Dövlətlər "ağıllı" şəhərlərə daha çox sərmayə yatırır

14-02-2015 / 13:17

Azərbaycan öz vətəndaşlarının həyatının rahatlaşdırılması məqsədilə innovasiyalı texnologiyalara və onların tətbiqinə böyük diqqət ayırır. Bu fikri şəbəkə avadanlığının işlənib hazırlanması sahəsində ixtisaslaşmış Amerikanın transmilli şirkəti Cisco-nun Rusiya və MDB ölkələri üzrə vitse-prezidenti Conatan Sparrou səsləndirdi. Cisco-nun Azərbaycan ofisinin rəhbəri Vladimir Orlov da müsahibədə iştirak edib.

- Ölkənin sürətli inkişafını nəzərə alaraq Azərbaycan Cisco üçün nə dərəcədə maraq kəsb edir?

- Azərbaycan uzun müddətdir ki, bizim maraq dairəmizə daxildir. Bakı ofisimiz uzun müddətdir fəaliyyət göstərir və hazırda biz onu daha da inkişaf etdiririk. Bundan əlavə, Azərbaycandakı fəaliyyətimizdə geniş mobil heyətimiz iştirak edir. Bir söznən, Azərbaycan bazarını çox perspektivli hesab edirik.

Məsələn, daha dəqiq olsaq, ASAN Xidmət ilə işlədiyimizi deyə bilərəm. Biz həmçinin 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının keçirilməsi layihəsini də dəstəkləyirik. Bakıda dövlət sektorunda həyata keçirilən "ağıllı" şəhər layihəsini də çox maraqlı hesab edirik. Tədricən dövlətlər "ağıllı" şəhərlərə daha çox sərmayə yatırır, çunki onlar görür ki, artıq bir çoxları sözügedən layihələri reallaşdırıb müsbət maliyyə nəticələrini əldə etmişlər.

- ASAN Xidmət və Bakı-2015 layihələrindəki iştirakınız haqqında daha ətraflı danışa bilərsiz?

Cisco-nun Azərbaycan ofisinin rəhbəri Vladimir Orlov: ASAN konsepsiyası vətəndaşlara onların həyatlarını asanlaşdıran və dövlət qurumlarında uzun növbələrdən xilas edən sürətli, rahat və keyfiyyətli xidmətdən ibarətdir. ASAN ilə məhz bu istiqamətdə çalışırıq. Yeri gəlmişkən, bir sıra konsepsiyaları, məsələn növbələrin idarə olunmasını, ASAN-ın özü hazırlayıb. Bununla bərabər, bütün həllər Cisco-nun infrastrukturu əsasında reallaşdırılmışdır: unifikasiyalı kommunikasiyalar texnologiyaları tətbiq edilmiş və s. Hazırda isə biz gələcəkdə ASAN-da tətbiq olunacaq mobillik və tətbiqetmələr sahəsindəki bəzi fikirləri müzakirə edirik. Başqa sözlə, müştərilərin tələbatından asılı olaraq biz daimi olaraq birgə tədris prosesindəyik. Misal üçün, mobil cihazlar ümumdünya trendidir və biz onları vətəndaşlara xidmət göstərmək üçün istifadə etmək istəyirik.

- Yeri gəlmişkən, vətəndaşlar ASAN haqqında yalnız müsbət fikirlər söyləyir. Bu xidmət əhali üçün xoş bir sürpriz oldu.

Vladimir Orlov: Hərtərəfli internet və "ağıllı" şəhərlər konsepsiyası sahəsində çox maraqlı trendi müşahidə etməkdəyik: artıq ölkə və ya şirkətlər deyil, məhz şəhərlər rəqabət aparmağa başlayıb. Ən vacib ehtiyacların təmin edilməsi üçün ən yaxşı və ən cəlbedici strategiyanı hansı şəhər təklif etsə, məhz elə o şəhərdə də insanlar yaşayacaq. Barselona, Nitsa, Çikaqo, Hamburq və Maltada reallaşdırıdığımız layihələr haqqında çarxlar çəkmişik. Həmin çarxlar qeyd edilən şəhərlərin üstünlüklərini nümayiş etdirir Məsələn, Barselonada yaşamaq, Nitsada isə istirahət etmək istəyirsən, Çikaqo - çox təhlükəsiz şəhərdir, Hamburq isə ən iri dəniz limanıdır... Texnologiyalar şəhərlərin inkişafında əsas aparıcı qüvvəyə çevrilir. Niyə hamı ASAN-ın fəaliyyətini bəyənir? Çunki ASAN vətəndaşların qayğısına qalır. ASAN konsepsiyasının əsasında əhaliyə keyfiyyətli xidmət göstərmək niyyəti dayanır. Konsepsiyanın əsas fikri bu cürdür: vətəndaşlar şəhər üçün deyil, məhz şəhər vətəndaşlar üçündür.

Conatan Sparrou: İlk dəfə ASAN mərkəzinə gəldikdə, açığı, harda olduğumu belə anlamadım. İnana bilmirdim ki, zala toplaşmış insanlar yeni pasport, sürücü vəsiqəsi və s. bu kimi sənədləri almağa gəlmişdilər. Mənim üçün bu proseslər daim əsəb dolu keçib, və mən o hissləri yaşayan yeganə insan deyiləm. ASAN-da isə tam başqa bir mühitə rast gəldim: müştərilər və onlara xidmət göstərən əməkdaşlar gülümsəyir, hər kəsin əla əhval-ruhiyyəsi var... Sürrealistik görsənirdi... Əhsən! Daha da yaxşı olacaq! ASAN-da fəaliyyət göstərən və daim inkişaf edən innovasiyalar mərkəzi də bizə müsbət təsir bağışladı. "Ağıllı" və təhlükəsiz şəhər konsepsiyası yeni biznes-modellərin, texnologiyaların, tətbiqetmələrin yaradılması üçün bir platform təqdim edir ki, bu sahənin də potensialı qlobal mobil tətbiqetmələr bazarının potensialından heç də kiçik deyil. Həm də, bu gün Bakıda yaradılan məhsullar bir müddət sonra Hindistan, ABŞ, Avropa ölkələrinin bazarlarına çıxa bilər. Bu cür texnologiyaların xaricə ixracı çox asan reallaşır, və sürətlə genişlənir.

- Bakı-2015 layihəsi üzrə isə hansı işlər görülür?

Vladimir Orlov: Telekommunikasiya avadanlıqlarının bir nömrəli təchizatçısı kimi biz Avropa Oyunlarının hazırlıq prosesində da iştirak edirik. Bütün infrastruktur bizim texnologiyalarımız əsasında qurulmuş, və biz Olimpiya stadiounu konsepsiyasının və müştərilərə xidmət konsepsiyasının bir hissəsiyik. Avropa Oyunlarına sıx inteqrasiya olunmuşuq, çunki bütün işləri həyata keçirən tərəfdaşımız Evrodizayn şirkəti bizi gələcək yarışmanın ekosisteminə inteqrasiya edə bildi, və biz onun qarşısında duran tapşırıqların həll edilməsi konsepsiyasının reallaşdırılmasında iştirak edirik.

- Qeyd etdiniz ki, Barselonada yaşamaq, Nitsada istirahət etmək... Sizcə, "ağıllı" şəhər konsepsiyası çərçivəsində Bakı necə bir şəhər ola bilər?

Conatan Sparrou: Bakı innovasiyalar, o cümlədən hərtərəfli internet sahəsində regional mərkəzə çevrilə bilər. Yaxınlarda Barselona innovasiyalar paytaxtı kimi Avropa İttifaqının müvafiq mükafatını almışdır. Ümid edirik ki, Bakı da öz regionunda həmin mükafata layiq görüləcək. Nəzərə alsaq ki, şəhərin əsas məqsədi vətəndaşlara yaşamaq üçün keyfiyyətli şərait təmin etməkdir, bu zaman sadəcə texnoloji infrastruktur qurub biznes-modellər yaratmaqdansa, qarşımıza düzgün, uzaqgörən məqsədlər qoysaq məqsədlərimizə çata bilərik.

- Məlumdur ki, Cisco şirkəti və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi işçi qrup yaratmaq qərarına gəliblər. Həmin qrupun işi nədən ibarət olacaq və onlar nə dərəcədə intensiv işləyəcək?

- Conatan Sparrou: İşçi qrup Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şəhərin inkişafı üzrə ümumi strategiyanın həyata keçirilməsindəki rolunu müzakirə edəcək. Deyərdim ki, müvafiq İT-infrastruktursuz şəhərin inkişafı da istənilən biznesin inkişafı kimi qeyri-mümkündür. İşçi Qrup çərçivəsində biz nazirliyə düşünmək üçün müvafiq məlumatlar təqdim edib şəhərin texnoloji infrastrukturunun inkişafını planlaşdırmağa yardım edəcəyik.

- Vladimir Orlov.: Onu da əlavə etmək istərdim ki, Bakı qlobal trendlərin bir hissəsinə çevrilməkdədir. Bakının Hərtərəfli İnternet baxımından bizim üçün nə dərəcədə maraqlı olduğunu soruşdunuz. Bakı birmənalı olaraq bu trendin bir hissəsidir, və əsas sual ondan ibarətdir ki, Bakının özü nə istəyir və biz ona istədiyinə çatmaq üçün nə verə bilərik. Əgər bir ölkə nəyə nail olmaq istədiyini yaxşı bilirsə və özünün inkişaf strategiyasına malikdirsə, bu zaman tərəfdaşlar da ona yardım edir. Bununla bərabər, məsələn, küçələrin işıqlandırılması üçün müasir həllərin tətbiqi sonda həllərin qiymətindən daha çox qənaəti təmin edir.  

Sonda bir xarici dövlət qurumu ilə apardığımız müzakirələr haqda danışacam. Onlar israr edirdi ki, şəhərin tıxac problemlərini cərimələr hesabına həll edə bilərlər. Bizim fikrimizcə isə cərimələr həmin problemin həlli ola bilməz. Axı insanlar yolda hərəkət qaydalarını nəyə görə pozur? Çunki onlar tıxacda qalır, tələsir, əsəbləşirlər. Yəni infrastrukturun özü onları o vəziyyətə gətirir. Əgər həmin infrastruktur "ağıllı" şəhər konsepsiyası vasitəsilə modernləşdirilsə, məsələ köklü şəkildə öz həllini tapacaq, və nəticədə cərimələrə ümumiyyətlə ehtiyac qalmayacaq. Başqa sözlə, ya cərimələri yüksəldib infrastruktura toxunmuruq, ya da mükəmməl infrastruktur yaradıb cərimələri sıfıra endiririk. Bu cür konsepsiyalar məhz şəhərdəki hərəkəti daha rahat etmək üçün nəzərdə tutulmuşdur. Elə bu da Hərtərəfli İnternetin imkanlarından biridir. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə