Dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu gün Bakıda işə başlayır.
Xeberler.az bildirir ki, noyabrın 11-22-də Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur. Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi arasında “Ev Sahibi Ölkə Sazişi” və digər mühüm sənədlər imzalanıb.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb. Bununla yanaşı, təşəbbüslərdən biri kimi İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması nəzərdə tutulur.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
Azərbaycan ətraf mühitin mühafizəsinə və iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması məsələlərinə xüsusi önəm verir və bu istiqamətdə mühüm işlər görür. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası üzrə yekdil qərarla ölkəmizin ev sahibi seçilməsi bunun bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu, beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmətinin və etimadının göstəricisidir.
Konfransın rəsmi yayımı, könüllülər, inklüzivlik
Bakı Stadionundan yüksəkkeyfiyyətli yayımı təmin etmək məqsədilə Bakı Media Mərkəzi COP29 konfransının rəsmi yayım şirkəti təyin olunub.
Bu tədbir könüllülər üçün də mühüm platformadır. COP29 tədbirinin uğurlu icrasında əhəmiyyətli pay öz fədakar əməyi, nümunəvi davranışları ilə seçilən dayanıqlılıq səfirləri kimi çıxış edəcək COP29 könüllülərinin üzərinə düşür.
COP29 Azərbaycan Əməliyyat Şirkəti COP29 iqlim konfransında inklüziv mühitin yaradılması, hər kəs üçün əlçatanlığın və müyəssər şəraitin təmin edilməsi məqsədilə tədbir məkanı Bakı Stadionunda bir sıra müvafiq həllər tətbiq edib. COP29 Azərbaycan Əməliyyat Şirkətinin dayanıqlılıq siyasətinin 7 əsas öhdəliyindən biri olan inklüzivlik və əlçatanlığın təmin edilməsi COP29 konfransının təşkili prosesində prioritet kimi nəzərə alınan amillərdəndir. Belə ki, Əməliyyat Şirkəti tədbir məkanı olan Bakı Stadionunda COP təcrübəsində ilk dəfə Bakıda keçiriləcək COP29-un plenar iclas zalında eşitmə və nitq məhdudiyyətli şəxslər üçün işarət dilinə tərcümə və audioinduksiya sistemi, sessiya və panelləri əlçatan etmək üçün işarət dili üzrə surdotərcüməçilər xidmət göstərəcək.
Rəqəmsal nəqliyyat xəritəsi
COP29 veb-saytında yerləşdirilmiş rəqəmsal nəqliyyat xəritəsi istifadəçilərə əsas nəqliyyat qovşaqlarının mövqelərini göstərmək üçün nəzərdə tutulub. Bu nəqliyyat qovşaqları COP29 müddətində nümayəndə heyətlərinin gediş-gəlişini optimallaşdırmaq və asanlaşdırmaq məqsədilə hazırlanmışdır və nəqliyyat qovşaqları, tədbir məkanı, o cümlədən qonaqlama məntəqələri arasında nəqliyyat hərəkətlərini effektiv şəkildə özündə birləşdirir. COP29 dövründə 500 avtomobil istifadə ediləcək, onlardan 210-u Liderlər Sammiti üçün cəlb olunacaq. Eyni zamanda, 140 elektrik avtobusundan istifadə ediləcək.
Proqram
COP29 rəsmi veb-saytında yerləşdirilən və konfransın gündəliyinə uyğun yenilənməkdə olan proqram qlobal iqlim gündəliyini əhatə edəcək müxtəlif tədbirlər, müzakirələr və sərgilər haqqında məlumatları ehtiva edir. Konfransda əyani surətdə iştirak edən şəxslər bu proqramları həm Mavi, həm də Yaşıl zonaların məlumat masalarından əldə edə biləcəklər. Proqram rəsmi danışıqların aparılacağı və qərarların qəbul ediləcəyi Mavi Zona və iqlim dəyişmələri ilə bağlı müxtəlif sərgi, seminar və mədəniyyət tədbirlərinin keçiriləcəyi, ictimaiyyətə açıq olan Yaşıl Zonanı əhatə edir. Proqramda iqlim maliyyəsi, adaptasiya, mitiqasiya və texnologiyalar və bir sıra digər müxtəlif mövzulara yer verilib.
“Yaşıl dünya naminə həmrəy olaq!”
İqlim dəyişmələrinə qarşı mübarizə kimi mühüm qlobal məsələdə nümunəvi liderlik nümayiş etdirən ölkəmiz “Yaşıl dünya naminə həmrəy olaq!” şüarı ilə bütün dövlətləri yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirməyə çağırır. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmiz COP29 zamanı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq, konsensusa nail olmaq və COP29-un uğur hekayəsinə çevrilməsi üçün səylərini əsirgəməyəcək.
Xatırladaq ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonaları elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.
Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri