin nəticələrinə əsasən 8 ən perspektivli ideya seçilərək növbəti mərhələyə keçib.

Seçilmiş ideyalar üzrə komandalar formalaşdırılıb və mentorların, ekspertlərin və təlimçilərin dəstəyi ilə layihələrin ilkin prototiplərinin və biznes modellərinin hazırlanmasına başlanılıb. Birinci gün komandalar üçün həm yaradıcılıq, həm də praktiki hazırlıq baxımından intensiv və məhsuldar olub.

Tədbir çərçivəsində Rahid Ələkbərli, Azər Bayramov, Şamxal Əliyev, Rəşad Əliyev, Etibar Seyidzadə, Rasim Abdullayev və Hikmət Fəttayev iştirak edərək tələbələrlə təcrübələrini bölüşüb, komanda formalaşdırılması, ideyaların inkişafı və qarşıdakı mərhələlərlə bağlı onlara dəstək göstəriblər.

Tədbirin ikinci günündə komandalar hazırladıqları layihələri münsiflər heyətinə təqdim edəcək və ideyalar innovativlik, reallaşdırılma potensialı və biznes dəyəri meyarları üzrə qiymətləndiriləcək.

“Startap Günləri”nin əsas məqsədi ölkədə startap ekosisteminin inkişafına töhfə vermək, gənclərin ideya istehsalında və biznes quruculuğunda fəal iştirakını təşviq etmək və yeni startapların formalaşmasını stimullaşdırmaqdır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə