Məlumat verdiyimiz kimi, Azərbaycanın internet təchizatını iki şirkət, Delta Telecom və Azertelekom təmin edir. Əsas backbone provayder isə Delta Telecom-dur.
Belə ki, Delta Telecom şirkəti Azərbaycanın 90 faiz internet təchizatını təmin edir. Şirkət 500 Gb/s-dən yuxarı sürətlə və bir neçə istiqamətdən qlobal şəbəkəyə çıxışa malikdir.
Şirkət həm Azərbaycana, həm də qonşu ölkələrə internet trafiki satır.
Bu yaxınlarda nazir müavini Elmir Vəlizadə ölkə üzrə toplam internetdən istifadənin 150-180 Gb/s olduğunu bildirib və bunun da istifadəçilərin tam tələbatına uyğun olduğunu deyib.
Nazir müavinin açıqlamasından belə nəticəyə gəlmək olar ki, ölkədə internetə olan tələbat, internetin sürəti və keyfiyyəti, həmçinin qiyməti ilə bağlı heç bir problem yoxdur.
Amma əslində necədir? İnternet istifadəçilərinin internetə olan tələbatı tam ödənilirmi ? Qonşu ölkələrlə müqayisədə vəziyyət necədir ? Provayderlər Delta Telecom-dan öz müştərilərinin sayına uyğun olaraq internet trafiki alırlarmı?
Bu məsələni aydınlaşdırmaq üçün Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüzlə əlaqə saxladıq.
O, Xeberler.az-a qeyd olunan məlumatların reallığı əks etdirmədiyini bildirib:
“Statistikaya nəzər salsaq görərik ki, hazırda Azəbaycanda aktiv internet istifadəçiləri bir neçə milyondur. Ən azı 2 milyona qədər sosial media istifadəçiləri var. Hər bir istifadəçi üçün zəruri olan ən minimal sürəti 1- 2 mb/s nəzərdə tutsaq, ADSL texnologiyanın da xüsusiyyətini də nəzərə alsaq, görərik ki, təlabat normalda ən azı 500 -1000 Gb/s olmalıdır. Hətta deyərdim ki, daha çox olmalıdır. Amma provayderlərin Delta Telecom-dan aldığı toplam həcm 180 Gb/s –dir”.
Osman Gündüz hazırda ölkə üzrə satılan toplam internet trafikin hansı sayda istifadəçilərə yetərli olacağına da aydınlıq gətirib : "200 Gb/s internet 200 000 Mb/s deməkdir. Əgər hər bir istiafdəçi 2Mb/s istifadə edərsə bu cəmi 100 min istifadəçiyə bəs edəcək. Deməli buradan belə qənaətə gəlmək olr ki, normalda, yəni ən pik vaxtda, trafikin “üçün birə”, və ya “beşin birə” prinsipi ilə satılmasını da nəzərə alsaq cəmi bir neçə yüz min istifadəçi normal sürətlə internetdən istifadə edə bilər. Amma bizdə istifadəçilər sayı milyonlarladır. Bu milyonlarla istifadəçiyə isə əslində olmayan bir trafik, yalançı trafik satılır, başqalrının normal internetindən kəsilərək satılır. İnternetin keyfiyyətsizliyi dediyimiz də elə budur".
Bəs bununla provayderlər tələbatı necə ödəyirlər? Olmayan bir trafiki istifadəçilərə necə satırlar?
Əgər hər iki backbone provayder tərəfindən ölkəyə toplam olaraq 500Gb/s sürətində internet daxil olursa, niyə provayderlər aldıqları həcmi artırıb keyfiyyətli internet xidməti göstərmir?
Osman Gündüz bu məsələyə də münasibət bildirib. O qeyd edib ki, həmişə diqqətə çatdırıblar ki, dövlət və özəl provayderlər uzun illərdir ki, dövlət və ictimai nəzarətinin zəif olmasından istifadə edərək bazarda az xərc çəkib daha çox gəlir əldə etməklə məşğuldurlar. Provayderlərin böyük əksəriyyəti istifadəçiləri kütləvi olaraq “çəkidə aldatmaqla” məşğuldurlar:
“İstifadəçi provayderə bəlli bir sürətə uyğun məbləğ ödəyərək müqavilə bağlayır. Evinə, ofisinə gedib internetə daxil olanda isə görürür ki, bu sürət əslində müqavilədə göstəriləndən xeyli aşağıdır. Necə ki, bəzən bazardan hansısa mal alanda çəkidə aldadılma olur, həmin məsələ də elə internetdədir. Yəni, provayder Delta Telecom-dan tutaq ki, 10 Gb/s alır amma onun son istifadəçilərə satışı 100Gb/s-dir. Hansı bu trafik əslində ortada yoxdur . Bu metodla provayderlərimiz uzun illərdir ki, istifadəçiləri aldadırlar və böyük vəsaitlər əldə ediblər. Yəni, əslində olmayan bir şeyə görə provayderlər istifadəçilərdən gəlir əldə edirlər”.
Ekspert bildirib ki, əslində, RYTN və digər aidiyyatı qurumlar provayderlərin istifadəçilərlə bağladıqları müqavilələrin toplam həcmini araşdırsalar, görərlər ki, bu rəqəm elə ölkənin real internet tələbatıdır ki, bu da hörmətli nazir müavini Elmir Vəlizadənin dediyi kimi 150-180 Gb/s yox, ən azı 500 -1000 Gb/s olacaq”.
Osman Gündüz hesab edir ki, digər aidiyyatı qurumlar bu məsələyə nəzarəti gücləndirməlidir. Onun fikrincə, provayderlərin müştərilərinin sayına, satdığı internet trafikin həcminə uyğun olaraq aldığı internetin sürətinə də müəyyən məhdudiyyətlər qoyulmalıdır.
“Düşünürəm ki, provayderin satdığı internet trafikin həcminin aldığına uyğunluğunun qanunvericilik çərçivəsində tənzimlənməsi də faydalı olardı”, deyə o bildirib.
Osman Gündüz Xeberler.az-a onu da bildirib ki, artıq uzun müddətdir ki, bizdə internetin qiyməti ilə də bağlı problemlər var: “Genişzolaqlı, fiber optik internetin çəkilişi ilə bağlı problemlər var. Regionlarda xüsusilə də kəndlərdə genişzolaqlı internetlə bağlı ciddi problemlər hələ də qalmaqdadır. Fiber optik internetin çəkilişi ilə bağlı BTRİB tərəfindən müəyyən olunan indiki tariflər internetin inkişafını ləngidir. Təəssüf ki, “Hər bir evə optika ” adlı dövlət layihəsi də reallaşmadı. Bütün bunlar da sonda ölkədə internet tələbatının tam ödənilməsinə maneçiliklər yaradır. Əgər internetə, xüsusən də yüksək sürətli, keyfiyyətli internetə əlçatımlıq ölkənin bütün ərazisində təmin edilərsə, qeyd olunan addımlar atılarsa, əminliklə deyə bilərəm ki, istifadə olunan internetin ölkə üzrə toplam sürəti ən azı 2-3 dəfə artacaq”.
Osman Gündüz son günlərdə RYTN –nin yeni rəhbərliyi tərəfindən operator və provayderlərə nəzarətin gücləndirilməsi istiqamətində atılan addımları müsbət dəyərləndirib və “Rabitə aylığı” çərçivəsində işlərə nəzarətin gücləndirilməsinin də Azərbaycan internetinin inkişafına təkan verəcəyini bildirib.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri