“Bakcell” kontur “yeyir”?

08-10-2008 / 14:03


Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkətinin abunəçiləri operatorun fəaliyyətindəki qüsurlardan şikayətlənirlər.

Abunəçilər tərəfindən Lent.az-a daxil olan müraciətdə bildirilir ki, kontur yükləyən “Cin Kart”çılar danışmadıqları halda balanslarından kontur çıxılır. Abunə paketlərində isə hesaba qoyulmuş pullar istifadə edilmədiyi halda azalır. Bundan başqa, operatorun göstərdiyi texniki xidmətlərdə də problemlər yaşanır və əlaqə yaratmaq müşkülə çevrilir.

Məsələ ilə əlaqədar araşdırma apararaq problemin səbəblərini öyrənməyə çalışdıq.

İlk olaraq, Multimediya Mərkəzinin rəhbəri Osman Gündüzlə əlaqə saxladıq. Mərkəz rəhbəri bildirdi ki, bu problem, operatorun daxili sistemində, yəni proqram təminatındakı müəyyən qüsurlarla bağlı ola bilər: “Bununla bağlı hər hansı fakt aşkarlanıbsa, dərhal operatora müraciət olunmalıdır və operator da billinq sistemində bunu yoxlamalıdır”.

O. Gündüzün sözlərinə görə, bilərəkdən, ya bilməyərəkdən, bu, operatorun problemidir, kənarda müdaxilə oluna bilməz: “Bu “Bakcell”in daxili mətbəxlərində hazırlanan qapalı sistemdir. Problem kütləvi şəkildə baş verirsə, demək, proqram qüsurludur, hansısa fərdi qaydada baş verirsə, onda abunəçi əlaqə saxlayıb problemini aradan qaldırmalıdır”.

İstehlakçıların hüquqlarını qoruyan Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov isə onlara ayda iki-üç dəfə “Bakcell”lə bağlı belə şikayətin daxil olduğunu deyir: “Şikayətlər şifahi formada olduğu üçün biz araşdırma apara bilmirik, əgər yazılı müraciət edilsə, araşdırıb onların hüquqlarını qoruya bilərik. Məhkəmə yolu ilə və yaxud digər yolla problemi araşdırıb, istehlakçıların hüquqlarına hörmətlə yanaşmağı tövsiyə edə bilərik”.

İstehlakçıların hüquqlarını qoruyan dövlət qurumu - İqtisadi İnkişaf Nazirliyinin İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin bu məsələni araşdırıb-araşdırmamasına gəlincə, nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, faktın doğruluğu təsdiqlənsə, istehlakçıların hüquqlarının müdafiəsi baxımından qanunvericiliyə uyğun tədbirlər görülə bilər.

Sonda “Bakcell” mövqeyini öyrənərək məsələyə aydınlıq gətirmək istədik. Şirkətin Müştərilərlə iş şöbəsindən bildirdilər ki, abunəçiləri tərəfindən indiyədək onlara belə şikayətlər daxil olmayıb: “Əgər onlar belə problemlə üzləşirlərsə, müştəri xidmətlərinə yaxınlaşıb, nömrənin kimin adına alındığını təsdiqləmək üçün şəxsiyyət vəsiqəsini təqdim edərək danışıqların siyahısını, qaimə ala bilərlər. O zaman hər şeyə aydınlıq gətirmiş olacaqlar”.

Qeyd edək ki, Azərbaycanın ilk mobil operatoru - “Bakcell” 1994-cü ildə təsis olunub və 2004-cü ilin yanvar ayından başlayaraq, 100% şəxsi kapitala malik bir şirkət kimi fəaliyyət göstərməkdədir.

Nigar/ LENT.AZ

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə