Azyaşlıların sosial şəbəkələrdən istifadə etməsi təlükəlidir

14-08-2018 / 17:28

 Amerikalı uşaqların 56%-nin sosial media hesabı var. Sosial media hesabı açan uşaqların orta yaşı isə 12-dir. Bu barədə San-Fransiskoda yerləşən "Common Sense Media” adlı qeyri-hökumət təşkilatının 2016-cı ilə aid tərtib etdiyi hesabatda bildirilir. Təşkilatın valideynlik üzrə eksperti Kerolayn Knorr deyirki, əgər "övladınız 10 yaşını keçibsə, bir gün, dərs ilinin başlanğıcında gəlib "internetdən filan şeyi endirmək istəyirəm” deməsini gözləməlisiniz”.

Bəs uşaqların hansı yaşda sosial media hesabı açması düzgündür? Knorrun sözlərinə görə, ABŞ-da 12-yaşlı uşaqların artıq hər hansı formada sosial media hesabı olur. Bu məlumat onun təmsil etdiyi təşkilatın 2016-cı ilə aid hesabatında da əksini tapıb. Hesabat ABŞ-da yaşayan, övladlarının yaşı 8-18 arasında olan 1786 valideyn arasında keçirilmiş sorğuya əsaslanır. Uşaqları yaşa görə təsnif edəndə bəlli olub ki, 13-18 yaşlıların 80%-nin öz sosial media hesabı var. 8-12 yaşlıların yalnız 23%-nin sosial media hesabı var imiş.

Birminqemdəki Alabama Universitetindən uşaq psixoloqu Vivian Fridman yaşı 6-12 arasında olanların konkret düşünmə bacarıqlarının inkişaf etdiyini, 12-18 yaşlar arasında isə abstrakt düşüncə bacarıqlarına yiyələndiklərini deyir. Mütəxəssis hesab edir ki, uşaqlar yeniyetməlikdən öncə daha konkret düşündükləri üçün bəziləri sosial media ilə bağlı abstrakt məsələlərin həqiqiliyini tam təhlil edə bilmir: "Məncə, bunu etməyin ən yaxşı yolu birlikdə oturub övladınızın işlətmək istədiyi proqramı və onların işlədə biləcəyi məxfilik ayarlarını müzakirə etməkdir. Sonra valideynlərlə uşaqların nəyi paylaşıb-paylaşmamağın düzgünlüyünü müzakirə etməsi vacibdir. Hesab edirəm ki, 12 yaş civarı uşaqların sizin qaydalarınıza əməl etmək və onların təhlükəsizlik baxımından vacibliyini anlamaq iqtidarında olduğu dövrdür”, – deyə o bildirir.

ABŞ qanunları valideynlərə saytlarda bütün məlumatlar üzərində nəzarət imkanı verir. Qanunlara görə, operatorlar, saytlar və onlayn xidmətlər valideynlərin icazəsi olmadan yaşı 13-dən aşağı olan uşaqlardan hər hansı şəxsi məlumat istəmir və belə məlumatları paylaşmır. Məsələn, "Facebook” bildirir ki, bu platformadan istifadə edən hər kəsin ən azı 13 yaşının tamam olması vacibdir: "Yanlış məlumatla hesab açmaq bizim qaydalarımıza ziddir”, – "Facebook” yazır. "Facebook” eyni səhifədə 13 yaşına çatmamış uşağınız özünə hesab açarsa, onu necə bağlayacağınız haqda təlimat da verir. Burada yaşı çatmayan şəxsin hesabı ilə bağlı şikayət etmək üçün xüsusi forma da verilib.

"Valideynlərin çoxu elə bilir ki, bu qaydanın məqsədi uşaqların təhlükəsizliyini qorumaqdır. Əslində isə səbəb odur ki, əksər sosial media platformaları məlumatı paylaşır və məlumat toplayır. Ancaq onların 13 yaşdan aşağı istifadəçilərlə bunu etməyə ixtiyarları yoxdur”, – Knorr deyir.

Alabama uşaq xəstəxanasının pediatrı və Birminqemdəki Alabama Universitetinin professoru Kendis Day məsləhət görür ki, valideynlər övladları ilə sosial media hesabı haqda danışsınlar: "Onlara deyin ki, bir adamı tanımırsa və o, dost olmağı təklif edirsə, onu qəbul etməsinlər. Kimsə təhqiramiz bir hərəkət edirsə, onu dostluqdan çıxarsınlar…”, – K. Day deyir.

Məxfilik və təhlükəsizlik məsələləri vacib olsa da, Knorr, ümumiyyətlə, uşaqların ekran qarşısında keçirdiyi vaxtı uşaqların sosial mediaya gəlməsi baxımından ən ciddi problemlərdən biri sayır. Amerika Pediatrlar Akademiyası 5-18 yaşlı uşaqların yataq otağında cihazların olmamasını, yatmazdan öncəki bir saat ərzində və ailəvi yemək zamanı hər hansı cihaz işlətməməsini tövsiyə edir. Qurum valideynlərə kompüter qarşısında keçirilən vaxtın artıq çəki, yuxu problemləri, kiber-hədə, uşaqların məktəbdə zəif oxuması və digər problemlər ortaya çıxaracağı haqda xəbərdarlıq edir.

Bəs Azərbaycanda sosial mediadan istifadə edən azyaşlılarla bağlı vəziyyət necədir? Sosial şəbəkələrin istifadəçisi olan uşaqlarla bağlı statistika məlumdurmu?

Araşdırma zamanı məlum olur ki, Dövlət Statistika Komitəsi hər il internet istifadəçilərinin yaş tərkibinə görə hesabat tərtib etsə də, burada azyaşlıların sosial şəbəkələrdən istifadəsi ilə bağlı statistika əksini tapmayıb. Hesabatdan məlum olur ki, Azərbaycanda ümumi internet istifadəçilərinin əksəriyyətini yaşı 24-dən aşağı olan şəxslər təşkil edir. Məsələn, 2015-ci ildə bu rəqəm 42,9, 2016-cı ildə isə 42,5 faiz olub.

Xeberler.az  bildirir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz virtualaz.org-a açıqlamasında  sosial şəbəkələrdə yaş məhdudiyyəti olmasına baxmayaraq, Azərbaycanda azyaşlıların da sosial şəbəkələrdən yetərincə istifadə etdiklərini qeyd edib.

"Azərbaycanda internetdən istifadə elə sosial şəbəkələrdən istifadə deməkdir. Çünki bizdə internetdən sosial şəbəkələrdən istifadə üçün istifadə edirlər. Azərbaycanda azyaşlıların sosial şəbəkələrdə qeydiyyatdan keçmələri onların mobil telefonlardan istifadəsi ilə bağlıdır. 10-12 yaşlı uşaqlar sosial şəbəkələrədn istifadə edirsə, artıq burada təhlükə var. Əgər valideyn 9-10 yaşında uşağa bütün imkanları olan "ağıllı” telefon və ya notebook verirsə, yaxşı internet verirsə, o başa düşməlidir ki, burada təhlükə yox, çox böyük təhlükə var. Uşaq nəzarətdə olmalıdır. Əgər o sosial şəbəkədə istifadə edirsə belə, birinci dostu valideyn olmalıdır. Valideyn onun ətrafına, dostluğuna nəzarət etməlidir”, – deyə Osman Gündüz bildirir.

Ekspert deyir ki, sosial media resurslarının sahibləri öz resurslarında yaşla bağlı məhdudiyyəti qoyurlar və bunu elan edirlər. Amma  buna nəzarət etmək, icrasına  nail olmaq mümkün deyil. Çünki uşaqlar yaşlarını az göstərərk rahatca qeydiyyatdan keçə bilirlər: "Uşaqlar üçün sosial şəbəkələrdə xeyli oyunlar var ki, onların psixikasına çox mənfi təsir edir, onları intihara sürükləyir. Biz bununla bağlı zaman-zaman açıqlamalar veririk. Uşaq hüquqlarını qoruyan təşkilatlar bunun üçün təsis edilir. Amma buna nəzarət etməli olan təkcə hökumət və ya provayder deyil, həm də cəmiyyətdir, medaiadır, valideynlərdir. Uşaqların sosial mediada daha çox evdə istifadə edir. Ona görə də valideynin bilik və bacarıcığı yetərli olmalıdır. Təhsil müəssisələrində bununla bağlı mütəmadi olaraq məlumat verilməlidir”.

O. Gündüz deyir ki, son dövrlərdə qanunvericilik azyaşlıların internetin zərərlərindən qorumaq istiqamətində xeyli təkmilləşdirilib. Telekomunikasiya qanununa görə, istifadəçinin, yəni valideynin provayderdən təhlükəsiz – "halal” internet tələb etməyə haqqı var. Provayder öz informasiya sistemində ciddi dəyişiklik etməli, çeşidlənmiş, süzgəcdən keçirilmiş informasiyaları  ötürməlidir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə