Xeberler.az Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün Minval.az saytına müsahibəsini təqdim edir.
- İnternetin ümumi vəziyyəti necədir? Hər yerə çatırmı, qiymət qənaətbəxşdirmi?
- Azərbaycanda internetdə əlçatımlıq, demək olar hər yerdə var. Amma keyfiyyətli, geniş sürətli internetə əlçatımlıq hər yerdə var, bunu demək olmaz. Yəni kimsə əlində mobil telefonla ucqar kənddə internetlə nəsə xırda-para iş görə bilər. Genişzolaqlı, sürətli internet isə yoxdur, rayon mərkəzlərində keyfiyyətsiz də olsa, əlçatımlıq var, kəndlərdə yoxdur. Kimsə kənddə internetlə bağlı iş qurmaq istəsə, yəni bir studiya açmaq arzusu olsa, bu mümkünsüzdür.
- Genişzolaqlı deyəndə, ADSL interneti nəzərdə tutursunuz?
- ADSL, fiber-optik, 3G. Kənddə heç 3G yoxdur. ADSL, fiber-optik internet də ələ düşməz. Mobil telefonla aşağı sürətli internetdən yararlana bilərsiniz, amma keyfiyyətli internet yoxdur. Bakı, Abşeron, rayon mərkəzlərində internet var. Ucqar kəndlərdə isə internetə əlçatımlıqda problemlər var. İnternetin qiyməti ilə bağlı problem az deyil, xüsusilə də qonşu ölkələrlə müqayisədə. Hazırda bizdə internetə ödənilən məbləğlə qonşu ölkələrdə həmin məbləğə alınan internetin həcminə baxsaq, onlarda 4-5 dəfə artıq internet alındığını görərik. Gürcüstan, Rusiya, Ukrayna kimi ölkələrin dəqiq monitorinqini aparmışıq. Burada 10-15 manata 50 meqabit internet almaq olar, bəzən 100 meqabit də alarsan. Bizdə hələlik 4-5 meqabit almaq olur uzaqbaşı. Hazırda qiymətlə bağlı problemlər var.
- Provayderlər bəzən deyirlər: biz çox internet verə bilərik, amma telefon xətlərinin buna gücü çatmır.
- Onda fiber-optik çəksin. Bəli, ADSL vasitəsilə 4-7 meqabitdən artıq verə bilməzsən. Bu xətlərin tutumu bu qədərdir. Ümumiyyətlə, ADSL texnologiyası inkişaf etmiş ölkələrdə sıradan çıxarılıb, gedir arxivə. Tək-tük qala bilər. Yoxdur belə anlayış artıq, var fiber-optik. İnfrastruktur, keyfiyyətli internet hələlik bunun üzərində qurulub. Azərbaycanda da keyfiyyətli internetlə bağlı ciddi problem az deyil. Regionlarda fiber-optik infrastruktur demək olar yoxdur, Bakıda da yetərincə inkişaf etməyib. Burada yüksək tariflər, həm də inhisarçılıq var. Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, yəni BTRİB Bakı şəhərində fiber-optik çəkilişi uzun müddət öz inhisarında saxlayıb. Ya özü edib, Bakinternetin xətti ilə, ya da özünə yaxın provayderlə, biz bunun adını qoyuruq doğma provayderlər. Meqa-telekom-dur, Citynet-dir. Bunun doğma provayderləridir, burada gizli bir nəsə yoxdur. Elə provayder olub, heç 1kilometr fiber-optik xətt çəkdirə bilməyib. Hansısa şirkətə lazım olub, bunu bacarmayıb. Sərbəst, azad rəqabətlə problem olub deyə, infrastruktur kifayət qədər inkişaf etməyib.
- Dövlətin böyük bir layihəsi vardı, fiber-optik internetlə bağlı…
- Bəli, “Hər evə optika” layihəsi vardı, təxminən yarım milyard civarında. Rabitə və Yüksək Texnologiyalar Nazirliyində layihəyə məsul olan şəxslər bu proqramı uzun müddət süründürdülər. Qapalı toplantılar keçirildi, ictimaiyyəti, hətta özəl provayderləri yaxın buraxmadılar, 15-20 iclasdan sonra xaricdən konsaltinq şirkəti dəvət olundu, onlarla da xeyli qapalı toplantı təşkil olundu, nəhayət layihə iflasa uğradı. Yəqin elə hökumətə də aydın oldu ki, burada şəffaflıq yoxdur, layihəni öz provayderinə ötürmək istəyi var. Pulun ayrılmamağına gətirən bir faktor bu , ikinci faktor isə büdcədə yaranan problem oldu.
- Heç bir pul ayrılmadı?
- Dövlət hesabına ayrılmadı. BTRİB və Aztelekomun daxili imkanları həmişə olub. Sual yaranır: imkan haradandır? Məsələn, 100 metrlik fiber-optik kabelin 1 illik icarə haqqı 1200 manatdır. Bu qiymət inkişafın qarşısını alan amildir. Deyirlər, filan provayder 1000 kilometr kabel çəkdi. Elə bunun icarə haqqı milyonlarla pul edir. Elə bu pulla çox iş görmək olar. Amma prosesə ictimai nəzarət də yoxdur. Bu təsərrüfatda qayda-qanun yaratsaq, xeyli inkişaf ola bilər.
- Böyük binalara, çox insanın yaşadığı kvartallara fiber-optik çəkmək asandır. Rayonlara, kənd mərkəzlərinə, hətta Bakı qəsəbələrinə fiber-optik xətlərin çəkilməsi ya mümkün olmayacaq, ya da gərək dövlət proqramı olsun.
- Məncə, BTRİB şərait yaratsa, şirkətlərə imkan versə, dərhal Bakıda, Abşeronda fiber-optik infrastruktur qurmaq olar. Özü də dərhal tariflərə yenidən baxmaq lazımdır. İndi mövcud olan qiymətləri Tarif Şurası təsdiq etməyib. BTRİB və Rabitə və Yüksən Texnologiyalar Nazirliyi təyin edib. Həm də hökumətin də müəyyən fiber-optik çəkilişlə bağlı infrastruktur layihələrinin olması pis olmazdı. Əslində, BTRİB-in tərkibində olan Bakinternetin aylıq gəliri elə də az deyil, 5 milyon manat. Bu vəsaitlə çox iş görmək olar.
- Bakinternet özü bir sıra provayderə internet satır, amma alıcıya verdiyi internet olduqca zəifdir. Üstəlik də, Bakı ətrafı kəndlərə digər provayderlərin girməsinə qadağa qoyub. Axşam saatlarında isə internet tam itir.
- Zəifliyin kökündə duran ciddi problemlər var. Bunun adına biz “çəkidə aldatma” deyirik. Deyək, bazardan 1 kilo pomidor almısınız, evə gəlib çəkəndə 700 qram olduğu aşkarlanır, deməli sizi 300 qram aldadıblar. İnternetdə də eyni proses baş verir. Müştəri provayderlə müqavilə imzalayır, ödədiyi 15 manatın əvəzində 4 meqabit internet almalıdır, sonra evə, ya ofisə gələndə bunun 2 meqabit olduğu aşkarlanır. Bunun kökündə nə durur? Bakinternet Delta Telecom-dan 20 qiqabit internet alır, özünün də deyək 150 min müştərisi var. Onların da tələbatı 30 qiqabitdir. 30 əvəzinə 20 alıbsa, nə etməlidir? Müştəridən kəsməlidir, deməli müqavilədə göstərilən internetin əvəzinə daha az internet verəcək. Ya da internet tam itəcək. Deməli, tələbata uyğun internet almayıb, müştərini çəkidə aldadır.
- Olmazmı, elə Delta Telecom özü birbaşa bazarda interneti satsın, digər provayderlərə?
- Biz indi bir məsələ qaldırırıq, buna necə nəzarət edək, necə quraq. Delta Telecom özü də maraqlıdır bunda, çünki internet satmaq istəyir bazarda. Delta Telecom ölkəyə 500 qiqabit internet gətirir, amma satır cəmi 200. 300 qiqabit isə göydədir. Ölkənin də tələbatı elə 500-dür. Real satılır 200 qiqabit, 300 qiqabitlik internet verilmir, bu qədər insan aldanır. Bununla bağlı bir qanunvericilik aktı qəbul olmalıdır. Provayderin aldığı və satdığı interneti tənzimləyən bir qanun qüvvəyə minməlidir. Fiber-optik internet stabildir, orada əgər 4 meqabit göstərilibsə, deməli elə o qədər olacaq. ADSL internetdə isə 1 meqabiti 3 yerə bölmək olar. Məsələn, Türkiyədə qanun var: provayderin satdığı toplam trafik 30 qiqabitdirsa, o halda o, ən azı 10 qiqabit internet almalıdır. Ondan aşağı ala bilməz. Bizdə isə 30 satan 3 alır, 10 dəfə aşağı. Ona görə internet itir, yox olur.
- Bir müddət öncə Delta Telecom-da baş verən qəza ölkəni internetsiz qoydu. Bir-iki kiçik açıqlama verildi, yanğın olduğu bildirildi. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Delta Telecom-la birgə mətbuat konfransı keçirəcəyi güman edilsə də, bu baş vermədi. Delta Telecom-da nə baş verdi və bunun qarşısını gələcəkdə necə almaq olar?
- Delta Telecom-da kifayət qədər ciddi hadisə baş verdi. Azərbaycan internet tarixində, yəni son 20 ildə belə qəza ilk dəfə oldu. Dünyada da belə hadisələr nadir hallarda baş verir, amma olanda olur. Məsələn, Sakit okeanda böyük bir kabel qırılır, Gürcüstanda da oxşar hadisə olub. Amma dünyada belə qəza olanda bərpa işləri 6 saat davam etmir, uzaqbaşı 6 dəqiqəyə düzəlir. Problem bundadır. Azərbaycan İnternet Forumu olaraq bu hadisəni ölkənin informasiya təhlükəsizliyi üçün bir təhdid hesab etdik. Bu Azərbaycanın qlobal dünyadan ayrılmasıdır. Belə bir qəzanın təkrarlanmaması, eyni zamanda səbəblərinin açıqlanmasını təklif elədik. Delta Telecom-un rəsmi açıqlamasında bildirilib ki, tüstülənmə olub, enerji kabelləri tab gətirməyib, sonra yanğın keçib fiber-optik kabellərə, çox avadanlıq yandığına görə bərpa işləri uzun müddət tələb edib. Baş prokurorluğun təhqiqat qrupu orada işləyib, amma rəsmi açıqlamaları olmayıb.
- Bir araşdırma apardınızmı?
- Hadisə baş verəndən sonra bir araşdırma keçirdik. Deməli, Delta Telecom-a 4 yerdən – Avropa, Rusiya, Gürcüstan və İrandan internet gəlir. Bu internet xətlərinin hamısı lazımı qaydada işləyib. Delta Telecom interneti aldığı kimi həm də onu xarici ölkələrə, deyək, İrana, Gürcüstana satır. İnternetin qanunu belədir, həm alırıq, həm satırıq. Alternativliyi təmin etmək məqsədilə. Nə Gürcüstanda, nə İranda internetlə bağlı heç bir problem olmayıb. Problem daxildə olub. Delta Telecom 15 ilin şirkətidir, dünyanın hər yerindən internet alır. Bir kabelin yanması ilə bütün ölkənin internetsiz qalması mümkünsüz görünür, şirkətin daxilində də alternativ xətləri var. Bəs nə baş verib? Biz AİF-də WhatsApp zənglərinə qoyulan qadağanı müzakirə edəndə məsələnin nə yerdə olduğunu anladıq.
- WhatsApp zənglərinə qoyulan qadağanın yanğınla nə əlaqəsi?
- Azərbaycanda yüz minlərlə istifadəçisi olan WhatsApp-ın səsli zəng funksiyasına məhdudiyyət qoyulub. Sadəcə araşdırma zamanı məlum oldu ki, nə mobil operator, nə Delta Telecom, nə də WhatsApp-ın özü heç bir bloklaşma aparmayıb. Bəs bloklaşmanı kim tətbiq edib? Telekommunikasiya haqqında Qanunun 39-cu maddəsinə uyğun olaraq ölkədə qurulan dinləmə və izləmə ilə bağlı nəhəng telekommunikasiya sistemini çox güman ki, MTN Delta Telecom-un daxilində quraşdırıb. Monitorinq mərkəzi MTN-in daxilindədir, amma onun bir data mərkəzi olmalıdırmı? Bu elə-belə bir məsələ deyil, çoxlu avadanlığı olan böyük bir mərkəz nəzərdə tutulur, yüzlərlə şkafın, serverin yerləşdiyi bir məkan olmalıdır. Delta Telecom-dan ölkəyə verilən bütün internet elə həmin mərkəzdən keçərək paylanmalıdır. Çox güman, bu qurulan data mərkəzin alternativi yoxdur, nə qəza baş veribsə, deməli həmin mərkəzdə baş verib. Bu səbəbdən yanğının fəsadını aradan qaldırmaq üçün xeyli vaxt tələb olunub.
- Bütün internetin bir əldə toplanması nə qədər doğrudur? Bəlkə alternativ internet provayderlərini qurmaq doğru olardı?
- Əlbəttə, sərbəst rəqabətin olması arzu ediləndir. Nə qədər alternativ imkan çox olsa, adi istifadəçi üçün yaxşı olar.
- Mobil internetin vəziyyətindən nə deyə bilərsiniz?
- Mobil internetin vəziyyətini qənaətbəxş hesab etmək olmaz. 3G şəbəkəsi qurulub, 4 G şəbəkəsi inkişaf etməkdədir. Özü də 4G şəbəkəsinə tam keçmək üçün onu dəstəkləyən avadanlıq olmalıdır, bu halda müştəri operatordan sistemi dəstəkləyən simkart da almalıdır. Hələlik, 3G-nin özü belə Azərbaycanda yetərli deyil. Ucqar kəndlərdə yoxdur, ya zəifdir. Şəbəkənin qurulması müəyyən investisiya tələb edir. Mobil operator yəqin hesablayır, görür, ucqar bir nöqtədə mobil internet bazarı yoxdur, ora investisiya qoymağa dəyməz. Düşünürəm, insanlara internet lazımdır. Hökumət özü də bu məsələdə fəal ola bilər, müəyyən güzəşt hesabına ölkənin istənilən nöqtəsində mobil internetin olmasına nail ola bilərik. Rayonlara gedəndə yolun uzun bir hissəsində 3G-nin olmadığını müşahidə edirik. Elə şəhərin özündə monitorinq aparsaq, 3G-nin yetərincə keyfiyyətli olmadığını görərik. RYTN-nin baxışı da bizi qane eləmir. Nazirlik hərdən bəyan edir: biz mobil operatorların xidmətlərinin keyfiyyətini yoxlayırıq, mobil danışığı, mobil interneti. Uzun müddət yoxlayırlar, nəticə yoxdur. Nəticə isə açıqlanmalıdır. Eləm mobil operatorlar da bunu zaman-zaman etməlidirlər. Bilək, ərazilərdə 3G, 4G-nin vəziyyəti necədir?
- 4G texnologiyasının tətbiqi bazarda çox şeyi dəyişdirməlidir. Əgər biz operatordan 100 meqabit internet ala biliriksə, adi telefon zənglərinə nə ehtiyac var?
- Adi zənglər artıq öz ömrünü yaşayır. Operatorlar yeni xidmətlər ortaya qoymalıdırlar. Bütün dövlət, səhiyyə, təhsil, elm sahəsində nə qədər xidmət varsa, bunlar mobilin üzərinə gəlməlidir. Mobil oradan pul qazanmalıdır, zəngdən yox. Artıq həm də daha 2 şirkət Delta Telecom və Sazz mobil bazara girəcəyini bəyan edib. Hazırlıq gedir, LTE texnologiyasını tətbiq etməklə mobil bazarda çalışacaqlar. Yəqin mobil internetdən zənglərə diqqət yetirəcəklər. Delta Telecom bazarda xeyli uğur qazana bilər. Onun ölkə boyu böyük fiber-optik infrastrukturu var, baza stansiyalarını qura bilər. Ölkəyə də interneti özü gətirir. Bazara girsələr, mobil internet sahəsində rəqabət güclənə bilər.
İsmayıl Rafiqoğlu
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri